Bir ocaq qaladı Zərdabi babam,
Soyuq ürəklərə istilik gəldi.
Cəhalətin daşın atdı el-obam,
Zülmət yolumuza işıq gətirdi.
***
“Əkinçi” xalqımın məktəbi oldu,
Bir elm mənbəyi, xidməti oldu,
Xeyirxah işlərdə zəhməti oldu,
Əkdiyi ağaclar bəhrəsin verdi.
***
“Əkinçi” düşündü, niyyəti gözəl,
“Əkinçi” danışdı, söhbəti gözəl,
Mənəvi qidadı, neməti gözəl,
Solan bağçamızda güllər bitirdi.
***
“Əkinçi” zəngindi, varı tükənməz,
Naşılar elminin hikmətin bilməz.
Əsl dost dostuna arxa çevirməz,
Xalqına dar gündə əlin yetirdi.
***
“Əkinçi” şöhrətdi Azərbaycana,
Elimə, obama, bütün cahana,
Anatək dil verdi övladlarına,
Ondan xəbərsizlər dilin itirdi.
***
“Əkinçi”, yaşa sən uğurlarınla,
Hər zaman da var ol oxucularınla,
Könlümüz açılsın xos sorağınla,
Əlniyyət də səndən çox şey götürdü.
ƏLNİYYƏT ƏLİYEV,
Zərdab Rayon Mədəniyyət Evinin bədii rəhbəri.