Bəzən ayaq saxlayın, ətrafınıza nəzər salın…

0
61

Gənc iş adamı yeni “Yaquar”ı ilə bir küçədən sürətlə keçirdi. Bu vaxt maşınının qapısına nə isə dəydiyini hiss etdi. Maşını saxladı. Bu balaca bir daş idi. Daşın atıldığı tərəfə baxdı. Qarşısında balaca bir uşaq dayanmışdı. Özünü saxlaya bilmüyib qışqırmağa başladı: “Sən neylədin, kimən? Bu daşı nə cəsarətlə atdın? Sənin atdığın bu daşın mənə neçəyə başa gələcəyini bilirsənmi?”
Uşaq yalvararaq cavab verdi: “Səhərdən neçə maşına əl etmişəm, saxlayan yoxdur. Bağışlayın, başqa çıxış yolum yox idi. Əgər daşı atmasaydım, heç kim mənə maşın saxlamayacaqdı”.
Uşaq bir tərəfdən danışır, bir tərəfdən də yanağından yaş süzülürdü. Əli ilə yolun kənarındakı əlil arabasını göstərdi və: “Böyük qardaşım arabasından yıxılıb. Onu qaldıra bilmirəm. Xahiş edirəm, bizə kömək edin”, – dedi.
Bu sözlərdən sonra gənc sanki ayıldı. Yolun kənarına yıxılmış əlil oğlanı qaldıraraq, arabasına oturmağa kömək etdi. Dəsmalı ilə yıxılıb üst-başı bulaşmış uşağın üstünü təmizlədi. Uşaq: “Allah razı olsun”, – deyərək təşəkkür etdi. O və qardaşı arabanı sürərək evlərinə tərəf getməyə başladı.
Əsəbdən əlləri tir-tir əsən gənc bir xeyli onların arxasınca baxdı. Çığırdığına, bağırdığına görə peşman olmuşdu.
O, maşınının qapısındakı əziyi heç vaxt təmir etdirmədi. Bu əziyi o gündən bir xatirə kimi saxladı. Çünki bu hadisə ona həyatda bəzən ayaq saxlamağı, ətrafa nəzər salmağı və köməyə ehtiyacı olanlara əl uzatmağı öyrətmişdi…