Zərdab rayonunda Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Yığıncaqda rayonun qadın ictimaiyyətinin 200 nəfərə qədər nümayəndəsi iştirak etmişdir. Qadın ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzmüşlər.
Toplantıda çıxış edən Rayon İcra hakimiyyətinin başçısı cənab Lütvəli Babayev 8 mart qadınlar bayramı münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmişdir. Natiq son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışmış, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirmişdir.
Bildirmişdir ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan zərdablı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, təhsil, səhiyyə, mədəniyyət sahibkarlıq, aqrar və digər sahələrdə əzmlə çalışırlar. Son illər idarə və müəssisələrdə, fermer təsərrüfatlarında, sahibkarlıq sahəsində çalışan qadınlarımızın sayı artmaqda davam edir. Sevindirici haldır ki, “Əməkdar müəllim” adına layiq görülən, “Tərəqqi medalı”, “İlin ən yaxşı müəllimi”, “Təhsil əlaçısı” döş nişanı ilə təltif olunan, idman və incəsənət sahəsində fərqlənən qadınlarımızın sırası ilbəil genişlənir.
Rayon rəhbəri qeyd edib ki, bir gün əvvəl ölkəmizdə 5 mart Bədən tərbiyəsi və idman günü kimi qeyd olunub. Bu mühüm gün Zərdabda xüsusilə əlamətdardır. Ona görə ki, idmanın müxtəlif növləri ilə məşğul olan və beynəlxalq yarışlarda fəxri yerlər tutan, Azərbaycan və Dünya çempionu olan gənc qızların sayı ildən-ilə artır.
Mart ayının 10-da Qızıl Aypara Cəmiyyətinin yaranmasının 95-ci ildönümünün qeyd olunacağını xatırlayan icra başçısı bu cəmiyyətin rayon təşkilatının və onun “Tərəqqi” medallı sədri Füruzə Qocayevanın əməyini xüsusi qeyd edib. Bildirib ki, onlar imkansız və aztəminatlı ailələrə daima dəstək olurlar.
İcra başçısı çıxışının sonunda tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə də təbrik etdi.
Bayram toplantısında qadınların nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıdan minnətdarlıqla söz açıblar. Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli zəngin fəaliyyətindən, xalqımızı dünyada ləyaqətlə təmsil etməsindən danışıblar.
Sonda bir qrup fəal qadına Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub. Bir qrup gənc qıza Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri verilib.
Zərdab Rayon İcra Hakimiyyəti
8 mart qadinlar gununu tebrikik edirem????????????
Comments are closed.