Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının cədvəl üzrə keçirilməsi vaxtlarını müəyyənləşdirib. www.zerdab.com saytının xəbər verdiyi kimi, Zərdab rayonunda buraxılış imtahanları iyunun 18-də saat 10:00-da 11-ci, 15:00-da 9-cu siniflər üçün keçiriləcək.
Şagirdlər imtahana gələrkən aşağıdakı sənədləri təqdim etməlidirlər. 9-cu siniflər: imtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir), şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə), təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
11-ci siniflər: imtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir), şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportlarını və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.
Müvafiq qaydalara əsasən, buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baxılır. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.
Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşağıdakı qaydada çıxarılır: buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası, ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi aparılmır.
Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə (2,3,4,5) ifadə olunur və qiymətlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə (attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.
Beləliklə, ilk dəfə olaraq Azərbaycanda elektron attestat və elektron şəhadətnamələr bazası yaradılacaq ki, bu da ölkəmizdə sənədlərin elektron dövriyyəsi sisteminə böyük töhfə olacaq.
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında hansısa fəndən qeyri-kafi qiymət alan məzunlarla bağlı məsələlər qaydaların buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması bölümündə təqdim olunub.
Nərmin İlqarqızı / www.zerdab.com