Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı “20 Yanvar-hüzn günüdür” adlı tədbir keçirilib. Mərkəzin direktoru Könül Həsənova tədbiri giriş sözü ilə açıb, iştirakçılara 20 yanvar hadisələri ilə bağlı məlumatlar verib. Sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərkəzin metodisti Ləman Səfərəliyeva çıxış edərək bildirib ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Şəhər 3 saylı tam orta məktəbin şagirdləri tədbirdə çıxış edərək faciə qurbanlarının daim yaddaşlarda yaşayacağını, bu faciənin heç vaxt unudulmayacağını və qisasın yerdə qalmayacağını vurğulayıblar.
Sonda iştirakçılara həmin gecədə baş verən hadisələrlə bağlı video çarx təqdim olunub.