Nüfuzlu “Business-year” jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın müsahibəsi dərc olunub. www.zerdab.com saytı qısa ixtisarla AzərTAc-a istinadən həmin müsahibəni təqdim edir.
-Siz dünyada ən işgüzar birinci xanım kimi tanınırsınız. Siz Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri, eyni zamanda, Azərbaycan Milli Məclisinin deputatısınız. Belə böyük və çoxşaxəli fəaliyyət Sizin üçün nə deməkdir?
-Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən. Bu kömək müxtəlif cür ola bilər. Bəziləri itirdiyi sağlamlığını qaytarmağa çalışır, bəzisi təhsil almaq, digəri muzey yaratmaq istəyir, biri isə gələcək nəsillər üçün abidələri qorumaq istəyir. Bəzən infrastruktur dəyişikliklərini müdafiə etmək zərurəti yaranır, bəzən də maraqlı layihələrin təşkilati dəstəyə ehtiyacı olur. Ən əhəmiyyətlisi odur ki, biz həm böyük layihələrin həyata keçirilməsi ilə, həm də insanlara kömək etməklə məşğuluq.
-Heydər Əliyev Fondu 2004-cü ildə yaranıb. Yarandığı gündən bəri Fond bir sıra mədəni, təhsil və səhiyyə layihələrini həyata keçirib. Fondun fəaliyyətini necə qiymətləndirirsiniz?
-Bizim fəaliyyətimizin, layihə və proqramlarımızın təsnifatını vermək çətindir. Əvvəldən başlayaraq fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirdik. Buraya təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr daxil idi. Səkkiz il ərzində Heydər Əliyev Fondu həmin sahələrdə uğurlu layihələr həyata keçirib. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, Bakıda yüksək səviyyəli konfranslar və festivallar keçirdik. Fond təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək, qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətini davam etdirir. Belə bir anlayış var: humanist meyar. Bizim Fond bu aspektdə işləyir. Fərqləndirmək çətindir ki, deyəsən, bu təcilidir, bu isə gözləyə bilər. Məsələn, Fondun layihələri çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlar səviyyəsində təchiz olunub. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Bu isə on minlərlə oğlan və qızı layihəyə cəlb etmək deməkdir. Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Çox mühüm işdir, qoyulan sərmayənin özünü doğruldacağı şübhəsizdir. Eyni zamanda, Fondumuz genişmiqyaslı səhiyyə layihələri həyata keçirir. Buraya xəstəxanalar, klinikalar tikilməsi, müasir avadanlıq alınması, diabet və tallassemiya xəstəliklərinin müalicəsi daxildir. Bu layihələrin hər biri neçə həyatın qorunması və sağlamlığı deməkdir.
Mədəniyyətin, mədəni irsin qorunması Fondun fəaliyyətində başqa bir istiqamətdir. Fondun dəstəyi ilə musiqi tədbirləri, ənənəvi muğam festivalı, Qəbələ beynəlxalq musiqi festivalı və Rostropoviç klassik musiqi festivalı keçirilir. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilib, regionlarda yeni muzey və musiqi məktəbləri yaradılıb. Biz beynəlxalq təşkilatlarla, o cümlədən, UNESCO, İSESCO və UNİSEF ilə fəal əməkdaşlıq edirik. Buna baxmayaraq, elə bilirəm ki, Fondun fəaliyyətinin ən böyük nəticəsi Azərbaycanda xeyriyyə fəaliyyətini canlandırmaq olub. Ölkəmizdə xeyriyyə fəaliyyətinin uzun tarixi var. İlk neft bumu dövründə neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev bu ənənələrin yaranmasına böyük töhfə veriblər. İyirminci əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev qızlar üçün ilk dünyəvi məktəbin tikintisini, ilk milli teatrın açılmasını maliyyələşdirib. O, azərbaycanlı gənclərin Rusiyada və Avropada təhsil almasına da yardım edib. Musa Nağıyevin tikdirdiyi gözəl binalar Bakının memarlıq inciləri sırasındadır. Yaxşı haldır ki, bu ənənələr qədim tarixi olan, Şərq ilə Qərbin kəsişdiyi yerdə qərar tutan tolerant və dünyəvi Azərbaycanda indi də yaşayır. Burada keçmişlə indiki zaman həmahəng olaraq yaşayır.
-Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə nadir mədəni irsin qorunmasına ciddi töhfələr verməkdədir. Məsələn, Fond Parisdə Notr-Dam, Strasburq Kafedral kilsələrinin bərpasına da yardım edib. Sizcə, bu işlərin əhəmiyyəti nədədir?
-Qədim və zəngin mədəni irs xalqımızın iftixarıdır. Buraya əsrlərlə yaşı olan xalçaçılıq sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar harmoniyasını təqdim edən musiqi, həmçinin “donmuş tarix” adlanan Azərbaycan memarlıq abidələri daxildir. Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inamla deyə bilərəm ki, bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də, həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün əlimizdən gələni edirik. Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayını bərpa edib. Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Fond bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Hazırda biz Vatikanda mədəni abidələrin bərpası üçün danışıqlar aparırıq. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir. 2011-ci ildə Fond müstəqilliyimizin 20-ci ildönümü münasibətilə müxtəlif ölkələrdə böyük tədbirlər keçirdi. Elə bilirəm ki, bu tədbirlər bir çox insanların bizi tanımasına yol açdı, onlar musiqimizi, mədəniyyətimizi, incəsənətimizi sevdilər. Yanvar ayında Londonda “Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti” sərgisini təşkil etdik. Sərgidə ən müxtəlif janrlarda bir-birindən maraqlı əsərlər, boyakarlıq, qrafika, foto və video nümunələri nümayiş etdirildi. Belə sərgilər tezliklə Berlində, Nyu-Yorkda, Parisdə və Romada da keçiriləcək.
Qeyd etmək istərdim ki, Fondun beynəlxalq fəaliyyəti yalnız mədəni tədbirlə məhdudlaşmır. Fond Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikib. Köhnə məktəbi zəlzələ dağıtmışdı. Hollandiya, Gürcüstan, Misir, Rusiya və Rumıniyada məktəblər tikilib və ya təmir edilib. Haiti zəlzələsindən, Rumıniya daşqınlarından əziyyət çəkmiş insanlara yardım etmişik. Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə öz töhfəsini verir. Fondumuz beynəlxalq əməkdaşlıq üçün gözəl imkanlar yaradır.
-Dünya iqtisadiyyatının böhran içində olduğu bir vaxtda Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycanda xeyriyyə fəaliyyətini inkişaf etdirməyin əhəmiyyəti nədir?
-Azərbaycanın uğurları aşkardır. Dövlət büdcəsi 16 dəfə artıb, minlərlə məktəb, yüzlərlə səhiyyə müəssisəsi, onlarla idman qurğusu tikilib. Yoxsulluğun səviyyəsi beş dəfə azalaraq 49 faizdən 9 faizə enib. Sevimli Bakımız çox dəyişib, Azərbaycanın rayonları da dəyişib. Bu, ölkədə inkişafın miqyasını və dərəcəsini aydın göstərir. Buna baxmayaraq, qeyri-kommersiya sahəsində xeyli iş görülməlidir. Hər şeydən əvvəl, mədəniyyət sahəsində. Bu gün Azərbaycan daha çox neft və qaz ixracatçısı kimi tanınır. Amma bizim tariximiz, mədəniyyətimiz də əhəmiyyətli milli irsdir. Zəruri sosial layihələr də bizi gözləyir, amma sosial-iqtisadi inkişaf hələ o səviyyədə deyil.
Zənnimcə, insanın hissləri, daxili duyumu çox mühüm amildir. İqtisadi böhran davam edirsə, xeyriyyə ənənələrini və sosial məsuliyyəti artırmaq həyati zərurətə çevrilir, bu, insana başqasının dərdinə yanmaq və onu başa düşmək qabiliyyəti aşılayır. Bu, həyatımızın bir parçasına çevrilməlidir.
-Bir il əvvəl Azərbaycan Ell və Nikki duetinin timsalında Düsseldorfda “Eurovision” mahnı yarışmasında qələbə qazandı. “Eurovision-2012” yarışmasının Təşkilat Komitəsinin sədri kimi deyə bilərsinizmi, Azərbaycan belə mühüm bir tədbirə ev sahibliyi etməyə necə hazırlaşır?
-Deməliyəm ki, “Eurovision” mahnı yarışmasında təmsilçilərimizin qələbəsini xalqımız çox böyük coşqu ilə qarşıladı. Bir azərbaycanlı, ölkəmin bir vətəndaşı kimi bu hadisə mənə hədsiz təsir etdi. Bu, həm iştirakçıların, həm də onların çıxışını hazırlayanların böyük uğurudur. “Eurovision”da qələbə onu göstərir ki, həyatda uğur və məsuliyyət yanaşıdır. Belə irimiqyaslı yarışmaya hazırlıq bir çox aspektlərdən asılıdır: konsert zalı, otellər, şəhər təchizatı, infrastruktur. Bizim hazırlığımız artıq sona çatır. Ümid edirəm ki, hazırlığımızın nəticələrini aprel ayında yekunlaşdıra bilərik. Başqa bir məsələni qeyd etmək istərdim. “Eurovision” müxtəlif ölkələrin, müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin ümumi təntənəsidir. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və harmoniya içində dinc yanaşı yaşayıblar. Qitələrin və sivilizasiyaların qovuşuğunda yerləşən bir ölkə kimi, biz müxtəlif dinlərlə, müxtəlif mədəni dəyərlərlə, adət və ənənələrlə tanışıq. Bizim tolerantlıq ənənəmiz elə bir parlaq təməl yaradıb ki, Azərbaycana gələn hər bir təşkilatçı, müşahidəçi, yaxud adi tamaşaçı üçün hər cür şərait yarada bilərik. Ümid edirəm ki, Şərq memarlıq üslubu ilə müasir Avropa üslubunu özündə birləşdirən Bakının gözəlliyi özünün çeşidli aurası, mehribanlığı və qonaqpərvərliyi ilə hətta ən tələbkar qonaqların da istəyinə cavab verəcək. “Eurovision-2012” mahnı yarışması ilə bağlı on minlərlə insan Bakıya gələcək. Biz onları qəbul etməkdən məmnunuq.