Zərdabda “Niyə tanımadın məni görəndə”…

0
84

Laçın rayonundan olan və Zərdabda məskunlaşan məcburi köçkün Nazim Əkrəmin şeirləri haqqında.
Nazim Əkrəm (Əkrəm Əhəd oğlu Əsədov) 1966-cı ildə Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Dambulaq kəndində anadan olub, uşaqlıq və gənclik illərini o füsunkar diyarda keçirib. Qarabağın gözəl təbiəti, əzəmətli dağları, büllur bulaqları, sıldırım qayaları Əkrəmi ilhama gətirib, poeziyaya maraq göstərərək gördüklərini nəzmə çevirməyə sövq edib. 1992-ci ildə erməni cəlladlarının Laçını işğal etməsi onu da sarsıdıb, qəlbinə çalın-çarpaz dağ çəkib. Ermənilərin vəhşilikləri onun gözləri qarşısında baş verib, o da silah götürərək yağı düşmənə qarşı mərdliklə vuruşub. Laçının işğalından sonra yüz minlərlə həmvətəni kimi, Əkrəmin də məcburi köçkünlük-didərginlik həyatı başlanıb. O bizim Şirvan torpağına, Kür sahillərinə, böyük Zərdabi yurduna pənah gətirib, rayonumuzun Bəyimli qəsəbəsində ailəsi ilə birlikdə məskunlaşıb. Burada da qələmini yerə qoymayıb, gördüyünü, duyduğunu, hiss və həyacanını poeziyanın şirin dilinə çevirib. Əkrəm artıq 20 ilə yaxındır ki, rayonumuzda yaşayır, yazır, yaradır.
Qələmə aldığı şeirləri kitab halında nəşr etdirmək Nazim Əkrəmin ən böyük arzu-istəyi idi. Artıq onun bu istəyi həyata keçib, xeyirxah adamların köməyi ilə onun ilk kitabı işıq üzü görüb. “Niyə tanımadın məni görəndə” adlı həmin kitab “Nasir” nəşriyyatında nəfis tərtibatda çap olunub.
Kitabda müəllifin 150-dən çox şeiri toplanıb. Bu şeirlərin məzmunu, mövzularının əhatə dairəsi geniş, çoxşaxəli və rəngarəngdir. Mövzu müxtəlifliyinə baxmayaraq, bütün şeirlərin ana xəttini Qarabağ həsrəti, Qarabağ niskili, Qarabağ harayı təşkil edir…

Qarabağ deyəndə alışır bağrım,
Azəri yurdunun parası getdi,
Görünmür göylərdə durna qatarı,
Sonalı göllərin sonası getdi.

Və yaxud:
Kəlbəcər ordadı, Şuşa da orda,
Ağdamla, Füzuli boranda, qarda,
Zəngilan, Qubadlı qalıbdı darda,
Qartalın Laçıntək balası getdi.

“Əkinçi”