Etdiyiniz heç bir əməl Allahdan gizli qalmaz

0
114

dunya“De: “(Ey insanlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!” (ət-Tovbə, 9/105)

Uca Allah bu ayədə bizi əməllərimizdə səmimi olmağa və səmimi davranmağa dəvət edir. Belə ki, qiyamət günündə gizli və aşkar əməllərimiz, gördüyümüz bütün işlər və eləcə də niyyətlərimiz bütün yönləri ilə Allaha təqdim olunacaq və o gün hər şeyin iç üzü və həqiqəti ortaya çıxacaq. Beləcə bu ayə Allahın əmrinə qarşı gələnlər üçün bir hədə olmaqla yanaşı möminlər üçün də əməllərini səmimi bir şəkildə Allah üçün etməli olduqlarına dair xəbərdarlıqdır. İmanda, əməldə və əxlaqi davranışlarımızda səmimiyyət olmalıdır. İmanımız təqliddən, əməlimiz lovğalıqdan və sünilikdən uzaq olmalıdır. Necə ki, Allah bizim batinimizi və həqiqi niyyətimizi bilir, eləcə də əməllərimiz və davranışlarımız vaxt ötdükcə cəmiyyət içində həqiqi simamızı meydana çıxaracaq. Bu baxımdan səmimiyyət insanın batini ilə zahirinin, davranışları ilə sözünün bir olmasıdır. İnsanın özünü fərqli göstərməyə çalışması, qəlbində hiss etmədiklərini süni bir şəkildə sanki yaşadığı bir hal kimi göstərməsi hər şeydən əvvəl öz-özünü aldatmasıdır.

Allah bu ayədə bizə xitab edərək, “Nə edirsiniz-edin, nəticədə Allah, Peyğəmbər və möminlər əməllərinizi görəcəklər. Etdiyiniz heç bir əməl Allahdan gizli qalmaz. Xatalarınızdan geri dönəcəksinizmi, ibadətlə məşğul olacaqsınızmı, var-dövlətinizdən yoxsul və kasıblara köməklik gösətərcəksinizmi? Buyurun, nə edirsiniz-edin! “ buyurur. Beləcə məsuliyyətimizi dərk edərək, yaxşı davranışlara yönəlməyimizi istəyir.

Səmimi şəkildə gözəl bir həyata doğru irəliləməyə qərar verən hər bir insan öz mükafatını Allahdan alacaq. Batinimizi də, zahirimizi də ən yaxşı Allah bilir. O, mükafatını bəzən bu dünyada, bəzən də axirətdə verər. Bu mövzuda Peyğəmbərimizin dövründə baş verən aşağıdakı hadisə çox böyük əhəmiyyət kəsb edir:

“Bir bədəvi öz el-obasını tərk edərək, Peyğəmbərimizin yanına gəlmiş və İslamı qəbul etmişdi. O, Mədinədə məskunlaşaraq, öz dolanışığını çobanlıqla təmin edərdi. Bir gün Peyğəmbərimiz əldə olunan qənimətdən səhabələrdən biri vasitəsilə o bədəviyə pay göndərdi. Bədəvi həmin səhabədən nə gətirdiyini soruşdu. Səhabə də Peyğəmbərimizin ona pay göndərdiyini söylədi. Bədəvi həmin payı götürərək, birbaşa Peyğəmbərimizin yanına gəldi və: “Bu nədir?”,- deyə soruşdu. Allah Rəsulu (s.ə.s.):

– Bunu sənin üçün ayırdım, – deyə buyurdu. Bədəvi:

– Mən qənimət əldə etmək üçün Sənə tabe olmadım”,- deyərək əli ilə boğazını göstərdi və: “Mən oxla buramdan vurularaq, şəhid olmaq və cənnətə girmək üçün Sənə tabe oldum”,- söylədi. Peyğəmbərimiz (s.ə.s.):

– Əgər həqiqətən doğru deyirsənsə, Allaha verdiyin sözü tutsan, Allah da istədiyini verəcəkdir”, – buyurdu. O şəxs döyüşlərin birində iştirak etdi və döyüşün axırında göstərdiyi yerdən oxla vurulmuş halda Peyğəmbərimizin yanına gətirildi. Allahın elçisi “Bu həmin adamdırmı?”,- deyə soruşdu. “Bəli” cavabını verdilər. Peyğəmbərimiz: “Bu adam Allaha verdiyi sözü tutdu, Allah da ona istədiyini verdi,” – buyurdu. Daha sonra onu öz əbası ilə kəfənləyərək, namazını qıldı və onun üçün belə bir dua etdi: “Ey Allahım! Bu şəxs Sənin yolunda hicrət edərək, şəhid oldu. Mən də buna şahidəm.”

Nəticə etibarilə bütün əməllərimizin hər şeyin hesab günündə Allaha təqdim olunacağı şüurunu daşıyaraq, Allah və Rəsulunun buyurduqlarının əksinə hərəkət etməyi və özümüzü aldatmağı bir kənara qoyaraq, işlərimizi səmimi şəkildə Allah naminə görməliyik. Buna baxmayaraq, səhv və ya üsyankarlıq edəndə özümüzə nəzarət etməli, məsuliyyətimizi dərk edərək, bu günahlardan səmimiyyətlə dönməliyik. Belə hallarda səmimiyyətimizin təzahürü səhvlərimizi düzəltmək üçün daha çox yaxşılıq etməyimizdir. Bu mövzudakı səmimiyyətimizi sözlə yox, əməllərimizlə göstərməliyik. Çünki əməlsiz söz öz-özlüyündə heç nə ifadə etməməklə yanaşı, günaha da səbəb olar. Uca Allah belə buyurur:

“Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.” (əs- Saff, 6İ/3)

www.zaman.az