Hansı sayta, hansı qəzetə, TV-yə baxırsan, filankəs filankəsi öldürdü, bıçaqladı, başını kəsdi, gözlərini çıxardı, sifətini doğradı… tam manyak xəbərlər. Oxucunun əsəbini, normal əhvali-ruhiyyəsini pozan yazılar. Nə qədər olar axı? Hara baxırsan, qan, qətl, qarət, xəyanət, cinayət… Arvadın ərə xəyanət eləməsindən, ərin arvadı öldürməsindən nə qədər yazmaq olar?!
Mən azad xəbərçiliyin tərəfindəyəm, ancaq bu cür xəbərçiliyin zərərinin faydasından qat-qat çox olduğuna da əminəm.
Ölkədə total bir cəhalət var sanki. İnsanlığın nə olduğunu anlamayanlar namus təəssübkeşi olublar. Bu avam oğlu avam hələ anlamır ki, boşadın, qurtardı getdi, daha onun işinə qarışmaq haqqın yoxdur, o daha sənin namusun sayılmır. Əgər boşayandan sonra da təəssübünü çəkəcəkdinsə, onda niyə boşayırdın? Dünənki xəbərlərdə belə bir yazı vardı ki, qadın keçmiş ərinin onu zorladığı barədə polisə müraciət edib. Əcəb eləyib, mütləq cəzasını almalıdır.
Guya Avropaya üz tutmuşuq, demokratik dəyərlərlə yaşamağı öyrənirik, amma ən adi insan haqlarına belə riayət eləmək istəmirik. Görünür, bu işdə hələ bizə uzun zaman lazım gələcək. Əstəğfürullah, mən heç də Qərbin ailə anlayışını qəbul etməyin tərəfində deyiləm və vurğulamaq istəyirəm ki, bu mövzuda son dərəcə mühafizəkar birisiyəm. Amma başqasının haqqına təcavüz etməyi, kimisə özünün ömürlük əmlakı kimi tanımağı da ən azı geri zəkalılıq kimi qəbul edirəm. Son aylarda neçə evli qadının öz övladlarını belə tərk edib, telefonda tanış olduğu birisinə qoşulub qaçdığını oxumuşıq, eşitmişik. Bütün bunlar həzm olunacaq, udulacaq hallar deyil. Əgər ərindən bəzibsə, qadın adam balası kimi məhkəməyə müraciət edib ayrıla, sonra da istədiyinə qoşulub, istədiyi qələti eləyə bilər. Beləsini onsuz da övladla bağlı sıxıntısı da olmaz. Onsuz da onları qoyub qaçmırmı? Başqasına qoşulub qaçan arvada kim öz övladını təslim edər ki?! Gedəni saxlamaq olmaz, burax getsin. Cana qıymaq da çarə deyil. Öldürsən, nə qazanacaqsan ki? Həyatın məhbəslərdə çürüməyəcəkmi? Beləsinin qətlə yetirmək əlini it qanına bulamaq kimidir. Dəyərmi? Övladlarını düşünmürsənmi? Bir də ki o, son qərarını verib getmək istəyirsə, gedəcək, bunun üçün Allah-Təala sənə onu öldürmək haqqı verməyib.
Xəyanət etmək, öldürmək, adamı yıxıb qoyun kimi başını kəsmək sanki adiləşib və elə bil ki, kimlərsə bu cür halları adi məişət halına çevirmək üçün çalışırlar.
Yaxud da işdən yorğun gedib dincəlmək istəyirsən, bir də görürsən ki, ekranda yaxın planda bir meyitin üzünü göstərib deyirlər ki, bu adamın kimliyi haqda məlumatı olanlardan filan nömrələrə zəng vurub, məlumat vermələrini xahiş edirik. Başa düşürük, ola bilsin ki, bir məsələni həll etmək istəyirlər, amma heç düşünürlərmi ki, ekrana baxan 13 yaşlı bir uşaq gördüyü mənzərədən nə hallara düşür?
Qanlı bıçaq, tapança, qandal, dəmir barmaqlıqlar efirimizin ən çox nümayiş etdirilən obrazlarına çevrilib.
Mən bu qənaətdəyəm ki, bu mövzuda istər efirimizə, istər xəbər portallarına, istərsə də qəzetlərə nəzarət tətbiq olunmalıdır. Həm də bu, azad mətbuatı boğmaq deyil, vətəndaşın haqqını qorumaqdır, sağlamlığını düşünməkdir. Mən nəzarət deyirəm, senzura demirəm. Senzura istəsəydim, qadınları yoldan çıxmağa təşviq edən, kişiləri cinayətə çəkən serialların efirimizdən birdəfəlik yığışdırılmasını tələb edərdim.
Bir həqiqət var ki, biz bu yenilənən dünyaya uyğunlaşmaqda çətinlik çəkirik. Son nailiyyətlər, xüsusilə də bu “ağıllı” telefonlar illər uzunu içəridə gizli tutulmuş qara niyyətlərin işə keçməsi üçün hər cür imkanlar verir. Əlbəttə, istər qadın olsun, istər kişi, içində belə niyyəti varsa, onu gerçəkləşdirmək üçün “feys”dən girib, “vatsap”dan çıxacaq. Doğrusu, bu elə bir mövzudur ki, dəqiq diaqnoz qoymaq və resept vermək müşkül məsələdir, amma elə eləsinlər ki, bu körpələrin psixikasını pozmasınlar, kriminal həyatı onların gündəlik məişətinə soxmasınlar, təmiz, saf düşüncələrini zəhərləməsinlər. Vəssalam.
Əli Çərkəzoğlu |