Günlər ötüb gedir, gətirir ili,
Dərd məni öldürür ay el gözəli,
Vallah, belə getsə, olaram dəli,
Kimi var, dəlinin əlindən tuta,
Qoyma bu sevgini, qoyma tabuta.
***
Hələ ki, Günəş də, Ay da bizimdi,
Meşələr, dağ-dərə, çay da bizimdi,
Sevirik, dönürük,–qayda bizimdi,
Çıxır qarşımıza qəfil bir xata,
Qoyma bu sevgini, qoyma tabuta.
***
Həyatda sevgidən müqəddəs nə var?
Sevgisiz qəlb Yerdə tutarmı qərar?
Daha dözəmmirəm a bietibar,
Qıyma sevən könül dərd-qəmə bata,
Qoyma bu sevgini, qoyma tabuta.
***
Qanadım göylərdə qırılıb qalar,
Fikrim, xəyallarım Aya yol salar,
Səma başımıza enər, alçalar,
Kainat çələngdi, ulduzlar buta,
Qoyma bu sevgini, qoyma tabuta.
***
Sevinc sənin olar, dərd mənim olar,
Müqəddəs bir kədər həmdəmim olar,
Bizə, verdiyimiz vəd qənim olar,
Edərik biryolluq vida həyata,
Qoyma bu sevgini, qoyma tabuta.
***
Söhbət öz yerində, söz öz yerində,
Qalacaq payız, qış, yaz öz yerində,
Özün deyəcəksən günün birində,
Bu sevgi bənzərdi lələ, yaquta,
Qoyma bu sevgini, qoyma tabuta.
***
Demirəm günahım yoxdu yanında,
Suçsuzu olarmı heç insanın da?
Dərdi var dağın da, asimanın da,
Çıxmasaq, bilmərik, yeddinci qata,
Qoyma bu sevgini, qoyma tabuta.
***
Nə qədər ki, sağdı Yer üzərində,
Dərdin İsaməddin saxlar dərində,
Nə sirdir dünyanın gözəllərində,
Sevib ayrılırlar naz sat-sata,
Qoyma bu sevgini, qoyma tabuta.
İSAMƏDDİN ƏHMƏDOV
çox gözel.elinize,üreyinize sağlıq
Comments are closed.