Zərdabda sürücüyə qəribə cərimə protokolu verilib

1
62


protokolZərdab sakininin başına iş gəlib. Belə ki, onun adına tərtib edilən cərimə protokolları, orada göstərilən tarixləri kim görürsə, heyrətə gəlir. Zerdab.com xəbər verir ki, şikayətçi sürücü Cəfərov Səbuhi Həbib oğlunun AzNews.az-a təqdim etdiyi sənədlər belə deməyə əsas verir. Şikayətçi 2013-cü ilin sentyabrında Səbail rayonu, Puşkin küçəsində radara düşüb, lakin bu müddət ərzində tərtib olunmuş protokol barədə heç bir qərar çıxarılmayıb. Həmçinin sürücüyə hansısa rəsmi məlumat verilməyib və bildiriş göndərilməyib. “Yol Hərəkəti Haqqında” qanuna görə, protokol haqqında 2 ay ərzində qərar çıxarılmırsa, 1 il sonra ona xitam verilir və protokol qüvvədən düşür.

Sürücünün sözlərinə görə isə Zərdab rayon Polis Şöbəsi ondan artıq qüvvədən düşmüş protokolda qeyd olunmuş 100 AZN məbləğində cəriməni ödəməsini istəyir.

Bundan başqa, sürücü 2013-cü ilin sentyabr ayında baş vermiş digər radaradüşmə hadisəsi ilə bağlı bir neçə gün öncə məlumatlandırılıb.

Sürücünün təqdim etdiyi protokollardan biri isə ümumiyyətlə unikaldır. Protokolda sürücünün radara düşdüyü, eləcə də qanun pozuntusunu aşkar edən qurğunun son dəfə dövlət yoxlamasından keçdiyi tarix 30.12.1899-cu il göstərilir.

Məsələlərlə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev protokolda avtomobilin 2 əsr əvvəl radara düşməsinin göstərilməsini texniki səhv adlandırıb. O, sürücünün digər şikayətlərinə gəldikdə isə, yol polisi şöbəsinin qanunsuz qərar qəbul etdiyini təsdiqləyib: “Protokol tərtib olunduqdan sonra 2 ay ərzində qanun pozuntusu ilə bağlı qərar çıxarılır. 1 il ərzində vətəndaş tapılıb, ona müvafiq sənədlər təqdim olunmursa, protokol icra olunmur. Qərar çıxarıldığı təqdirdə, sürücü o cəriməni mütləq ödəməlidir. Amma 1 ildən çox müdət keçməsinə baxmayaraq, sürücüyə heç bir məlumat verilməyib və sənədlər təqdim olunmayıbsa, onu məsuliyyətə cəlb edə bilməzlər”.

protokol

1 comment

  1. olur bele hallar menımde masınma gelmısdı masın eynı nomre eynı deyıl

Comments are closed.