Elmi araşdırmalar, sosial təcrübələr doğumdan başlayıb, yetkinlik yaşına qədər uşağın inkişafında ana ilə yanaşı, atanın da mühüm payı olduğunu isbat edir. Ailəsi ilə yaxından bir dövlət başçısı kimi maraqlanan ataların yanında böyüyən uşaqların təlim-tərbiyəsində, eləcə də müstəqil həyatında ciddi problemləri olmur. Atanın təsiri güclü olan ailədə böyüyən oğlan özündən asılı olmayaraq, kişi xarakterinə yiyələnir, yoldaşa, müəllimə və ətrafdakılara qarşı münasibətlərinin məsuliyyətini dərk edərək davranır. Dərslərində qazandığı uğurlar, insanların rəğbəti onların kamil bir vətəndaş kimi yetişməsinə səbəb olur. Bu cür ailələrdə böyüyən qızlar da əsl xanım modelini anasının, kişi modelini öz atasının nümunəsində görür, kiçik yaşlarından ailənin nə demək olduğunu, ailədə ata və ananın vəzifə və məsuliyyətlərini öyrənir, gələcək həyata inamla hazırlanır.
Bütün bunlar göstərir ki, ailədə uşaqların tərbiyəsində valideynlərin rolu danılmazdır. Ətrafı, dünyanı gözəl görmək üçün gözəllik yaratmağa çalışmalıyıq. Həzrəti Mövlananın dediyi kimi: “Dünyada tikan əkən kişi, sakın əkdiyin tikanı gül bağçasında arama!” Başqa sözlə desək, qanqal becərib ondan bənövşə qoxusu gözləmək olmaz ki!
Təkcə fiziki baxımdan deyil, mənəvi cəhətdən də sağlam valideynlər dünyagörüşlü, kifayət qədər intellektual səviyyəli gənclər yetişdirməklə həm özlərinin, həm vətəndaşı olduğu ölkənin, bütövlükdə dünyanın xoşbəxt, rahat gələcəyini təmin etmiş, öz vətəndaşlıq borcunu ödəmiş olurlar. Şairimiz Məmməd İsmayılın yazdığı kimi:
… Mən dünyaya ata, ana borcluyam,
Ünvanım var, bu ünvana borcluyam…
Bəli, hər övlad ailənin bu dünyaya insanlıq borcudur. Günümüzdə bəzi ailələrin bu borcu layiqincə ödəməyin fərqində olmadığını, bəzilərində də uşaqların birtərəfli təsir altında böyüdüklərini, onların həm ailədə, həm də cəmiyyətdə problemlər yaratdığının şahidi oluruq. Həzrəti Mövlanədən öz məsuliyyətini dərindən dərk etməyin əhəmiyyəti haqqında gözəl bir hekayətlə sözümüzə qüvvət verək burada. Ailə tərbiyəsini düzgün quranlar oxuyub feyzyab olsun, o biriləri də ibrət alsınlar: “Ömər zamanında oruc ayı gəldi. Bir neçə nəfər bir dağın təpəsinə qaçdı. Oruc ayının hilalını görüb şənlənmək, onu xeyrə yozmaq istəyirdilər. Birisi:
– Ey Ömər, odur hilal, – dedi.
Ömər göy üzünə baxsa da, ayı görə bilmədi.
– Bu ay sənin xəyalından meydana gəldi. Yoxsa mən göyləri səndən daha yaxşı görürəm. Tərtəmiz hilalı necə olur ki görməyim? Əlini islat, qaşını sil. Ondan sonra hilala bax! – dedi.
Adam əlini isladıb qaşını silincə ayı görmədi:
– Padişahım, ay görünməz oldu,- dedi.
Ömər dedi:
– Bəli, qaşının tükü səni şübhələndirdi, yaydan sənə bir ox atdı. Gözünün yolunu bir əyri tük kəsdi, o üzdən ayı gördüm deyə davaya qalxdı. Bir əyri qıl göy üzünə pərdə olursa, bütün vücudun əyri olunca halın necə olar?
Əsl insan hər şeydə doğru-dürüst olmalıdır. Ailə münasibətlərində bu, gözün görmə qabiliyyətini çaşdıran bir qıl qədər belə yolverilməz olmalıdır.
Tədqiqatlar ata və ananın öz övladlarından imtina etməsinin uşaqların davranışına, emosional durumuna və əqli inkişafına da mənfi təsirini təsdiqləyir. Lakin atanın ailədən uzaqlaşması daha acı nəticələr verir. Mən özüm baba olsam da, hərdən atamın nəsihətləri yadıma düşür, özümü çox rahat hiss edirəm.
Qonşularımdan biri oğlunu evləndirir. Bir müddətdən sonra gənc ailə başçısı axşamlar evə gec gəlməyə başlayır. Ata anası vasitəsi ilə oğluna özünü yığışdırmağı ismarış etsə də, alınmır. Bir axşam da ata yun çubuğunu götürüb evə gec gələn oğlunu o ki var çırpır. Oğul başa düşür ki, evlənməklə ata-ana məsuliyyətindən boyun qaçırmaq olmaz.
Ailədə valideyn nəzarəti o demək deyil ki, ata heç vaxt ailəsindən ayrıla bilməz. Ana işləməyib, ancaq uşaqların tərbiyəsi ilə məşğul olmalıdır. Növbəli işi ilə əlaqədar olaraq bəzi atalar müəyyən müddət ailəsindən ayrılmalı olur. Ailə münasibətlərinin normal qurulduğu ailələrdə bu vəziyyət orada böyüyən uşaqların tərbiyəsinə heç cür maneə ola bilmir. Əksinə, uşaqların məsuliyyətini artırır. Yaxşı tanıdığım çoxuşaqlı bir ailənin böyük oğlu özündən kiçik neçə bacı-qardaşının böyüyüb yetişməsində müəllim və tibb bacısı olan valideynləri qədər zəhmət çəkirdi. İndi işlədiklərini bəhanə gətirərək bir və ya iki uşaqla kifayətlənən nə qədər ailə tanıyırıq. 1941-1945-ci illər müharibəsində əksər ailələrdə uşaqlar atasız böyüyüb, çox layiqli vətəndaşlar olublar. Onların ataya bərabər, kişi xarakterli anaları olub. O dövrün anaları qarovulçu da olublar, ot, əkin də biçiblər, təsərrüfat da idarə ediblər.
Günümüzdə işi ilə deyil, vərdişi ilə əlaqədar olaraq, ailəsinə soyuq münasibət bəsləyən gənclər həm özləri, həm də cəmiyyət üçün problem olan uşaqların yetişməsinə arzuolunmaz münbit şərait yaradırlar. Şəhər bir yana, kənddə belə, gecədən xeyli keçmişə qədər gecə klublarına bənzər müxtəlif “xanə”lərdə vaxtını israf edən, sakit küçələri eybəcər söz-söhbətləri, qəhqəhələri ilə dolduran gənc atalar ailə tərbiyəsinə nə qədər müsbət təsir göstərə bilər? Ailədə uşaqların da yaxın gələcəkdə ata, ana olacaqlarını düşünsək, onların həyata necə hazırlandığını təsəvvür etmək çətin deyil.
Ata-ananın gözündən uzaq olduqda belə öz hərəkətlərimizə ciddi fikir verərdik. Güman edərdik ki, quşlar belə haqqımızda valideynlərimizə məlumat verəcək. İndi evin içindəcə valideyn bilmir ki, övladı kimlərlə zəngləşir, ən çox hansı saytlara girir. Bir də xəbər tutur ki, uşaq ya evdən qaçıb, ya da hansısa bir cinayətin iştirakçısı olub.
Uşağa sərbəstlik vermək onu özbaşına buraxmaq deyil. Ailədə böyüyən uşağa valideynlər, yaşıdları, ictimaiyyət qarşısında vəzifə və borclarını başa salaraq sərbəstliyə alışdırmaq və onu sərbəstliyin özünün də daha böyük məsuliyyət olduğuna inandırmaq lazımdır. Burada da ata və ananın ailədaxili etimada, inama əsaslanan sərbəstliyi gənc şəxsiyyəti müsbət istiqamətə yönəldə bilər.
Valideynlər, xüsusilə də atalar öz nümunələri ilə övladlarını həyata hazırlayırlar. Nəyin yaxşı, nəyin pis olduğunu vətəndaş kimi insanlarla münasibətdə hansı meyarları gözləmək lazım gəldiyini atalar öz təcrübələri əsasında kitab və məktəbdən daha yaxşı başa salırlar. Ata uşaqlar üçün həm də şövq, həyat eşqi mənbəyidir. Hər şeyi gözəl görən, həyatdan, insanlarla münasibətdən zövq almağı bacaran valideynlərin uşaqları da fərəhli olur, nikbin böyüyürlər.
Gəncliyimdə, uşaqların kiçik yaşlarında qonşu Digah kəndində müəllim işləyirdim. Nahar vaxtı mədəm əziyyət çəkməsin deyə hərdən rəhmətlik anam çantama bişirdiyi bozlamac çörəyinin arasına motal pendiri doldurub dürmək qoyardı. İnanın, iki növbə arası o dürməyi dünyanın ən ləziz yeməyi kimi yeyərdim. İşdən gələndən sonra süfrəyə əyləşər, böyük iştaha ilə yeməyə başlayardım. Uşaqlar da oturub məni seyr edərdilər. Onlar üçün də xörək çəkilməsini istəyəndə həyat yoldaşım, anam bir az əvvəl birlikdə yeyib-içdiklərini deyərdilər. Mən israr edəndə uşaqlara da yemək çəkərdilər. Uşaqlar elə yeyərdilər ki, ana və nənə mat qalardılar. Mənim acgözlüklə yeməyim onların iştahasını itiləyərdi.
Gözəl əməl sahibi olan valideynlər ən sadə işləri ilə də uşaqlarının qürur mənbəyidir. Bizə dərs deyən müəllimlərdən rəhmətlik Cövhərət müəllimə deyərdi ki, atası onu süpürgə sataraq qazandığı pulla oxudub. Hazırda həyatda olan müəlliməmiz Zərifə xanım deyirdi ki, atası onu balta ilə tir yonaraq qazandığı pulla oxudub.
Heç kəsə sirr deyil ki, atanın işi uşaqları böyüdüb, təhsil verib, evləndirməklə bitmiş hesab olunmur. Onun məsuliyyəti ömür boyunca davam edir. Tələbkarlıqla yanaşı, ədalət, hörmət, sevgi ilə cilalanmış ailə münasibətlərinin hakim olduğu ailədən dili, əməli ilə könüllərə fərəh, məmnunluq gətirən vətəndaşlar yetişir. Həyat hər üzü ilə bunu sübut edir.
Ailə həm də Allahın saysız-hesabsız nemətlərindən biridir. Onun qədrini bilmək, bir ailənin atası və ya anası olmaq lütfünə şükür etmək Uca Yaradan qarşısında insanlıq borcumuzdur.
Rahib Alpanlı
Allah hər birimizə ailəmizin əsl sahibi olmağı nəsib eləsin. Ailəmizin hər bir üzvünə kifayət vaxt ayırmaq üçün səbir və istək versin. Allahın qədər-qisməti istisna, heç bir uşaq atası ola-ola:- “Ata, haradasan?” – deməsin. Amin! |
Çox gözəl,mənalı yazıdır.Doğrudan da ailədə ata- ananın rolu böyükdür.Sadə və zəhmətkeş bir ailədə böyümüşəm.Atam və anam həmişə bir- birinə hörmətlə yanaşıb.8 uşaq tərbiyə edib böyüdüblər.Anamın atama qarşı hörməti, məhəbbəti mənim üçün bir həyat məktəbi olub.Ailəni ata idarə edir.Bu mənəvi cəhətdən sağlam olan atalara aiddir.Atam dünyasıni dəyişib.Anamın 92 yaşı var.Hər dəfə anamla görüşəndə deyirəm ki , ay ana , sən dünyanın ən bəxtəvər anasısan. Ona görə ki ,zəhmətin hədər getməyib. yaxşı evladlar yetişdirmisən. Biz səni sevir, səninlə fəxr edirik. Bütün analari bəxtəvər ana kimi görmək istərdim .Arzu edirəm ki, heç bir uşaq atası ola- ola “Ata haradasan ” deməsin .Amin!
Comments are closed.