“Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!” (əl-Ənfal, 8/28).
Dinimiz İslam beş dəyərin qorunmasına əhəmiyyət vermiş, bu məqsədlə Quran və sünnədə çox sayda hökm, əmr və tövsiyələrə yer vermişdir. Bu dəyərlər həyat, din, mal, nəsil və ağıldır. Mal və nəsil qorunmaları dinin məqsədinə daxil olan dəyərlər olmaqla yanaşı, eyni zamanda möminlər üçün imtahan vasitələridir. Möminlər bu iki dəyərli varlıqla əlaqəli tapşırıq və məsuliyyətləri, eyni zamanda onlarla olan əlaqələrinin qulluqlarına müsbət və ya mənfi təsiri baxımından imtahan olunacaq və bu nemətlərin hesabını verəcəklər. Mal və sərvətlə əlaqəli ayələrdə onların “bu dünyanın bərbəzəyi” (əl-Kəhf, 18/46) olduqları qeyd olunmuş, möminlərə “mal-dövlətə və oğul-uşağa uyub Allahın zikrindən uzaq qalmağın böyük zərərə səbəb olduğu və belələrinin əsl ziyana uğrayanlar olduqları” bildirilmiş (əl-Munafiqun, 63/9), “uşaqların və həyat yoldaşlarının bir qisminin insana düşmən ola biləcəyi” həqiqəti yada salınmış və onların da bir imtahan vasitəsi olduğu təkrarlanmışdır (ət-Təğabun, 64/14-15).
Bu baxımdan möminlər Allah sevgisi ilə sərvət sevgisi arasında lazımi ölçüdə tarazlıq qurmaq, bunlarla əlaqəli arzu və mənfəətləri ilə Allahın əmrləri bir-birilərinə zidd olduqda Ona itaət etməlidirlər. İnsanın mal-dövlət və övladlarından ötrü təşnə olması bəzən onu ilahi əmrlərə itaət mövzusunda çətin vəziyyətə sala bilər, lakin buna baxmayaraq, məhz Allaha itaətdə sabitqədəm olanlar imtahandan müvəffəqiyyətlə keçəcəklər.
Bir az sonra qeyd edəcəyimiz ayədə də qeyd olunduğu kimi insanın malik olduğu bütün maddi və mənəvi imkanlar və onlara olan bağlılığı onun imtahan olunması üçün var edilmişdir. Acılı-şirinli məqamları ilə dünya həyatı bizim əbədi həyatda güzəranımızı təmin edən bir körpüdür. Bu həyat eyni zamanda çox sayda imtahanla doludur, imtahan ünsürlərindən biri hesab olunan uşaqlar isə həyatımızda xüsusi bir yerə malikdirlər.
Uşaqlar gözümüzün nuru, sevincimiz, ümidimiz olmaqla Yaradanın bizə verdiyi əvəzsiz ərməğandırlar. Onlar dünya həyatının bəzəyi, sevinci, sabahımızın qurucuları və eləcə də imtahanımızdırlar.
Uşaqlar analar üçün hamiləliyin ilk dövründən başlayan imtahanlardır. Demək olar ki, bütün analar öz daxili aləmində uşağın aldığı havada belə öz paylarının olduğunu düşünürlər. Çünki yediyi bir loğma, içdiyi bir qurtum su hər ikisini qidalandırır. Sonrakı dövrlərdə onu bəzən belində, bəzənsə qucağında daşıyan yenə çox vaxt anası olur. O, öz uşağı üçün yuxusuz qalır, onun hər an təhlükəyə məruz qala biləcəyini düşünərək narahatçılıq keçirir. Uşaq Allahın bizə verdiyi bir əmanətdir. Onun qayğısına yaxşı qalsaq, tərbiyəsini yaxşı versək və onu başqalarına fayda verən bir insan kimi böyütsək, onda imtahanı qazanarıq. Çünki uşaq indinin kiçiyi, gələcəyin isə böyüyüdür. Uşaqlar millətin gələcəyidirlər. Uşaqlar uğurlu sabahın zəmanətçisidirlər. Ata-anaların gələcəyi xeyirli və faydalı övlad yetişdirməklə qarantiya altına alınar.
Uca dinimiz İslam valideynlərə öz uşaqlarına gözəl bir ad qoyma, yaxşı təhsil vermə və vaxtı çatanda ailə qurma mövzusunda yol göstərmə vəzifəsini vermişdir. Bu vəzifələr yaxşı dərk olunmalıdır. Çünki bu vəzifələr bütövlükdə həyatı əhatə edən vəzifələrdir. Buna görə də necə ki, həkimlər beşikdəki körpəyə qida təqvimi tətbiq edirlər, eləcə də valideynlər uşaqlarının yaşlarına və dərketmə səviyyələrinə müvafiq olaraq, həyat boyu onların təlim-tərbiyəsində diqqətli olmalıdırlar.
Həmçinin uşaqlar həmişə özlərinə ideal bir nümunə seçmə ehtiyacını hiss edərlər. Onların nümunə kimi seçdikləri insanlar isə məhz öz valideynləri olurlar. Böyüdükcə öz ailəsində axtardığı ideal nümunəni tapa bilməyən uşaq diqqətini ailə xaricinə yönəldir və bu da onun daxili aləmində çaxnaşmalara səbəb olur. Axtardığı ideal nümunəni ailəsində tapan uşaq isə əksinə, xoşbəxtlik və rahatlıq tapır. Sözlərimizi başqa bir ayə ilə bitirmək istərdik:
“Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir! Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!” (ət-Təğabun, 64/14).
Demək ki, mal və övlad Allah yolunda istifadə olunsa, insan onların vasitəsilə həm dünya, həm də axirət xoşbəxtliyini qazana bilər.