Müsəlman səbir edər, amma aciz olmaz

0
60
Allahqulubağı kənd məscidi
Allahqulubağı kənd məscidi

Səbir – Allahın istədiyi zaman durmaq, istədiyi zaman vurmaqdır. Səbir imanın yarısıdır. İradəmizdən asılı olmayaraq, başımıza gələn hər hansı hadisə qarşısında təhəmmül etmək səbirdir. Səbirsizlik Allaha üsyan etməkdir, səbir isə hər şeyi Allahdan gəldiyinə inanıb hansı hal olursa olsun, Allah qarşısında boyun bükməkdir. Səbir nəticəni dünyaya görə deyil, axirətə görə hesablayaraq qərar qəbul etməkdir.

Biri sənə pislik edir, amma sən inanırsan ki, o öz xətasını başa düşəcək. Ona görə də Allahı xoşnuq etmək üçün qarşılıq vermirsən. Bu, səbirdir. Başına cürbəcür bəlalar gəlir, xəstəliklər yaşayırsan, doğmalarını itirirsən, amma bütün bunların Allahdan olduğuna inanırsan, səbir edirsən.

Müsəlman səbir edər, amma aciz olmaz. Acizlik iradəsizlikdir, məqsədi, hədəfi, niyyəti olmamaqdır. Səbir isə hədəfi olmaqdır, iradəli olmaqdır, Allahı düşünərək qərar qəbul etməkdir. İslam terminologiyasında səbir yeri gələndə dözmək, yeri gələndə ayağa durub mübarizə aparmaqdır. İbadət də səbirdir, elm öyrənmək də səbirdir, bir zalıma qarşı üsyan eləmək də səbirdir. Səbir heç də zillət, rəzalət deyil. Əgər bir adam hansısa məsələ qarşısında dözüb durursa, onun niyyətinə baxmaq lazımdır. İradəsi, hədəfi və dözmək üçün əsası varsa, demək, o səbir edib. Yox, əgər heç bir məqsədi yoxdursa, sadəcə, 3-5 gün rahat yaşamaq üçün başını girləyirsə, o, səbir eləmir, acizlik edir, iradəsizlik edir. Səbir ibadətdir, həyatını Allahın əmrlərinə görə tənzimləməkdir. Allah bizi gerçək səbir edənlərin sırasına daxil eləsin.

www.zaman.az