Ərənlər olub ki, olan-qalanını veriblər, hər şeylərini veriblər, sabah nə olacaq, haradan tapacaqlar düşüncəsindən qorxmadan veriblər. Fədakarlığın bu qədər üstün dərəcəsinə dinimzdə “isar” deyilir. Özü də bu deyilənlər, sadəcə, nəzəriyyə deyil, onlarla, yüzlərlə dəfə yaşanmış, görülmüş həqiqətlərdir. Övladının ruzisini veriblər, göz dikdiyi son tikəni veriblər, sabah olar, ya olmaz, önəmli deyil, mühüm olan budur ki, bu gün qardaşımın bu dərdinə çarə tapılsın deyə əlindəkı hər şeyi veriblər. Allah rizasına uyğun olaraq, Allahın quluna bir şey vermək əslində Allaha borc verməkdir. Qibtə ediləcək adamları sayanda sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, Allahın verdiyi malı Allah yolunda doğru-düzgün sərf edənlərə qibtə etmək olar. Yeri gəlmişkən, onu da xatırladaq ki, qibtə ilə həsədin arasında çox mühüm fərq var. Belə ki, qibtənin qısa mənası “Allahım, ona verdiyini daha da bərəkətləndir, ona verdiyin kimi mənə də ver və məni də onun kimi xeyirli bəndə halına gətir, yəni Sənin verdiyini Sənin rizanı qazanmaq üçün sərf edənlərdən et!” kimi anlaşıla bilər. El arasında misal var: Qonşunu iki inəkli istə ki, özün də bir inəkli olasan. Bu söz də təxminən həmin anlama gəlir. Həsəd isə bunun tam əksidir: “Allahım, mənə verməyəcəksənsə, heç ona da vermə. O da mənim kimi ehtiyac içində qalsın” deməkdir.Qibtə – varda bərabərlikdir; həsəd -yoxda bərabərlik. Qibtə – xoş duyğudur, həsədsə insana yaraşmayan alçaq bir düşüncə.
Sevimli Peyğəmbərimiz (s.ə.s) yenicə doğulmuş ilk qız övladını diri-diri torpağa basdıran bir qövmün içindən gümanı gələn son tikəsini başqasına verə bilən qızıl bir nəsil yetişdirmişdir. Həm də elə bir nəsil ki, fərdlərinin fədakarlığı Allahın Kitabında öz əksini tapır.
Əldən tutmaq, mal-dövləti paylaşmaq gözəldir. Amma ehtiyac halında ikən, yəni özün sıxıntı çəkdiyin zaman son imkanını, tikəni vermək daha üstündür, daha gözəldir. Dini terminologiyada bu cür fədakarlığın adı “isar”dır. İsar – yeganə ümidini verə bilməkdir.
İstandulun Süleymaniyyə məscidinin inşası haqqında maraqlı bir söhbət var. Deyirlər ki, Sultan Süleyman memarları, ustaları, fəhlələri toplayıb deyir ki, orada möhtəşəm bir məscid tikilməlidir. Bu məscid üçün heç bir şey əsirgənməyəcək. Kimsə kənardan bir şey almasın, təminat artıqlaması ilə olacaq. Bəli, iş başlayır və günlər, aylar keçdikcə möhtəşəm bir inşaat yüksəlməyə başlayır. O ətrafda yaşayan bir qarı hər gün onlara dua edərmiş və yardım göstərmək istəsə də, əlindən bir şey gəlmədiyi üçün xeyir-duasını əskik etməzmiş. Bu qarı tənha yaşayırmış və o qədər kasıb imiş ki, qonşular bir şey verməsə, o günü ac keçirərmiş. Bir gün nə fikirləşirsə, qonşunun verdiyi bir bardaq ayranı götürüb inşaat yerinə gəlir və deyir:
– Övladlarım, siz xeyirli bir işlə məşğulsunuz. Əlimdən bir iş gəlmir ki, sizə yardımçı olum. Bu bir bardaq ayranı gətirdim ki, içəsiniz, mənim də könlüm onunla təsəlli tapa. İşçilər o ayranı paylaşıb içirlər. Vaxt tamam olanda məscid hazır olur və sultan gecə qəribə bir yuxu görür. Görür ki, böyük bir tərəzi var, bir gözündə möhtəşəm bir məscid, bir gözündə də bir bardaq ayran, ayran olan tərəf məscid olan tərəfdən ağır gəlir. Sultan diksinib yuxudan ayılır və gecə ikən bütün işçiləri saraya toplayıb yuxusunu danışır və bir açıqlama istəyir. İşçilər bir qədər tərəddüd etdikdən sonra ayran əhvalatını söyləyirlər. Sultan təbəssümlə başını bulayıb: “O qarı bir bardaq ayranla mənim bu qədər sərvət xərcləyib qazandığım savabdan daha çox savab qazanıb”.
Sultan istəsəydi, eyni zamanda o məsciddən bir neçəsini tikdirə bilərdi, o qarının isə bir bardaq ayrandan başqa gümanı gələn bir şeyi yox idi. Yəni məsələ sədəqənin azlığında, çoxluğunda deyil, verənin səmimiyyətindədir.
İsar-Quranın mədh etdiyi yüksək keyfiyyətlərdən biridir və müşriklərin Məkkədən çıxardıqları mühacirləri qarşılayan, onlara evlərinin qapılarını açan, süfrələrinin başında yer verən ənsarın bir vəsfi olduğu bildirilir. Bu haqda Qurani-Kərimin “Həşr” surəsinin 9-cu ayətində bəhs edilir. Ayənin iki səhabə arasında baş vermiş bir hadisə ilə əlaqəli nazil olduğu söylənilir: Bir səhabə oruc tutmuş din qardaşını iftara evinə aparır və xanımına deyir ki, uşaqları yatırsın, lampanı söndürsün və yeməyi gətirib süfrəyə qoysun. Xanım ərinin dediyini eynən yerinə yetirir və çəkilir. Əllər süfrəyə uzanır, iftar açan səhabə rahatlıqla yeyib doyur, ev sahibi isə qaşığı qabın qırağına vurub ağzına boş aparır və elə təsəvvür yaradır ki, guya yeyir.
Təbuk müharibəsində ölmək üzrə olan bir səhabəyə su gətirirlər. Suyu ağzına aparmaq istəyəndə başqa bir yaralının “su” fəryadını eşidir. Əlinin ardı ilə suyu geri itələyir və işarə edir ki, ona aparsınlar. Suyu o biri yaralıya aparırlar, bu dəfə də bir başqa yaralının su istədiyi eşidilir. Suyu üçüncü yaralıya aparırlar və görürlər ki, canını tapşırıb. Geri döndükdə digər səhabələrin də şəhid olduqlarını görürlər. Beləcə, son nəfəsində də olsa səhabənin din qardaşını özündən üstün tutması fədakarlığın yüksək məqamıdır və əsl isar nümunəsidir.
Olan yerdən verməyə, əldən tutmağa nə var ki!.. Son nəfəsini, son tikəni, son imkanını ver görüm, verə bilirsənmi? Bəlkə elə buna görədir ki, “biz onları görsək, dəli hesab edərdik, onlar bizi görsələr, müsəlman olduğumuza inanmazdılar”, – deyirlər. |