Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirildi. Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov, YAP Zərdab rayon təşkilatının idarə heyətinin üzvü, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak edirdi. Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər. Daha sonra konfrans Zərdab rayonu, Heydər Əliyev Mərkəzində davam etdirilib. Konfransda Dövlət Himni səsləndirilib. Yeni Azərbaycan Partiyasının qurucusu, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq bildirdi ki, bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü, o cümlədən Zərdab rayon təşkilatının ətrafında birləşmiş partiya üzvləri ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi və ideyalarının davamçılarıdır. “Bu müqəddəs yol Azərbaycanı xoşbəxt və işıqlı gələcəyə, firavanlığa aparan yoldur. Bu yolun düzgünlüyünü həyat özü təsdiq edib, partiyamızın Azərbaycanın ictimai-siyasi həyatında mövqeyi daha da möhkəmlənir.” P.Mahmudova vurğuladı ki, Azərbaycanın inkişafını, tərəqqisini və xalqımızın xoşbəxtliyini Heydər Əliyev siyasi kursunun davamında görən YAP Zərdab rayon təşkilatının gəncləri öz konfranslarını yüksək sevinc və əmək nailiyyətləri ilə, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməklə, səmərəli və möhtəşəm fəaliyyətini dəstəkləmək əzmi ilə qeyd edirlər. “Son günlər rayonda geniş vüsət almış quruculuq-abadlıq işlərində YAP fəalları, o cümlədən gənclər də xüsusi aktivlik göstərir və rayonun daha da gözəlləşməsi istiqamətində rayon rəhbərliyi ilə birgə olduqlarını nümayiş etdirirlər.”
Ötən konfransdan keçən müddət ərzində YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlər barədə rayon təşkilatı Gənclər Birliyinin sədri Ramin Əliyev məruzə ilə çıxış edərək məlumat verdi ki, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının Gənclər Birliyinin üzvlərinin sayı 1747 nəfərdir. Onlardan 538 nəfəri ali təhsilli, 275 nəfəri orta ixtisas təhsilli, 934 nəfəri isə orta təhsillidir. YAP Zərdab rayon təşkilatı Gənclər Birliyi üzvlərinin 701 nəfəri qadınlardır.
Təşkilatın gənc üzvləri arasında 3 nəfər ustalığa namizəd, 2 nəfər idman ustası, 2 nəfər Respublika çempionu, 1 nəfər Avropa çempionu var.
“Üzvlərimizin böyük əksəriyyətini gənclərin təşkil etməsi, müstəqillik qazanmış və çətin keçid dövrünü yaşayan ölkəmizdə əldə olunan nailiyyətlərin nəticəsi kimi və Yeni Azərbaycan Partiyasına cəmiyyətdə artan inamın təzahürü, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqına ən əsası isə gənclərə göstərilən diqqət və qayğının nəticəsi kimi, qiymətləndirmək olar.” R.Əliyev qeyd etdi ki, YAP Zərdab rayon təşkilatının gəncləri Partiya Sədri, dövlət başçısı İlham Əliyevin ölkəmiz üçün həyata keçirdiyi uğurlu siyasətə öz töhfəsini verirlər.
YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri sonda vurğuladı ki, YAP Sədri, Prezident İlham Əliyevi əmin edirik ki, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı və onun Gənclər Birliyi bundan sonra da öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və Prezidentimizin ən yaxın köməkçisi olacaq.
YAP Zərdab rayon təşkilatının fəal gənclərindən Maisə İsmayılova, Şəhriyar İsmiyev məruzə ətrafında çıxış etdilər.
Daha sonra təşkilatı məsələlərə baxıldı. YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin 17 nəfərdən ibarət Şura üzvü, 11 nəfərdən ibarət Gənclər Birliyinin İdarə heyətinin üzvü, rayon Gənclər Birliyinin sədri Ələkbər Kərimov, müavinləri Nihad Qənimətoğlu və Aynur Məmmədova seçildilər. YAP Gənclər Birliyinin respublika konfransına 2 nəfər nümayəndə seçildi.
Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov, YAP Zərdab rayon təşkilatının idarə heyətinin üzvü, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış etdilər.
Tədbirdə konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olundu.
Konfransın sonunda partiya sıralarına qəbul olunmuş bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.