Müsəlmanlara daha çox bəlalar gətirən İŞİD

0
76

fotoMÜSƏLMANLARA DAHA ÇOX BƏLALAR GƏTİRƏN İŞİD VƏ YA 150 DOLLARLIQ CƏHƏNNƏM…

Son vaxtlar dünyanın, ən çox da müsəlmanların başının bəlasına çevrilən, guya xilafət yaradan, özünü İraq Şam İslam Dövləti – İŞİD adlandıran silahlı nəhəng terror qruplaşması ABŞ-ın və bəzi müttəfiqlərinin döyüş təyyarələrinin daimi bombardmanına baxmayaraq, yenə də bildiyini edir, ən çox da region ölkələrini gərginlikdə saxlayır. İlk baxışda sanki yerdən qaynayıb qalxan İŞİD bu qədər silah-sursatı, tankı-topu, hətta təyyarələri haradan alır görəsən?

Şübhəsiz ki, hansısa nəhəng dövlətlərdəki nəhəng qüvvələr İŞİD-ə gizlin şəkildə çox yaxşı kömək göstərir, yoxsa, bu “xilafət dövləti” heç 1 yaşı tamam olmadığı halda, eyni vaxtda ən azı iki cəhbədə – İraq və Suriya cəbhəsində bu qədər ağır və hətta uğurlu döyüşlər apara bilməzdi.

Bu da qəribədir ki, özünü sünni dövləti kimi qələmə verən bu terrorçu qüvvə həm şiələri, həm də sünniləri amansızlıqla, kütləvi surətdə qırır, insan başı kəsməyi toyuq başı kəsməkdən də sadə, adi bir iş kimi həyata keçirir və başkəsmə prosedurunu diskə köçürüb, dünyanın sosial şəbəkələrinə ötürür.

Əlbəttə, İŞİD-i yaradanlar ilk olaraq onu Türkiyəyə qarşı yönləndirmək məqsədi güdürdülər, amma necə deyərlər, cin şüşədən çıxandan sonra ağalarının üzünə ağ oldu, öz bildiyini də etməyə başladı. Nəticədə indi ABŞ və müttəfiqləri İŞİD-i gecə-gündüz bombalayır, İŞİD isə çoxbaşlı əjdaha kimi, sanki daha da güclənir.

Qəribədir ki, bir qədər əvvəl ABŞ rəsmiləri xəbər yaymışdılar ki, onların təyyarələri İŞİD qruplaşmaları ilə vuruşanlara yardım məqsədilə yerə silah-sursat atmış, amma külək bu silah-sursatı İSİD-çilər tərəfə aparmış və nəticədə bu terrorçuların əlinə xeyli hərbi sursat keçmişdir, özü də ən müasir AMERİKA silah sursatı….

Kim nə deyir-desin, ABŞ o qədər də əfəl dövlət deyil ki, onun silah-sursatını külək bir cəbhədən o biri cəbhəyə apara bilsin, – özü də XXI əsrdə…

Çox təəccüblü digər bir məsələ: ABŞ rəsmiləri bu yaxınlarda belə bir xəbər də yaydılar ki, bu ölkənin hərbi hava qüvvələri İŞİD liderlərinin toplantı keçirdiyi binaya raket zərbələri endirmiş və İŞİD-in lideri Əl Bağdadi öldürülmüşdür. Amma bir neçə gün keçmiş, Əl Bağdadi özü bu xəbərin yalan olduğunu dünyaya bildirdi…

Necə inanasan ki, rəhmətlik Cohər Dudayevi, Səddam Hüseyni, Bin Ladeni, Müəmmər Qəddafini, yəni ən nüfuzlu müsəlman liderlərini xüsusi bunkerlərindəki yataq çarpayılarında peyklər vasitəsilə aşkarlayıb məhv edən, okeanın dibini belə nəzarətdə saxlayan ən nəhəng dünya dövlətinin təyyarələri bombaları hədəfə düz ata bilmir,– özü də XXI əsrdə…
Təəssüf ki, bu quldur qruplaşmasının tərkibində azərbaycanlılar, bəzi məlumatlara görə, Zərdab sakinləri də olublar və nə yaxşı ki, ölkəmizin təhlükəsizlik orqanları belə başıboş həmvətənlərimizi müəyyənləşdirib, layiqincə tənbeh edir.

Düzü, adama qəribə gəlir, insan nəinki özü tək, hətta xanımını və körpə uşaqlarını da götürüb odun, alovun, tankın, topun qarşısına ata, adını da qoya cihad. Yox, belə düşünənlər ən azından İslam dininin mahiyyətindən xəbərsizdirlər, xəbərsiz olmasaydılar, tərəfsiz jurnalistlərin belə başını “uf” demədən kəsən o qaniçənlərə qoşulub, günahsız insanlara qarşı vuruşmazdılar.

Kimdən soruşursunuz-soruşun, cənnət xülyası ilə guya cihad etdiyini düşünən başkəsənlərin və ya başkəsənlərlə bir cəbhədə vuruşan başıboşların yeri cəhənnəmin ən dərin qatındadır.

Yəni doğrudanmı onların yetimliklə böyüyəcək övladları, dul qalan xanımları onları bağışlayacaqlar?

Bu günlərdə ölkə mətbuatında oxuduğum bir məlumat da məni məyus etdi və bu materialı ona görə yazmaq qərarına gəldim. Suriyada İŞİD-in tərkibində vuruşan, pula görə oraya getdiyini deyən və peşman olduğunu bildirən bir azərbaycanlı orada 1 aya 150 dollar pul verildiyini söyləyib.

Halbuki bu gün hamı bilir ki, təkcə Bakı şəhərində istənilən ən aşağı gəlirli işdə çalışan insanlar 1 aya minimum 300 manat pul qazanırlar.

Elə isə bu binəvalar Suriyada, İraqda nə axtarırlar görəsən? 150 dollarlıq ölümmü? Çox ucuz deyil ki?!…

 İSAMƏDDİN ƏHMƏDOV, “Əkinçi” qəzetinin redaktoru