Prezidentin Zərdaba qayğısı, Fransa təcrübəsi və görüləcək işlər

0
50

Zərdab rayonuXəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bir müddətdir 14 rayonun icra hakimiyyətlərinin başçıları Fransada səfərdədir. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin də Fransada olduğu barədə Zerdab.com saytında məlumat vermişdik. Bildirmişdik ki, Lütvəli Babayev də Fransanın müxtəlif şəhərlərində olub yerli təcrübəni öyrənəcək. Məqsəd Avropa şəhərlərinin inzibati idarəetməsini, şəhər infrastrukturunu, müasir şəhərsalma mədəniyyətini öyrənməkdir.

 “Mənə elə gəlir ki, bu səfərin faydası çox olacaq”

Hələ bir müddət öncə icra hakimiyyətləri başçılarının səfərinə münasibət bildirən iqtisadçı alim Əli Əlirzayev demişdi ki, təcrübə mübadiləsi baxımından bu kimi səfərlərin müsbət əhəmiyyəti var. Onun sözlərinə görə, icra başçıları xarici ölkələrdə inkişafı görür və buna hansı metodlardan istifadə etməklə nail olduqlarını öyrənir: təsərrüfatçılıq, şəhərə olan münasibət necədir, daxildən olan idarəetmə necə təşkil olunub və s. Bu kimi işgüzar səfərlər əməkdaşlığı genişləndirir. Bu da, öz növbəsində, nəyisə öyrənməyə şərait yaradır: “Dünya gör-götür dünyasıdır. Ona görə də çalışmaq lazımdır ki, bu cür səfərlər səmərəli nəticə versin. Mənə elə gəlir ki, bunun faydası olacaq”.

Foto

Şəhər və rayon icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti Fransaya işgüzar səfər çərçivəsində Fransanın Merlər Assosiasiyasının sədri Jak Pelisarla görüşüb

“Gələcəkdə şəhərsalma məsələsində birgə əməkdaşlıq davam etdiriləcək”

Bu günlərdə isə rayon icra hakimiyyətlərinin başçıları ilə görüşdə Fransanın Merlər Assosiasiyasının sədri Jak Pelisar rəhbərlik etdiyi qurumun müstəqil fəaliyyət göstərdiyini, ölkənin bütün icmalarını özündə birləşdirdiyini, təşkilatın fəaliyyətinin təhsil, ekologiya, maliyyə kimi sahələri əhatə etdiyini diqqətə çatdırıb. Assosiasiyada çalışan 70 nəfərin şəhərlərin idarə edilməsi sahəsində böyük təcrübəyə malik olduqlarını, onların şəhərsalma ilə bağlı qanunvericiliyin elmi müddəalarını yaxşı mənimsədiklərini vurğulayan J. Pelisar ilk dəfə Azərbaycanın bir sıra şəhər və rayonlarının icra başçıları ilə görüşdüyünü, gələcəkdə şəhərsalma məsələsində birgə əməkdaşlığın davam etdiriləcəyinə və əldə olunan təcrübələrin bölüşdürüləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin Milli Assambleyada Alenson şəhərinin meri, Orn vilayətinin deputatı Yoakim Pöyo ilə görüşündə mer Alenson şəhəri barədə məlumat verib. Alenson şəhərində Orn departamentinin Ali Şurasının sədri və Vimutye şəhərinin meri Qi Romanla görüşdə isə iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin və şəhər quruculuğu ilə bağlı təcrübə mübadiləsi aparılmasının vacibliyi vurğulanıb.Zərdab rayonuPrezident Administrasiyasının baş məsləhətçisi: “Regionlarımız inkişaf edir”

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov keçirilən görüşlərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb, son illər iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu söyləyib. O, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Fransa ilə iqtisadi və mədəni sahələrdə yüksək səviyyədə əlaqələrin mövcudluğunu qeyd edib. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da inkişaf etdiyini bildirən V. Bağırov bu inkişafı daha da sürətləndirmək məqsədilə iri layihələrin həyata keçirildiyini söyləyib. O, Azərbaycanın bəzi şəhər və rayonları ilə Fransanın ayrı-ayrı şəhər və rayonlarının qardaşlaşmasının ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Səfərin şəhərsalma, nəqliyyatın, kommunal sahələrin və ümumilikdə şəhər təsərrüfatının və infrastrukturunun inkişaf etdirilməsi sahəsində Fransanın təcrübəsi ilə yaxından tanışlıq məqsədi daşıdığı diqqətə çatdırılıb.

Zərdab rayonuPrezident İlham Əliyev: “Mən çox şadam ki, Zərdabda işlər yaxşı gedir”

Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ilin may ayında Zərdab rayonuna səfər edərkən bir sıra açılışlar etmiş, görülən işlərlə tanış olmuş və Zərdab rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə: “Mən çox şadam ki, burada işlər yaxşı gedir”,-deyə qeyd etmişdi. Dövlət başçısının Zərdab rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxışının müəyyən hissəsini xatırlatma üçün oxucularımıza təqdim edirik. Bu dialoq həmin görüş ərəfəsində rəsmi dövlət qəzetlərində yayınlanmışdı:

Zərdablılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV ictimaiyyət nümayəndələrini salamlayaraq soruşdu:

– Zərdab rayonunda işlər necə gedir?

SAKİN: Əla, yüksək səviyyədə.

Prezident İlham ƏLİYEV: Çox yaxşı.

SAKİN: Allah Sizə ömür versin! Allah Sizi qorusun! Cənab Ali Baş Komandan, biz Sizdən çox razıyıq. Biz Sizi ürəkdən sevirik. Həsən bəy Zərdabi yurdu həmişə Sizi dəstəkləmişdir. Siz ulu öndərin siyasətini uğurla davam etdirirsiniz. Bu möhtəşəm işlərə görə Sizə çox minnətdarıq. Rayonumuza təyin etdiyiniz başçı da bizə çox yaxşı baxır. Rayonumuz çox abadlaşıb. Bu, bizi çox sevindirir. Zərdabda çox gözəl işlər görülür. Ümumiyyətlə, Siz çox gözəl insansınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

SAKİN: Allah Sizi Azərbaycan xalqına çox görməsin. Siz Azərbaycan üçün böyük işlər görürsünüz.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Hörmətli Prezident, mən çox şadam ki, Sizin atanızla, ulu öndərimizlə də görüşmüşəm. Çox xoşbəxtəm ki, indi Sizinlə görüşürəm.

Zərdab rayonuPrezident İlham ƏLİYEV: Çox sağ olun. Mən çox şadam ki, burada işlər yaxşı gedir, burada böyük planlar vardır. Hər bir rayon üzrə konkret proqramlar var, təkliflər vardır. İndi yerlərdən gələn təkliflərə baxırıq. Hər bir rayon üzrə konkret proqram icra olunmalıdır. O cümlədən Zərdab rayonunda bütün işlər yüksək səviyyədə görülməlidir. Rayonların inkişafı, abadlıq, quruculuq işləri, yolların, su, qaz xətlərinin çəkilişi, bütün bu məsələlər çox vacibdir. Hər bir rayon üzrə konkret proqram icra olunur. Ona görə mən istəyirəm Sizdən soruşum, hansı məsələlər öz həllini gözləyir, hansı məsələlərə daha da böyük diqqət göstərilməlidir? Harada biz daha da çevik siyasət aparmalıyıq?! Mənim bölgələrə səfərlərimin səbəbi bundan ibarətdir. Həm vəziyyətlə tanış olmaq, həm də Sizdən eşitmək ki, əlavə hansı işlər görülməlidir?

SAKİN: Hörmətli cənab Prezident, bu gün rayonumuzun camaatı çox sevinir ki, Siz Zərdaba ikinci dəfə təşrif buyurmusunuz. Bu səfər insanların qəlbində çox böyük qürur, sevinc hissi yaradır. Sizə “Xoş gəlmisiniz” deyirik.

Rayondakı abadlıq, quruculuq işlərindən danışan müəllimə Vüsalə KƏRİMOVA bir çox sosial obyektlərin, xidmət müəssisələrinin, Qarabağ əlilləri üçün mənzillərin inşa edildiyini, yolların abadlaşdırılmasının geniş vüsət aldığını diqqətə çatdırdı. O, son illər rayonda yeni məktəblərin tikilməsinə, onların maddi-texniki bazasının güclənməsinə dövlət dəstəyi ilə yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi qeyd etdi.

Prezident İlham ƏLİYEV: Sizdə qazlaşdırma ilə bağlı vəziyyət necədir?

SAKİN: Yaxşıdır. Bu işə kəndlərdə də başlayıblar.

Prezident İlham ƏLİYEV: Başlayıblarmı?

SAKİN: Bəli, başlayıblar.

Prezident İlham ƏLİYEV: Bəs rayon mərkəzi necə, qazlaşdırılırmı?

Rayon icra hakimiyyətinin başçısı Lütvəli BABAYEV: Cənab Prezident, rayonun mərkəzi tamamilə qazlaşdırılıb. Hazırda Sizin diqqət və qayğınız sayəsində Dövlət Proqramına uyğun olaraq 41 kənddə qazlaşdırma işlərinə başlanılıb və hazırda işlər sürətlə gedir. Bayaq qeyd olunduğu kimi, təbii fəlakətin rayonumuza vurduğu ziyanın nəticələri Sizin diqqət və qayğınız sayəsində tez bir zamanda aradan qaldırılıb. 60,6 kilometr uzunluğunda, 8 metr enində bənd işləri görülüb.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Elektrik enerjisi ilə təchizat sarıdan vəziyyət necədir? Qaydasındadırmı?

SAKİNLƏR: Çox yaxşıdır. Qaydasındadır.

Zərdab rayonuPrezident İlham ƏLİYEV: Rayon üçün əlavə nə işlər görülməlidir? Hansı təklifləriniz, təşəbbüsləriniz var? Hansı məsələlər tezliklə öz həllini tapmalıdır?

SAKİN: Sizin tapşırığınıza əsasən hazırda rayonumuzda kanalizasiya və içməli su məsələləri həll olunur.

Prezident İlham ƏLİYEV: Zərdab rayonunda da kənd yolları, əksər yollar torpaq yollarıdır. Onlara da asfalt vurulmalıdır. Konkret təkliflər verin. Bəzi rayonlarda müəyyən işlər görülüb, yollar çəkilib, burada da çəkilməlidir. Rayonda neçə kənd vardır?

Lütvəli BABAYEV: 41 kəndimiz vardır.

Prezident İlham ƏLİYEV: Əhali nə qədərdir?

Lütvəli BABAYEV: Hazırda rayonumuzun 54 min əhalisi vardır. Sizin tapşırığınıza əsasən artıq 41 kənddə 119 kilometr kəndarası yollar çəkilməlidir.

Prezident İlham ƏLİYEV: Təkliflərinizi vermisiniz?

Lütvəli BABAYEV: Bəli, cənab Prezident vermişik.

SAKİN: Cənab Prezident, veteranlarımız da, gənclərimiz də Sizi həddən artıq çox istəyirlər.

Prezident İlham ƏLİYEV: Sağ olun, mən də sizi çox istəyirəm. Veteranlara həmişə qayğı göstərilibdir və göstəriləcəkdir.

Zərdab rayonuSAKİN: Cənab Prezident, veteranlarımızın, gənclərimizin bir arzusu vardır: Ancaq və ancaq Qarabağ məsələsi həll olunsun. Əminik ki, Sizin səyləriniz nəticəsində bu məsələ həllini tapacaqdır. Biz bunu səbirsizliklə gözləyirik. Sağ olun.

Sonda Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

Prezidentin Zərdab rayonuna qayğısı

Bəs bu ilin 9 ayında rayonumuzda hansı əhəmiyyətli layihələr icra olunub? Faktlara diqqət yetirək. Bu ilin 9 ayında Prezidentin diqqət və qayğısı ilə Zərdab rayonunda da sosial-infrastruktur layihələri icra olunub. Həyata keçirilən tədbirlər nəticəsində Zərdabda 246 daimi iş yeri yaradılıb. Otmanoba və Körpükənd yaşayış məntəqələrindəki məktəb binaları, Böyük Dəkkə və Dəkkəoba kəndlərindəki uşaq bağçaları əsaslı şəkildə təmir edilib. Heydər Əliyev Fondunun məktəbəqədər tərbiyə müəssisələrinin inkişafı proqramı çərçivəsində hər biri 50 yerlik olmaqla 2 körpələr evinin tikintisi davam etdirilib. Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulmasında ləngimələrə yol verilməyib. Rayonun mərkəzi küçələrində, Heydər Əliyev parkında və prospektində quruculuq, abadlıq, təmir-bərpa tədbirləri aparılıb. Yollara asfalt örtüyü döşənib. Uzunluğu 2 kilometrə qədər olan Rəhim Bəy Məlikov küçəsində yol asfaltlanıb. Milli Təhlükəsizlik Nazirliyinin Zərdab rayon şöbəsinin inzibati binasında son tamamlama işləri aparılır. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional Xidmət Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin Zərdabda yaradılacaq idarəsi üçün yeni inzibati binanın inşasına başlanılıb. Rayon əhalisinin içməli suya olan tələbatını ödəmək üçün 17 ədəd modul tipli sutəmizləyici qurğu, 194 ədəd bulaq istifadəyə verilib. Bununla belə 528 abonent mavi yanacaqla təmin olunub. Bu, görülən işlərin yalnız bir hissəsidir.Zərdab rayonu

Biz inanırıq ki, Prezident İlham Əliyevin bütün bölgələrə, o cümlədən Zərdab rayonuna göstərdiyi diqqət və qayğı nəticəmizdə rayonumuzda bundan sonra da böyük işlər görüləcək. Azərbaycanın inkişafı, əldə olunan uğurlar, görülən işlər bundan xəbər verir.

Sevinc Vaqifqızı, Zerdab.com