Dürüstlük hər yerdə, həmişə baş ucalığı, üz ağlığı olub

0
72
dürüstlük-2015Uşaqlıq illərində nəfəs borumuza çörək qırıntısı, su damlası düşüb öskürəndə böyüklərimiz bir neçə dəfə “halal, halal, halal!..” deyərək, kürəyimizin ortasına yüngülcə vurardılar, biz də rahat nəfəs alardıq. Beləcə, halallıq erkən yaşlarımızdan qulaqlarımıza sırğa olardı…
Universitet təhsilimizin beşinci – son ili idi. Dekanımız Raqib müəllim auditoriyaya daxil olub, bir neçə məsələni nəzərimizə çatdırıb, əlindəki siyahıda nişanlamış adları növbə ilə oxumağa başladı. Mənim adımı da çəkib, adımın sənədlərdə Rahib əvəzinə, Raqib yazıldığını bildirdi. Dekan adımın Raqib kimi qalmasını, özünə adaş olmağımı, yəni adımı dəyişdirməməyi təklif etdi. Mən özümdən asılı olmayaraq dedim:

–  Raqib müəllim, sizə böyük hörmətim var, ancaq adımı qoyan adamın icazəsi olmadan buna razılıq verə bilmərəm.

Auditoriyadan yarı rəğbət, bir o qədər də ağızbüzmə səsləri ucaldı. Raqib müəllim təzəcə çallaşmağa başlamış saçlarını üzündən qaldıraraq dedi: – Halal olsun! Doğru edirsən. Qaldı ikinci məsələ, oxuduğun beş il ərzində bircə “4”ün var, onu düzəltmək üçün təkrar imtahan verə bilərsən. Ona da razı olmadım. Bildirdim ki, attestatımda bir dörd var, qoy biri də diplomumda olsun. Hamımız güldük.

İnsanlığın tacı olan halallıq insanı sadəlik, sədaqət, vəfa, etibar kimi nemətlərlə də zinətləndirir, insanın həyatına fərəh, rahatlıq gətirir. Günümüzdə kiçik bir mövqeyə yetişən, əli bir az pul-para görən əksər insanların təkəbbürü göz çıxarır. Bu dünyanın qonağı olması heç yadına düşmür, üç yüz il (deyilənə görə) yaşayan qarğada olmayan bir əda ilə boylanır ətrafına. Belələri az qala dünyanı atalarının malı hesab edirlər. Ata malı demişkən, onda övladın haqqı olsa da, valideynin halallığı olmazsa, xeyir görməz.

Qonşuluğumuzda yaşayan çoxuşaqlı ailənin bizim tanımadığımız bir oğlu da varmış. Bizlər uşaq olanda o, əsgər getmiş, evlənib Rusiyada yaşayırmış. Böyüklərin dediklərinə görə, ata uşaqlarını müharibə illəri və sonrakı aclıq zamanında salamat böyütmüş, ən çox da anadan erkən yetim qalmış həmin kiçik oğlunu sevib, bəsləmişdi. Ata yaşlanınca övlad həsrəti yuxusuna zəhər qatır. Savadlı adamlardan onu tapıb gətirmək üçün kömək istəyir. Haqqında danışanda göz yaşı sellənən qocaya acıyanlar tapılır. Oğulu tapıb gətirirlər. Oğul ataya qayğı göstərməkdənsə, özündən kiçik qardaşları olmasına baxmayaraq, ağır illərdə onun yaşaması üçün gecəsini gündüzə qatan yaşlı atadan mal-mülk tələb edir. Kini alışıb yanır, dar düşüncəli ətrafı da qəzəbini söndürmək üçün ona su yerinə yağ verir. Nankor oğul nə atanın xəstəsinə gəlir, nə də dəfnində iştirak edir. Bu gün atasından zorla qoparıb aldığı kiçik bir otaqda qocalıb qalıb. Keçmişindən xəbərsiz olanlar halına acısalar da, nə adını çəkən var, nə da qapısını açan.

Halallıq, dürüstlük hər yerdə, həmişə baş ucalığı, üz ağlığı olmuşdur. Qədim zamanlarda Uzaq Şərq imperatorlarından biri yaşlandığı üçün öz xələfini təyin edərkən fərqli bir üsuldan istifadə edir. O, ölkənin ən yaxşı gənclərini toplayıb gələcək hakimi onların arasından secmək istədiyini bildirəndə hamı təəccüb edir. İmperator hər gəncə bir toxum verib, onu əkib-becərməyi, bir il sonra gətirmələrini tapşırır. Ən yaxşı bitkini becərən gənc gələcək imperator olacaqdı. Gənclərin arasında Ling adlı birisi də vardı. Toxumu evə gətirib əhvalatı anasına danışdı. Ana toxumu əkməkdə oğluna kömək etdi. Ling tez-tez toxumu sulasa da, həftələr keçir, dibçəkdə torpaqdan başqa, bir şey görünmür. Rastlaşdığı tay-tuşları isə becərdikləri bitkilərin gözəlliyindən bəhs edirdilər. Aylar keçsə də, Lingin əkdiyi toxumu cücərmir. Başqalarının bitkiləri haqqında danışdıqlarını eşitdikcə də məyus olurdu, toxumu məhv etdiyini düşünür, ancaq bu haqda onlara heç nə demirdi. İl başa çatanda hamı becərdiyi bitkini imperatorun hüzuruna gətirdi. Ling anasına bitkisiz dibçəklə imperatorun hüzuruna getməyəcəyini bildirəndə anası vədinə xilaf çıxmamağı, dibçəyi olduğu kimi aparmağı tövsiyə etdi. Ling saraya gələndə gənclərin becərdiyi bir-birindən gözəl güllərə heyran qaldı. Ətrafdakılar onun boş dibçəyini görüb güldülər. İmperator gəldi, bütün bitki və gülləri gözdən keçirib hamısını təriflədi. Ling utandığından arxada gizlənmişdi. İmperator dedi:

– Bu gün sizlərdən biriniz imperator seçiləcək.

İmperator birdən arxada gizlənmiş Lingi görüb, onu yanına çağırdı. Ling elə fikirləşdi ki, uğursuzluğuna görə imperator onu edam etdirəcək. İmperator qarşısındakı gəncin adını soruşanda hamı güldü. O, əlini qaldırıb susmağı əmr etdi. Sakitlik yaranan kimi dedi:

– Yeni imperatorunuza baxın!

Onun adı Lingdir!

Ling eşitdiklərinə inana bilmirdi. İmperatorun əmanət kimi verdiyi toxumu becərə bilməyən bir adam necə ölkə başçısı ola bilərdi? Elə bu an imperator sözə başladı:

– Düz bir il əvvəl mən hər kəsə becərmək üçün bir toxum vermişdim. Lingdən başqa, hər biriniz gözəl bitkilər, güllər becərmiziniz. Amma bilmirdiniz ki, verdiyim toxumları qaynatmışdım. Bircə Ling öz cəsarət və halallığına sadiq qalaraq boş dibçək gətirib. Digərləriniz verdiyim toxumu başqaları ilə əvəz edib, bu cür bitkilər becərmisiniz. Ona görə də Ling sizin imperatorunuz olacaq. Bilin ki, halallıq becərən etibar biçər!

Sovet dövründə ən məşhur şüarlardan biri – “Torpaqda izi olmayanın süfrədə üzü olmaz!” – olsa da, süfrədə ən çox yeyənlər torpaqda izi olmayanlar idi. Dünyanın ən böyük və güclü sistemi sayılan bir rejim elə çökdü ki, bu gün də belini dikəldə bilmir. Halallığın əməldə deyil, sözdə şüarlanmasının acı aqibətinə bariz nümunə.

Yaxşı tanıdığım həmkarlarımdan biri deyir ki, haqsız olaraq məni işdən çıxardılar. İlk günlərdə bir qədər sarsıntı keçirdim. Bu yaşda iş axtarmaq, yeni iş yerinə uyğunlaşmaq asan deyil. Tezliklə yaxşı bir iş də tapdım, Allahın köməyi ilə bir xeyli özəl dərs istəyənlər də axtarıb tapdılar məni. Bu da halal yaşayıb dolanmağın ayrı bir nümunəsi.

Halallıq hər gün, həyatın hər sahəsi üçün vacibdir. Uzun müddət qardaş Türkiyədən olan müəllimlər, tərbiyəçilərlə işləmişəm. Fəaliyyətlərini başa vurub gedənlər mütləq bizlərlə halallaşardılar. İyirmi il əvvəl birlikdə işlədiyimiz bir müəllim bu yaxınlarda sosial şəbəkə vasitəsilə halallaşıb mənimlə.

Atamın uzaq qohumlarından biri sərxoşluğuna salıb qoyunlarımızı oğurlamışdı. O dövrün milisi qısa müddətdə oğurlanmış heyvanları və oğrunu tapa bildi. Atam buraxılmasını təkidlə istəməsinə baxmayaraq, cinayətkara bir neçə il məcburi əmək hökmü oxundu. O gündən qohumlar bizləri düşmən tutdular. Bir müddətdən sonra oğurluq edənin əmisi dünyasını dəyişdi. Atam dəfndə iştirak etmək üçün yas evinə getdi. Çox keçmədən də qayıtdı. Anam tez qayıtmağının səbəbini soruşanda mərhumun qardaşı, cinayətkarın atası tərəfindən qovulduğunu dedi. İllər keçdi. Səhv edən cavan da öz səhvini başa düşdü, həmişə olduğu kimi yenə atama “əmi” deyə müraciət etdi. Bir gün xəbər gəldi ki, atamı qardaşının hüzn mərasimindən qovan adam ağır xəstədir, atamı görmək istəyir. Atam, əvvəlcə: – “Öləndə də getməyəcəyəm”, – dedi, sonra nə düşündüsə qalxıb anamla birlikdə getdilər. Anam deyirdi ki, bir gün əvvəl ağzına pambıqla su verdikləri xəstə qalxıb atamın boyununa sarılıb, bir müddət uşaqlar kimi ağlayıblar. Həmin adam sağalıb qalxır, neçə illər sonra dünyasını dəyişir, son nəfəsini atamın qucağında verir. Deməli, halallıq həm bu dünya, həm də o dünya üçün vacibdir. Yaşamaq üçün yeyib-içdiyimiz bütün nemətlərin, aldığımız nəfəsin halallığı üçün Uca Yaradana gündə min yol şükür etsək də azdır. Bu gözəl mərtəbəyə yüksəlməyin yolunu Həzrəti Mövlana görün nə qədər aydın göstərmişdir: – “Müşkü bədənə sürmə, könülə sür. Müşk nədir? – Ululuk sahibi Allahın adı”.

Uca Kitabımız Qurani-Kərimin “Maidə” surəsinin ikinci ayəsinin sonunda deyilir: – “… Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Maidə – 5/2)

Allah bizlərə doğru yolu tutmağı, qonağı olduğumuz bu fani dünyada əsl insan kimi görünməyi və yaşamağı nəsib eləsin! Amin!

Rahib Alpanlı