23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Zərdab rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş qadınlarla görüş keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın qadınlar şurası idarə heyətinin üzvü Zərifə xanım Quliyeva, YAP qadınlar şurasının sədri, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla xanım Abdullayeva iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti təsisatlarının təkmiləşdirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaradıb: “Bələdiyyələr yarandığı ilk gündən ötən müddət, eləcə də 2009-2014-cü illər ərzində öz üzərlərinə düşən vəziflərin yerinə yetirilməsində, bölgələrin abadlaşmasında və müasirləşməsində, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm nəaliyyətlər əldə ediblər. Son illərdə respublikamızda Bələdiyyələrlə bağlı mühüm islahatlar aparılıb, onların səlahiyyətlərinin genişləndirilməsi istiqamətində müəyyən tədbirlər görülüb. Bələdiyyə üzvləri arasında çoxluğa sahib olan Yeni Azərbaycan Partiyası haqlı olaraq qazandığı uğurlarla fəxr edir və öz namizədlərinin daha üstün səviyyədə təmsil olunmasını qarşıya məqsəd qoyur. 2014-cü ilin 23 dekabr tarixində Azərbaycanda çox əhəmiyyətli kampaniya -yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərinə inamla və aydın proqramla gedir. İnanırıq ki, seçicilərin partiyamıza olan inamı və dəstəyi qarşıya qoyulmuş proqramın həyata keçirilməsinə, ən layiqlilərin yerli özünü idarəetmə orqanlarına seçilməsinə etibarlı təminat olacaqdır”.
Pərvin Mahmudova qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının 5840 nəfər üzvünün 2675 nəfərini (46%) qadınlar, 2043 nəfərini (35%)-i isə gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası rayon təşkilatı qarşıdakı bələdiyyə seçkiləri ilə əlaqədar rayon üzrə 27 bələdiyyəyə 237 nəfərin namizədliyini irəli sürüb ki, bunlardan 106 nəfəri, yəni 44,7 %-i qadınlar, 95 nəfəri, yəni 40,1 %-i gənclərdir.
Tədbirdə Zərdab rayonu üzrə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Mayisə Xəlilova, Gülər Məmmədova, Elyurə Məmmədova çıxış etdilər.
Daha sonra Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası qadınlar şurası idarə heyətinin üzvü Zərifə xanım Quliyeva 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərindən danışaraq partiyanın bütün işləri bələdiyyə seçkilərində qələbə qazanmaq əzmi ilə həyata keçirdiyini, fəal seçki mühiti formalaşdırdığını, yerlərdə səfərbəredici tədbirlər keçirdiyini qeyd etdi.
Quliyeva çıxışının sonunda, 23 dekabr 2014-cü il tarixli bələdiyyə seçkilərində bütün seçicilər kimi qadınların da düzgün seçim edərək rifah və quruculuq naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini və bütövlükdə Yeni Azərbaycan Partiyasının qələbəsini təmin etmək əzmində olduqlarını bildirdilər.