Ötən hər gün bizi faşizm üzərində qələbənin ildönümünə növbəti ildönümünə yaxınlaşdırır. Həmin müharibədə Azərbaycandan 700 minə yaxın kişi və qadın vuruşurdu. Onlardan təqribən 300 min nəfərinə Vətənə qayıtmaq qismət olmadı.
O amansız müharibədə iştirak edən 3384 zərdablıdan 1407 nəfəri geri qayıtmadı. Evə dönən 1977 veterandan indi çox az – barmaqla sayıla biləcək qədər veteran qalıb. Həmin veteranlardan biri də Qoruqbağı kənd sakini Qarayev Qnyaz Nuh oğlu idi. Bu günlərdə acı bir xəbər aldıq – rayonumuzun hörmətli ziyalılarından, ağsaqqallarından olan Qnyaz Qarayev 94 yaşında dünyasını dəyişib. “Əkinçi” qəzetində bir müddət əvvəl dərc olunmuş yazıya istinadən Qnyaz Qarayevin şərəfli ömür yolundan bəzi məqamları oxucularımıza təqdim edirik:
– 1921-ci il mayın 3-də Sarıqaya kəndində anadan olmuşam. 1936-37-ci dərs ilində Göyçay Pedaqoji Texnikumuna daxil olub oranı fərqlənmə ilə bitirdim. O vaxtkı qanuna əsasən məktəbi fərqlənmə ilə bitirənlər pedaqoji texnikumda yaradılmış rus dili müəllimi hazırlayan qrupa qəbul olunurdu. Mən də həmin fakültəyə daxil olaraq 1940-cı ildə V-VII siniflərdə rus dili fənnindən dərs demək hüququ olan müəllim diplomuna layiq görüldüm. Texnikumu fərqlənmə ilə qurtarmaq haqqındakı diplomumu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rus dili fakültəsinə verdim. Lakin ordudan qayıtdıqdan sonra mənim diplomum həmin institutda tapılmadı…
1940-cı dərs ilində Lələağacı kənd məktəbində, 1941-ci dərs ilində Məlikli natamam orta məktəbində, 1947-ci dərs ilində yenidən Məlikli natamam orta məktəbində və 1948-ci ildən 1986-cı ilə kimi Qoruqbağı 7 illik məktəbində rus dili müəllimi işləmişəm. Qabaqcıl maarif xadimi adına layiq görülmüşəm və döş nişanı ilə təltif olunmuşam.
1942-ci ilin yanvarında cəbhəyə göndərildim. Moskvada 4 aylıq kurs keçdikdən sonra 165 saylı polkun tərkibində Moskvanı müdafiə etdim. 1942-ci ilin avqust ayında 21-ci qvardiya diviziyasının tərkibində 64-cü qvardiya polkunda bölmə komandiri kimi Smolensk, Kalinin və Voronej vilayətlərinin azad edilməsində iştirak etmişəm.
1943-cü ilin yanvarından aprel ayına kimi Sverdlovskda tankçı məktəbində oxumuşam və məktəbi bitirərək orta tipli T-34 markalı tankda top komandiri ixtisasını qazanmışam.
1943-cü ilin mayında T-34 markalı tankda top komandiri kimi I Ukrayna cəbhəsinə döyüşə göndərilmişəm. 7-ci qvardiya tankçılar briqadasının tərkibində olan 43-cü qvardiya polkunda T-34 markalı tankda top komandiri kimi Sumısk, Poltava və Kiyev vilayətlərinin azad edilməsində iştirak etmişəm. Kiyev ətrafında yaralanmışam.
1944-cü ildə 23 iyundan 15 oktyabra kimi 3-cü Belorus cəbhəsində Belorusiyanın və Pribaltikanın azad edilməsində iştirak etmişəm.
SSRİ Silahlı Qüvvələri Ali Baş Komandanlığından 7 dəfə rəsmi təşəkkür almışam. Faşistlərin məğlubedilməz “Pələng” adlanan tankını vurmağıma görə 100 min manat pul mükafatına layiq görülmüşəm. Nümunəvi döyüşə görə Qırmızı Ulduz ordeni, Böyük Vətən müharibəsi ordenlərii, 1941-45-ci il Vətən müharibəsi medalı ilə təltif olunmuşam. Hərbi məktəb qurtarmışam. Rütbəm qvardiya leytenantı olub”.
Bir daha Qnyaz Qarayevə Allahdan rəhmət diləyir, məkanı cənnət olsun deyirik.
Zerdab.com
Allah rəhmət eləsin!Yaxşı kişi idi!
Comments are closed.