Zərdabinin babasından qalan mülk və bağ necə bölünmüşdü? -İLK DƏFƏ

0
57

 

       Eldəniz Əli oğlu Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru,  Beynəlxalq Ekoenergetika Akademiyasının Ekologiya üzrə professoru, Zərdabişünas,            Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Eldəniz Əli oğlu Həsənov,
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru,
Beynəlxalq Ekoenergetika Akademiyasının
Ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəydən qalan mülk və bağın oğlanları Səlim bəylə Qasım bəy arasında bölünməsi

“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyada (Bakı, “Zərdabi LTD” MMC, 2013, 384 səh.) apardığım çoxillik tədqiqatlar, əldə etmiş olduğum bilgilər, arxiv sənədləri əsasında ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi əks olunmuşdur. Zərdabi nəslindən olan insanların keçmiş olduqları şərəfli və eyni zamanda, iztirablı, keşməkeşli həyat yolları barədə araşdırmalar aparılmış, ətraflı bilgilər əldə olunmuş və bunlar sözügedən monoqrafiya vasitəsilə xalqımıza çatdırılmışdır.

Bütün bunlarla kifayətlənməyərək tədqiqatları davam etdirməyi,  Zərdabi irsi ilə bağlı daha dərin araşdırmalar aparmağı qarşıma məqsəd qoymuşam. Əlbətdə, tarixi faktları üzə çıxarmaqla, Azərbaycanın məşhur Məlikovlar soyunun kimliyini tam şəkildə xalqımıza tanıtmalıyıq. Hesab edirəm ki, bu, hər bir Azərbaycan ziyalısının, Zərdabişünasların, Zərdabisevərlərin və tədqiqatçı alimlərimizin mənəvi borcudur.

Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin kim olması barədə bir qədər məlumat verim.

Məlik Rəhim bəy Şirvan xanlığının Qarasubasar mahalının naibi olmaqla, eyni zamanda həmin mahalın tərkibinə daxil olan qədim Zərdab kəndinin yiyəsi (sahibi) olmuşdur.

1820-ci ildə Şamaxı xanlığı ləğv edildikdən sonra da, 1821-ci ildən başlayaraq bir müddət, Qarasubasar mahalı indiki Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Ləki, İkinci Ləki, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayırdı.

Mahalın naibi  Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəy idi.

1821-ci ildən sonrakı illərdə də Qarasubasar mahalının naibi Məlik Rəhim bəy olmuşdur.

Qarasubasar mahalının sakinləri əsasən əkinçilik və baramaçılıq, pambıqçılıqla məşğul olmuşlar.

Mahalları xan talağı (fərmanı) ilə təyin olunmuş mahal bəyləri (naiblər) idarə edirdilər. Kəndləri və obaları  kovxalaryüzbaşılar idarə edirdilər. Onları kənd və ya oba icması seçirdi.

Yuxarıda qeyd etdiyimiz kimi, inzibati cəhətdən Şamaxı xanlığı mahallara bölünmüşdü ki, onun da mərkəzi idarə aparatı ilə yanaşı, hər mahalın da öz idarə orqanları var idi. Mahalları bəylərdən təyin olunmuş mahal naibləri idarə edirdilər.

Mahal naibləri xanın müəyyən etdiyi vergiləri kənd icmaları arasında bölür, vergi verməkdən boyun qaçıranları vergiləri ödəməyə məcbur edir, lazım gəldikdə kəndliləri qoşuna səfərbər edir, müharibə və yürüş zamanı onlara komandanlıq edir, mahalın sərhədlərini qoruyurdular.

Məlik Rəhim bəy Qarasubasar mahalının naibi olmaqla, eyni zamanda Zərdab kəndinin yerləşdiyi Şirvan ərazisində xeyriyyəçiliklə məşğul olmuş, elmə, maarifə himayədarlıq etmişdir.

Böyük hörmət və nüfuz sahibi olan Rəhim bəy İran şahzadəsi Xosrov Mirzə Qacar Rusiyanın paytaxtı Peterburqa gedərkən onu Qarabağda qarşılayan Şirvan bəyləri qrupunda olmuşdur.

Hələ 1826-cı ildə və sonrakı illərdə də faktiki olaraq Qarasubasar mahalının naibi Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin olmasının tarixi təsdiqini Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxiv materialları içərisindən əldə etdiyim, ağ saya vərəqə üzərində, qara mürəkkəblə qoşun dəstəsi üçün təcili surətdə çörək göndərilməsi haqqında farsca yazılan və həmin məktubun üstünə general Paskeviç tərəfindən yazılmış və Qarasubasar mahalının naibi Rəhim bəyə göndərilmiş 21 oktyabr 1826-cı il tarixli, 1 vərəqədən ibarət, rus dilində olan əmrdən də aydın görmək olar. Həmin əmrin kserosurəti ilə oxucularımızı tanış etmək maraqlı olardı.Həsən bəy Zərdabi

Farsca yazılan bu məktubun mətnində bildirilir:

Hörmətli alicənab Rəhim bəyə.

Keçmişdə qoşun sursatı haqqında məktub yazmışdım. Yenə də bu barədə cənab polkovnik Mişkinə məktub yazmışam. Sizin sədaqətinizə tam əminəm.

Mümkün olsa tez bir zamanda padşah anbarlarından min çuval taxıl uzunqulaqlara yükləyib Çərəkənə yola salasınız (Çərəkənə dedikdə, indiki Göyçay rayonunun Çərəkə kəndi nəzərdə tutulur – E.H.).

      1826-cı il oktyabr ayı (1342-ci il, Rəbiül-axır)”.

Bu haqda hörmətli İmperatorun eşikağası (eşikağası o zaman daxili işlər naziri hesab olunurdu – E.H.) Anişov Paskeviçə məlumat verilmişdir.

Eyni zamanda bu məktubun üstünə farsa yazılan dərkənarda bildirilir ki, məsələ ilə bağlı cənab polkovkik Mişkinə məlumat verilmişdir.

Farsca yazılan və möhürlənən sösügedən məktubun üstündə köndələn surətdə belə dərkənar yazılmışdır:

 “Zərdab mahalının naibi Rəhim bəyə. 1004-cü dəstəyə ən qısa vaxtda çörək çatdırma haqqında əmr. 21 oktyabr 1826-cı il. General – Paskeviç”

Mənbələrdə  Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin yalnız Səlim bəy adlı oğlu olduğu bildirilsə də, apardığımız araşdırmalar deməyə əsas verir ki, Məlik Rəhim bəyin oğlu Səlim bəydən başqa Qasım bəy, Hidayət bəy, Əsəd bəy adlı oğulları, Tubu Ayna xanım adlı qızları olmuşdur.

Tədqiqatlarımız, araşdırmalar, əldə etdiyimiz bilgilər əsasında onu da müəyyən etmişik ki, Məlik Rəhim bəyin Cəfərqulu bəy, Məmmədalı bəy, Qədir bəy adlı qardaşları da olmuşdur ki, onların hər biri Şirvanın ən varlı-dövlətli bəylərindən hesab edilmişdir.

Bu insanların həyatı, nəsil şəcərəsi, qohumluq əlaqələri, onların bu gün ölkəmizdə və xariçi ölkələrdə yaşayan, əməli fəaliyyət göstərən layiqli nümayəndələri haqqında “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyada ətraflı məlumatlar verilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Həsən bəy Məlikov Zərdabi irsi, onun həyatı və yaradıcılığı ilə bağlı bir daha araşdırmalarımı davam etdirən zaman dahi mütəfəkkirin bu institutda mühafizə olunan şəxsi arxiv materialları içərisində belə bir maraqlı fakt diqqətimi cəlb etdi.

Bu faktla əlaqədar, yəni Həsən bəy Zərdabinin atası Səlim bəy, əmisi Qasım bəy Rəhim bəy oğlanları arasında atalarından qalan mülk və bağın bölünməsi barədə, ağ, saya vərəqə üzərində qara mürəkkəblə, ərəb əlifbası ilə yazılmış, 1873-cü ilin mart ayında iki vərəqədən ibarət tərtib edilmiş və 11 möhürlə təsdiq olunmuş “Qəbələ”nin Azərbaycan dilinə tərcümə edilmiş kserosurətini oxucuların, Zərdabi nəslinin nümayəndələrinin diqqətinə çatdırmaq hesab edirəm ki, çox maraqlı və gərəkli tarixi bir sənəd olardı.

Eyni zamanda bu tarixi sənəd deməyə əsas verir ki, Rəhim bəy 1837-ci illərdə dünyasını dəyişmişdir.

Həsən bəy ZərdabiBiz burada poruçik Səlim bəy və Qasım bəy, Rəhim bəy oğlanları vardıq (1837-ci ildə sözügedən Qəbələ (müqavilə) bağlanılan zaman Səlim və Qasım bəy qardaşlarının hər ikisi Çar Rusiyasının həbi zabiti idi – E.H.). Öz atamız mərhum Rəhim bəydən qalan cəmi mülkbağımızı öz aramızda riza-rəgbətimiz təqsin ilə şəri Məhəmmədiyə (c) müvafiq təqsim elədik (yəni, şəriət qanununa müvafiq olaraq böldük – E.H.). Bizə təqsim olunan Tuqay, Ağcaqovaq bağla Tuqay köküşdə (köküş-çökəklik mənasındadır – E.H.) Qasım bəy tutan yerin bir yanı iki qitə (iki qitə-iki hissə deməkdir – E.H.) Rüstəm bəy və bir yanı Xəlil bəyRiza oğlu tutan yerin nisbi qitə bağla Tuqay qablı (qablı-meşənin yanı, kənarı mənasındadır – E.H.) Pirməni oğlu tutan bir qitə, bağla Tuqay qablı Rzakələdüz tutan bir qitə, bağla quyruq qablı Çopur yeri (quyruq qablı-meşənin kənarının uc, son nöqtəsi mənasındadır – E.H.)  və quyruq yeri, bu səkkiz qitə bağ ki, bizə hissəvi rəsəd düşübdür (bir-biri ilə iç-içə, ayrılmaz – E.H.). Bu hissə rəsəd bizə öz rəğbətimiz ilə razı olub, qəbul elədik.

Müttəq dahi mundan sonra qardaşlarımız ilə qismət xüsusda bir davamız yoxdur. Hərgah munnan sonra bu xüsusda bizim hər birimizdən bir dava tutsaq səri Məhəmmədiyəyə (s) müvafiq sözümüz şər hüzurunda (yəni, şəriət qanununa müvafiq Allah hüzurunda, qiyamət məhkəməsində – E.H.) Rusiya divanxanalarında (divanxanalar dedikdə hökumət məclisi, məhkəmə nəzərdə tutulur – E.H.) məsmu olmuyub (məsmu olmuyubbaxılmayıb, müzakirə edilməyib – E.H.). Və edilməyəcəkdir. Öz rizamız (rizamız-razılığımız – E.H.) ilə bu iqrar (iqrar – söz vermə, vəd etmə mənasındadır – E.H.) kağızını yazıb verdik və möhürümüzü səpt eylədik”.

        1253-cü il Məhərrəmül həram ayının 1-i (1837-ci ilin mart ayı).