Dolu qazanları neynir qalayçı?

0
86

kitabCeyranın dalınca qaçan aslanın

Zəfər savaşından çıxır çörəyi.

Yarasa gizlənir gündüz,– gecənin

Çatılan qaşından çıxır çörəyi.

 

Hasilat doldurmaz kəm-kəsirini,

Şükür eləməkdir qəlbin təskini.

Odunçu sevməyir yaz-yay fəslini,

İlin sərt qışından çıxır çörəyi.

 

Dərzinin əlində parlayır qayçı,

Hər kəs çörək üçün bir cür harayçı.

Dolu qazanları neynir qalayçı?

Qazanın boşundan çıxır çörəyi.

 

Döyür dənizçini dalğa qapazla,

Çatmaz ağızlara çörək min nazla.

Mərsiyəxan ağlar titrək avazla,

Gözünün yaşından çıxır çörəyi.

 

Ay Faxrət, insan da hər iş önündə,

Çörək qazanmağın tapıb yönün də!

Maşın sürənin də, sürməyənin də,

Şüurlu  başından çıxır çörəyi.

 

Faxrət ELDAYAQ,

Şəftəhal kəndi