Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayon Alıcanlı kənd orta məktəbində “Məişət zorakılığına yox. Erkən nikaha son” adlı tədbir keçirilib. Bu barədə Zerdab.com saytına Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzindən məlumat verilib. Tədbirdə Alıcanlı kənd orta məktəbinin direktoru, müəllim kollektivi və X-XI sinif şagirdləri, kənd İcra nümayəndiliyinin əməkdaşları, YAP Qadınlar Şurasının üzvləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Könül Həsənova bildirib ki, müasir dövrdə qadınların hüquqları müxtəlif formalarda pozulur: “İstər məişət zorakılığında, istər erkən nikahlarda, istərsə də, qadın alverində qadınların hüquqları tapdalanır. Ona görə də bununla bağlı mübarizə tədbirlərinin formalaşdırılması nəzərdə tutulur. Bu tədbirlərdən birini də ucqar kənd olan Alıcanlı kəndində keçirməyimiz məqsədəuyğun oldu”. Mərkəzin metodisti Ləman Səfərəliyeva bu sahədə təbliğat işlərinin daha çox məktəbli qızlar arasında keçirilməli olduğunu bildirərək, erkən nikahın törətdiyi sonrakı fəsadlardan, uşaqlarda gələcəkdə yaranacaq psixoloji təsirlərdən söhbət açdı. Alıcanlı kəndinin həkimi öz çıxışında erkən yaşda ailə quran qızlarda yaranan potoloji problemlərən danışdı. Sonda tədbirdə iştirak edənlərə buklet və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin göndərdiyi “ailələrə məktub” paylandı.
Zerdab.com