Dilimizdə kifayət qədər günah sayılacaq sözlər, məsəllər var. Hətta bu sözlərin altında elə günahlar dayanır ki, adam anlayanda xəcalət çəkir. Xəcalət çəkməklə yanaşı, həm də qorxursan ki, küfr dolu bu ifadələr bu xalqın dilinə necə yol tapıb, kim uydurub bu zərərli sözləri? İnsanın dilini və ruhunu zədələyən bu zəhər-zəhrimarları? Fikir verin: birinin xəsisliyindən danışanda deyirlər ki, heç Allah da ondan verdiyi canı ala bilmir. Bu sözü demək bir yana qalsın, ağlından keçirən adam gərək tövbə eləsin. Çünki bu ifadədə Allah-Təalaya qarşı şərik qoşmaq var, Allah-Təalaya qarşı böyük hörmətsizlik, haqsızlıq var.
Bir dəfə “Ol!” deməklə istədiyini yoxdan var edən Allah üçün hansısa azğın bir insanın canını almaq nə şeydir ki? Ölüm mələyi Həzrəti Əzrayıl bir göz qırpımında minlərlə insanın canını alır.
Başqa bir ifadəyə fikir verin: “Yoxdan Allah da bezardır”. Anlamaq lazımdır ki, “yox” deyilən şey insan düşüncəsinə görədir. Allah-Təala üçün yox deyilən bir anlayış mövcud deyil. Yəni O, istədiyini istədiyi anda, həm də istədiyi qədər yarada bilir. Bu fikirdə də Allah-Təalaya qarşı böyük hörmətsizlik var, şükürsüzlük var.
Başqa bir misal: “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma”. Bu ifadədə o qədər böyük günah var ki, izah etməyə ehtiyac duymuruq.
Bu ifadələrə də fikir verin: “Səni tapşırıram o kişiyə”. Allah-Təalanın cinsi, fiziki ölçüləri haqqında düşünmək və danışmaq günahdır. İnsan Allah-Təalanı bu dünyada təsəvvür etmək qabiliyyətinə belə malik deyil.
Bəzən də valideynlər uşağı sevmək üçün “Allah babası” kimi ifadələrdən istifadə edirlər. Bir qədər öncə saydığımız küfr eyni dərəcədə bu ifadədə də var.
Biz son vaxtlar dilimizdə işlənən bu cür çox xətalı və təhlükəli ifadələrdən, sadəcə, bir neçəsini xatırladıq. Bizi qorxudan odur ki, son vaxtlar dilimizdə bu cür ifadələr geninə-boluna işlədilir, hətta yeniləri də ortaya çıxır. Əgər bir xalqın dili bu qədər sürüşkən, ruhu bu qədər bulanıq hala gəlibsə, başı bəladadır demək. Tövbə zamanıdır, bu mübarək ayda o xətalardan uzaq durmaq, onları təkcə dilimizdən deyil, yaddaşımızdan belə silib atmaq lazımdır. Allah-Təalanı sevmək, onun qəzəbindən qorxmaq müsəlmanın ruh halətini tənzimləyən əsas meyardır. Əgər bir xalq bu meyarını itirərsə, demək, özünü bəlaya layiq hala gətirmişdir.
Dilimizdə atalar sözləri, zərb-məsəllər kimi işlənən, amma çox ağır günah yükü daşıyan sözlər var. Ona görə də sözü dilimizdən çıxarmadan əvvəl onu yaxşıca götür-qoy etməli, nəyin nə olduğunu araşdırandan sonra söyləyib-söyləməməyə qərar verməliyik. Yəni elə olmasın ki, qulağımızdan girən söz ağıl süzgəcimizdən keçmədən dilimizdə partlasın. Qulaqla ağız arasında beyin adlanan bir ağıl mərkəzi var. Ağıl varsa, demək, məsuliyyət var, məsuliyyət varsa, günah var.
Tövbə zamanıdır, tövbə edək, günahlarımızın bağışlanmasını Allah-Təaladan diləyək. Və bir də ağzımızdan çıxaracağımız sözü irəlicədən yaxşıca götür-qoy edək. Elə olmasın ki, nə vaxtsa “kaş ki lal olaydım, bu günahları işləməyəydim” iztirabı ilə alışıb-yanaq. |