Roma Papasının Türkiyə səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı söylədiyi fikirlərə “Gəncliyə dəstək” İctimai Birliyinin
BƏYANATI
28- 30 noyabr 2014-cü il tarixdə Roma Papası I Fransiskin Türkiyə səfəri daha çox Vatikan rəhbərinin Türkiyə-Ermənistan sərhədinin açılmasını arzu etməsi haqqında söylədiyi fikirlərlə yadda qaldı. Papa müxbirlərin saxta soyqırım iddialarının yüzilliyinin yaxınlaşması ilə bağlı sualına “Kaş ki, o sərhəd açılsaydı, o qədər gözəl olardı ki” cavabını verib.
Əlbətdəki bütün bəşəri dinlər və onların təmsilçiləri dünyada sülhün, əminamanlığın, barışın bərqərar olmasına xidmət etməlidir. Ancaq təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzünün nəticəsində qətlə yetirilən onminlərlə azərbaycanlının, doğma yurd yerlərindən qovulan yüzminlərlə insanın haqlarından ötən illər ərzində bir dəfə də danışmağa lüzum görməyən katolik kilsəsinin rəhbəri beynəlxalq hüquq normalarını saya salmayan bir dövlətə qarşı açıq jest etməkdən çəkinmir. Papa I Fransiskin bu çağırışı ilk növbədə Türkiyənin dövlət maraqlarına ziddir.
Dünyanın ən böyük dini konfensiyalarından birinin rəhbəri tərəfindən dünyəvi qurumların indiyədək bir çox hallarda nümayiş etdirdiyi ikili, ədalətsiz siyasətlə həmrəylik mesajı verməsi həm Türkiyənin siyasi mövqeyini qəbul etməməsinin, həm də haqqın, əzilənin deyil, işğalçının tərəfində olmasının göstərici sayıla bilər. Biz bunu pisləyirik. Belə mövqe dünyada ümumbəşəri dəyərlərin təbliğatçısı kimi vətəndaş cəmiyyəti inistitularının nümayəndələri olaraq bizlərdə böyük narahatlıq və təəssüf hissi doğurur. Biz Roma Katolik kilsəsinin başçısını Azərbaycanın Dağlıq Qarabağ və ondan kənarda yerləşən yaşayış məntəqələrində, o cümlədən Xocalıda törətdiyi soyqırıma görə Ermənistanın dövlət siyasətini pisləməyə və onun işğal etdiyi torpaqlarımızı dərhal tərk etməsi üçün rəsmi İrəvana təzyiq göstərməyə çağırırıq. Hərçənd ki, ikili, ədalətsiz siyasətlə həmrəylik mesajı verən Roma Papası I Fransiskindən bunu gözləmək sadəlöflik olar.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov