Heç bilmirəm hardan yadıma düşdü o. Dünən bir heyva ağacı gördüm yol kənarında. Yerə tökülmüş saralmış yarpaqları külək pərən-pərən salmışdı. Heyva ağacını görən kimi yaddaşımda Nurməmməd əmiylə bağlı xatirələr diksinb oyandı sanki…Onların həyəti heyva ağacıyla dolu idi.
Ona “Nurməmməd əmi” deyirdik. Atamın qardaşı deyildi, atamla əmoğlu idilər. Amma əsl əmidən də yaxın idi. Bu yaşacan mən hələ onun kimi kövrək insan görməmişəm. Ən xırda şeyə kövrələr, gözləri yaşla dolardı. Nə qədər çalışam da onu hirsli halda təsəvvür edə bilmirəm.. Sanki heç hirslənmirdi o…
O vaxtlar kənd yerlərində ipəkqurdu yetişdirib, barama hazırlayardılar. Aprel-may ayları kənd camaatının başı baramaya qarışardı. Nurməmməd əmi də barama saxlayardı. Hamı bir-birinə kömək edər, baramını dənləyib tez təhvil vermək üçün uşaqlı-böyüklü bu işlə məşğul olardılar. Biz də həmişə Nurməmməd əmiyə kömək edər, əvəzində isə “zəhmət haqqı” alardıq. “Zəhmət haqqımız” sapsarı ərik və gilənar olardı. O vaxt indiki kimi salafan torbalar yox idi. Qızlar əriyi, gilənarı donlarının ətəklərinə, oğlanlar isə köynəklərinin içinə doldurardı. Əslində öz həyətimizdə də bu meyvələrdən vardı. Amma onun verdiyi meyvələr fərqli görünərdi bizə…..
Bilmirəm onun iş yeri hara idi. Bildiyim odur ki, gəmisi vardı. O vaxtlar mən onun gəmisini ən böyk gəmi hesab edirdim. İndi isə o gəmini yadıma salnda balaca bir gəmi olduğunu anlayıram. Kim bilir, bəlkə insanlar balaca olanda hər şey gözlərinə böyük görünür, bir də illər ötüb yaşlanandan sonra bir vaxlar böyük bildiklərinin balaca olduğunu dərk edirlər.
Həmişə Kürün o biri tayında bostan əkərdi, gəmisiylə bu taya daşıyardı…Kürün sahilindən onun evinə isə biz daşıyardıq qarpızları., yemişləri…Sözsüz ki, yenə də payımızı verərdi.
Uzun qış gecələrində kənd adamları bir-birinə qonaq gedər, gecəyarısınadək söhbət edərdilər. Elə bilirəm onların evində, odun sobasının yanında pıqqapıq qaynayan samovar çayından ətirli çayı heç bir yerdə içməmişəm hələ…
…Bir də çoxlu heyva ağacları vardı həyətində…. Evlərindən həmişə heyva ətri gələrdi… Üstündə heyva olan budaqları evin divarından asardı-ən gözəl rəsm əsəri kimi…
…Neçə ildir yoxdur Nurməmməd əmi. Haqq dünyasındadır…Kəndimizin balaca uşaqları onun gəmisində Kürü səyahət etmədən böyüyürlər… Kəndimizin mən yaşda olan uşaqlarının xatirələrində yaşayır Nurməmməd əmi…
O yoxdur, amma həyətlərindəki ərik, gilənar, heyva ağacları hələ də durur-qurumuş budaqları budanmasa da….
O yoxdur, amma onun çəkdiyi çəpər hələ də küləyə, yağışa dözüb onun əllərinin izini yaşadır…
O yoxdur… Amma yaddaşımdakı Nurməmməd əmi hələ də yaşayır…
Men Neticesiyem (Allah Rehmet Elesin)
salam o atamım qohumudur . onu yadımıza saldığınız üçün təşəkkür edirəm məndə aslan babanın kamula nənənin nəvəsiyəm. əmiraslanın qızıyam mən çox kövrəldim çünki mən onu tanıyırdım atamın ən əziz yaxını idi Allah ona rəhmət eləsin Allah sizdəndə razı olsun
Comments are closed.