Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də saat 11.00-da Ağdaş şəhərində vətəndaşları qəbul edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Zerdab.com-a verilən məlumata görə, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri də daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.