“Həsən bəy Zərdabini Moskvada saxlamaq istəyirdilər”…

0
53

“Həsən bəy Zərdabinin həyat və yaradıcılığı hələ tam dəqiqliyi ilə öyrənilməyib”. www.zerdab.com saytının məlumatına görə, bu sözləri Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru, tanınmış tədqiqatçı, əməkdar mədəniyyət işçisi Maarif Teymur deyib. M. Teymurov qeyd edib ki, bir neçə il əvvəl arxivdə Zərdabinin 653 saylı fondu açılıb: “Ədəbiyyat və İncəsənət, həmçinin Dövlət Tarix arxivlərində “Əkinçi” və onun yaradıcısı H. Zərdabinin həyatı, fəaliyyəti ilə bağlı zəngin soraqlar var. Neçə ildir ki, H. Zərdabinin Ədəbiyyat və İncəsənət Arxivində fondu açılıb. Zərdabinin qohumu Fatimə xanımla neçə illər əvvəl görüşmüşdük, o, bizə müəyyən sənədlərin tapılması ilə bağlı köməklik etmişdi”.
Maarif müəllimin rəhbərlik etdiyi arxivdə Zərdabiyə aid olan fond sənədləri daim zənginləşdirilir: “Bu sırada H. Zərdabinin Hənifə xanıma yazdığı məktublar diqqəti xüsusi cəlb edir. Zərdabinin irsi indiyə kimi az tədqiq olunmasa da, onun elmi fəaliyyətinin müxtəlif aspektlərdən daha geniş səviyyədə araşdırılması vacibdir. Həmçinin arxivimizdə Zərdabiyə məxsus fondda 19-cu əsrin axırlarında imzalanmış torpaq haqqında müqavilələr, oğlanlarının fotoşəkilləri saxlanılır”.
H. Zərdabi ilə bağlı müxtəlif məlumatlara Azərbaycanın tanınmış şəxsiyyətlərinin şəxsi fondlarında da rast gəlmək olur: “Əkinçi” ilə bağlı soraqları hələ dünyaya istənilən səviyyədə çatdıra bilməmişik. Zərdabi yüksək erudisiyalı bir ziyalı idi. Məhz bu səbəbdən onu Moskvada saxlamaq istəyirdilər. Ancaq o, millətinə xidməti hər şeydən üstün tutdu”.
Arxivdə “Əkinçi”dən sonrakı milli mətbuat nümunələri də saxlanılır. Bu sırada “Kaspi” qəzetinin adını çəkmək olar: “Birləşmiş elmi məlumat kitabxanamızda “Kaspi” qəzetinin sayları qorunur. Zərdabi uzun müddət bu qəzetlə əməkdaşlıq edib. Zərdabi ilə Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin dostluq münasibətləri hələ araşdırılmayıb. C. Hacıbəyli onun hərtərəfli istedada malik şəxsiyyət olmasından bəhs edib. 1911-ci ildə o, Zərdabi haqqında əsər yazıb”. Zərdabinin şəxsi fondunda həmçinin Əlimərdan bəy Topçubaşovun bir neçə məktubu saxlanılır.

www.zerdab.com