Yusifini itirdi, dünya başına dar gəldi Yaqubun.
Allahına sığındı, səbirdə tapdı əlacın və bir də göz yaşında. Axşam-səhər ağladı, səhər yellərindən, axar sulardan sordu sevgili balasını. Ağladı Yaqub, ağladı. Göz yaşları muncuq-muncuq əkildi Yusif gedən yollara. Yusif quyuda inlədi, Yaqub yurdunda ağladı. Qul edib Yusifi satdılar Misir bazarında, Yaqubun canı sıxıldı. Həbsə girdi, açığa çıxdı, Misirə sultan oldu oğul, Yaqubun göz yaşları durmadı. Göz yaşıyla göz nuru getdi, içindəki həsrəti, nisgili töküldü Yaqubun: Ağlar Yaqub, ağlar “Yusifim”deyə. Bu elə bir sevgi, elə bir bağlılıq idi ki, neçə mənzil o üzdən gələn Yusifin qoxusunu aldı. Bu, bir atanın bir övladı sevməsindən daha əfzəl, daha üstün bir bağlılıq, bir duyğu idi, bu, bir ata peyğəmbərin bir oğul peyğəmbəri sevməsi idi.
Kim deyir, kişilər ağlamaz?- Ağlayar, həm də kişi kimi. Ondan böyük bir insan göstərə bilərsinizmi? Allah Rəsulu Həzrəti Məhəmməddən (s.ə.s.) daha gözəl, daha ağıllı, daha ləyaqətli kim var axı? Allah dərgahında kim ona tay gələr görən? Və bir də görəsən kim onun qədər ağladı?- Ağladı, həm də necə. Altı yaşındaydı, anası öz ölümünü hiss edibmiş kimi bircəcik övladını üzünü görmədiyi atasının məzarı üstünə apardı. O körpə qəlbi atasızlığın ağrısı ilə orda hönkürdü. Bu elə bir hönkürtü idi ki, sözə, sətrə sığmaz. Ağladı və könlündəki o böyük hüznlə geri döndü. İkinci sınaq və daha bir göz yaşı seli, Allah-Təala onu sevdiklərindən ayırırdı, hər ayrılıq da bir hüzn, hər hüzn də bir yüksəliş. Beləcə, insanlardan qopa-qopa Haqqa üz tuturdu, Onun mərhəməti, tərbiyəsi altına girirdi.
Bir ildə həm sevgili xanımı Xədicə anamızı, həm də onu qoruyub böyütmüş Əbu Talibi itirdi. Hüzn ili, kədər ili kimi düşdü o il tarixə. Əbu Talib son anlarını yaşayırdı. Başının üstündə dayandı: “Mənim gözəl əmim, kəlmeyi-şəhadət gətir, müsəlman olaraq Uca Rəbbin dərgahına qovuş. Sən şahid ol ki, mən də şahid ola, şəfaət edə bilim. Nə olar, heç olmasa, bu an, bu son anda…” Qədərə-qismətə bax ki, Yəməndən, İrandan gələn kölələr, zənginlərin adam yerinə qoymadıqları ağlı-qaralı məzlumlar İslam nuruna boyanaraq hər biri dünya ilə savaşacaq hala gəldikləri halda, Rəsulullahı əlində-ovcunda qoruyub böyüdən “Ona zərər vermək istəyən gərək əvvəlcə məni öldürə” deyən Əbu Talib son nəfəsini kəlmeyi-şəhadətsiz təslim edirdi. O an Həzrəti Məhəmməd kimi kədərli, onun kimi gözüyaşlı kim ola bilərdi ki? Bəlkə də təsəlli etmək üçün “biz eşitdik, söylədi” dedilər. Amma O durduğu yerdəcə “mən eşitmədim, mən şahid deyiləm” cavabını verdi. Sonra da hönkürdü, hönkürdü, həm də necə.
Taifə getdi. Getdi ki, onlara Haqqı təbliğ eləsin, doğru yola çağırsın, qurtuluşa, nicata dəvət eləsin. Söz eşitmək bir yana qalsın, daşa basdılar, mübarək ayaqları, alnı al-qana qərq oldu. Özünü bir bağa saldı, bir ağaca söykəndi, öz acizliyini göz yaşları ilə Rəbbinə söylədi. Həzrəti Cəbrayıl gəldi: “Ya Muhamməd, mələklər əmrində hazırdır, əgər sən icazə versən, o dağları qaldırıb Taifin üzərinə çevirər və bu adda qəbiləni birdəfəlik tarixin qaranlıq bir küncünə göndərərlər. Buyur, qərarını ver”. Əlinin-ayağının qanı hələ qurumamışdı, canının sızıltısı ruhunda cövlan edirdi. O yaralı əllərini bir daha Uca Rəbbinə açdı: “Allahım, bunlar bilmirlər, bilsələr, belə etməzlər. Əgər gələcəkdə bunların soyundan bir nəfər də olsa Səni tanıyan, doğru yolu tutan birisi gələcəksə, onun üzü hörmətinə bunları bağışla”, deyə dua elədi. Duasının hər kəlməsinə də muncuq-muncuq göz yaşları yoldaşlıq elədi. Qəlbin dərinliyindən gələn göz yaşlarına bükülüb Haqq dərgahına ünvanlanan dualar daha tez yetişir öz ünvanına.
Bəzən səhərə qədər namaz qılar, ayaqları şişərdi. Bəzən də alnını səcdəyə qoyub o halda göz yaşı tökə-tökə o qədər ağlardı ki, torpaq üzü altında palçıq olurdu; yalvarırdı, ağlaya-ağlaya yalvarırdı. Özü üçün yalvarmırdı, özü üçün ağlamırdı, ümməti üçün ağlayır, ümməti üçün yalvarırdı. Yüz il, min il sonra gələcək ümməti üçün ağlayırdı. Mənim üçün, sənin üçün ağlayırdı. Dünyanın hər naz-nemətini verdilər, almadı: “Bir əlimə Günəşi, bir əlimə Ayı qoysalar da mən bu davadan dönmərəm”,-dedi.
Ağlayan yetimlə ağlayır, onu kiritməyincə kirimirdi. Onun qədər, Onun kimi kim ağlaya bildi axı? Həsəni öpdü, ağladı; Hüseyni öpdü, ağladı. Niyə ağladı, Allah bilir. Ağlamaq sevməyin əlamətidir. Ağlamaq həyatın, sevginin, qayğının, səmimiyyətin ifadəsidir.
Hər sevən könül ağlayar, kiminin göz yaşı görünər, kimininki görünməz. Məcnun səhrada “Leyli” deyib ağladı. Məcnunu ağladan Füzuli də ağladı: “Cisminin zəifliyini bəhanə gətirib göz yaşı axıtma, unutma ki, incinin ən bahalısını, ən dəyərlisini düzmək üçün sapın ən nacimini, ən naziyini seçərlər”,- deyib təsəlli tapdı.
Kimlər ağlamadı ki, atam balası? Bir xətamı, bir hikmətmi nəticəsində cənnətini itirmiş, sonra da Qabilin Habili öldürdüyünü bilən Adəm atamız ağlamadımı? İman etmədiyi üçün övladı göz önündə dalğalara təslim olan Həzrəti Nuh ağlamadımı? İbrahim ağlamadımı atası atəşpərəst Azəri haqq yoluna gətirə bilməyincə. Balığın qarnında zülmətdən işığa yol gələn Yunus ağlamadımı? Əsasını vurmaqla dəniz yarılıb yol açılan, İsrail oğullarını Misir qıptilərinin zülmündən qurtaran, amma qırxgünlüyə getdiyi Tur dağından dönərkən bir az əvvəl məzlum durumunda olanların zalıma çevrildiklərini, Haqqdan dönüb qızıldan düzəltdikləri bir buzov heykəlinə sitayiş etdiklərini görən Musa ağlamadımı? Məryəm oğlu İsa ona zülm edənlərin aqibətinə ağlamadımı?
Adam var, döyülüb ağlayır; adam var, söyülüb ağlayır; kimi canının ağrısından; kimi itirdiyi həyatına; kimi əlindən çıxan var-dövlətinə ağlayır. Hər kəs ağlayır dünyada, hərə bir dərdnən ağlayır. Kim nəyinən ağlayırsa, ağladığıynan özünə dəyər biçir.
Allah düşüncəsiylə axıdılan hər damla göz yaşı bir əlçim bulud olub kölgə salacaq sahibinin başına. Bəlkə ən böyük qazancımız elə o duyğu, o düşüncə ilə axıtdığımız göz yaşlarıdır. Göz yaşı duz dadar, duzlu ot bitirməz. Sənin gözlərindən axirətə süzülən göz yaşlarından orada hansı güllər açacaq, hansı fidanlar boy verəcək, Allah bilir. Allah üçün ağlayan göz cəhənnəm alovu görməz. Bu müjdə Rəsulullahın (s.ə.s.) bizlərə əmanət verib getdiyi daha bir sevgi, sevinc qaynağıdır.
“Kişilər ağlamaz” demə, kişilər ağlayar, həm də kişi kimi ağlayar. Gözlərini sıx, yaş gəlirmi? Ağlayırsanmı? Ağlayırsansa, niyə ağlayırsan? Barmağının ucunda muncuq kimi bir damla göz yaşını tut və o aynada özünü gör, tanı? Sən kimsən, mənim qardaşım?
www.zaman.az