Duyğumu, hissimi oynatma, qardaş,
Tapdım Ədaləti saz olan yerdə.
Toxunma qəlbimə sən də ay gözəl,
Bük məni güllərə, yaz olan yerdə.
***
Müşk-ənbər qoxulu, ədəb-ərkanım,
Tanrı qismətimsən, oda yananım.
Ümidim, pənahım, şövkəti-şanım,
Əhvalım durulur, naz olan yerdə.
***
Keçən günlərimi salma yadıma,
İstəmirəm kimsə yansın oduma.
Köçüb gedən Durnam, çatsın dadıma,
Oturtma məni sən, köz olan yerdə.
***
Yaxşı söz-söhbətin zəliliyəm mən,
Çıx yolum üstünə, əldə yasəmən.
Nə deyim-danışım, özün bilərsən,
Pozulur əhvalım, söz olan yerdə.
***
Yaxşıdur olasan ağzı dualı,
Allah verib sənə ağıl-kamalı.
Neynirsən ay Lələ, cahi-cəlalı,
Boğmala nəfsini, az olan yerdə.
LƏLƏ MƏHƏMMƏD, Otmanoba kəndi