– Ya imam, sizi çox fikirli, dalğın görürəm. Bəlkə bir sıxıntınız, bir dərdiniz var? Varsa, deyin əlimdən gələni əsirgəmərəm.
İmam başını qaldırıb təbəssüm dolu gözlərini o adamın üzündə gəzdirir və deyir:
– Hər səhər məndən istənilənləri düşünürəm, ona görə də belə qəmgin və dalğın görünürəm.
– Hər səhər sizdən kimlər nə istəyirlər axı?
– Hər səhər məndən səkkiz şey istənilir, mən onları düşündüyüm üçün bu hala düşürəm,- deyir və səkkiz istəyi belə sıralayır:
– Rəbbim (c.c.) məndən fərzlərini yerinə yetirməyimi istəyir;
– Rəsulullah (s.ə.s.) məndən sünnətlərini yerinə yetirməyimi istəyir;
– Ailəm məndən halal ehtiyaclarını təmin etməyimi istəyir;
– İmanım və ağlım onlara tabe olmağımı istəyir;
– Nəfsim və şeytanım isə onların istəklərini yerinə yetirməyimi istəyir;
– Əməllərimi yazan Kiramən Katibin (insanların sağında və solunda olub savab və günah əməlləri yazan mələklər) məndən ancaq savab əməllər işləməyi istəyirlər;
– Hər səhər doğan Günəş bir gün daha yaşlandığımı düşünməyimi istəyir;
– Həzrəti Əzrayıl hər səhər ona bir gün daha yaxınlaşdığımı xatırlamağımı istəyir.
İmam bir qədər düşündükdən sonra sözlərinə belə davam edir:
– Bəli, mən hər səhər özümü bu istəklərlə, bu suallarla qarşı-qarşıya görərək günə başlayıram. Fikirli, dalğın görünməyimin də səbəbi ancaq budur.
Sual verən adam sanki yuxudan ayılır və həyəcanla soruşur:
– Ya imam, bu suallar ancaq sənə ünvanlanır, yoxsa mənə də aiddir?
İmam müsahibini təbəssümlə süzür və çiynini çəkərək cavab verir:
– Onu sənin irfanın bilir. Mən təsbit etmişəm ki, hər səhər bu suallar mənə verilir. İstəyirsənsə, sən də bir yaxşı-yaxşı fikirləş, ola bilsin ki, bu suallar sənə də aiddir.
Adam fikrə gedir və başını bulayaraq belə deyir:
– Doğru buyurursunuz, ya imam, bu istəklər, bu suallar təkcə sizə aid deyil, hamıya aiddir, elə mənə də. Əgər biz bunları düşünmürüsə, o demək deyil ki, bizdən belə bir şey istənmir. Sadəcə qəflətdə olduğumuz üçün biz bu istəklərin, bu sualların fərqində ola bilmirik, kimlərin bizdən nə istədiklərini, nə gözlədiklərini anlamaqda çətinlik çəkirik.
Bəli, əziz oxucu, hər axşam məzara girirmiş kimi yatağa girmək, hər səhər yenidən doğulurmuş kimi dünyaya göz açmaq, bu gəlişin-gedişin, bu doğumun-ölümün anlamını, mahiyyətini düşünmək insana çox şey qazandırır. Heç nə boş-boşuna deyil. Vallah da, billah da atdığımız hər addımın, aldığımız hər nəfəsin, kiməsə zillədiyimiz hər baxışın bir hesabı var, olacaq, ha bu gün, ha sabah, mütləq olacaq. Həyatı doğru-düzgün oxuya bilmək də elə bu cür düşünməkdən başlayır. Fanidir, ötəridir, vəfasızdır deyirik, amma hər şey bu fani, bu ötəri, bu vəfasız dünyada həll olunur: ya qazanırıq, ya uduzuruq. Qazanmaq doğru düşünməklə başlar. Belə olmasaydı, Allah-Təala Zül Cəlal Həzrətləri öz Kitabı Qurani-Kərimdə yüzlərlə yerdə “heç düşünməzsinizmi?”, “heç təfəkkür etməzsinizmi?” deyə bizi düşünməyə, ağıl işlətməyə dəvət edərdimi? |