Müsahibimiz bədii yazıları və tərcümələri ilə mətbuatda tez-tez çıxış edən, tanınmış tərcüməçi və yazar Sevil Gültəndir.
– Xoş gördük! Müsahibə verməklə aran necədir?
– Xoş gördük! O qədər həvəsli olmasam da, dəvət edirlərsə və suallar varsa, hesab edirəm ki, cavab verməyə borcluyam.
– Eləsə, birbaşa suallara keçək…Tərcüməçiliklə nə vaxtdan məşğulsan?
– Birinci kursda oxuduğum vaxtdan -1978-ci ildən. O vaxtlar tərcümə fakültəsi yox idi. Hazırki Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində oxuyurdum. O vaxtlar “Cığır” ədəbi dərnəyi vardı. Tərcüməyə marağımın artmasında o dərnəyin çox böyük rolu olub. İlk tərcüməm də elə institutun “Bilik” qəzetində çap olunub. İndi dəqiq yadıma sala bilmirəm ilk tərcüməm nə idi… Deyəsən, xırda yumoristik hekayələr idi. Sonra şeir tərcümə etdim…Bütün tərcümələrim də institutun qəzetində çap olunurdu. 1985 -ci ildə, institutu bitirəndən sonra isə “Yazıçı” nəşriyyatında Tərcümə almanaxında Amerika ədəbiyyatından etdiyim bir tərcüməm ( hekayə) çap olundu. O tərcüməni almanaxa bizə tərcümədən dərs deyən ( Allah ona rəhmət eləsin! ) İsmixan Rəhimov təqdim etmişdi.
– Səncə, Azərbaycan ədəbiyyatında tərcüməçilik işi hansı səviyyədədir?Özünü peşəkar tərcüməçi hesab edirsənmi?
– Tərcüməçilik deyəndə həm başqa dillərdən Azərbaycan dilinə, həm də Azərbaycan dilindən başqa dillərə tərcümə nəzərdə tutulur. Başqa dillərdən ana dilimzə edilən tərcümələrin tarixi uzaqlara gedib çıxır. Amma ana dilimizdən başqa dillərə tərcümə deyərdim ki, son illərdə inkişaf etməyə başlayıb. Bu sahədə çətinliklər çoxdur. Ən əsası isə Azərbaycanca – İngiliscə mükəmməl lüğət yoxdur.
O ki qaldı özümü peşəkar hesab etməyimə…Hərdən elə olur ki, bir neçə səhifəni tərcümə edərkən qətiyyən lüğətdən istifadə etmirəm. Yəni, mətndə naməlum ifadə olmur mənə. Sadəcə, komputer arxasında oturub həmin mətni ingiliscə yazıram. Az qala 40 ildir ki, bu işlə məşğulam. Amma yenə də hansısa ifadənin tərcüməsində çətinlik çəkirəm. Bu sənət daima axtarışda olmağı tələb edir. Hər dəfə nəyisə tərcümə edəndə yeni nəsə öyrənirəm.
-Necə oldu doğulduğun kənddən, müəllimlik peşəsindən əl çəkib şəhərə üz tutdun? Şəhər sənə nə verdi, ümidlərini doğrultdumu?
– İnsan doğulduğu yerdən necə əl çəkə bilər? Sadəcə, bir az uzaq düşmüşəm. 19 il orta məktəbdə müəllim işləmişəm. Həmin illərdə də tərcümədən ayrılmamışam. Çap olunmasam da ingilis ədəbiyyatından xoşuma gələn hekayələri, şeirləri ana dilimizə tərcümə etmişəm. 2003-cü ildən sırf tərcüməylə məşğulam.
Mən əslində kəndə bağlı insanam. Öküz ili, buğa bürcündənəm. Şəhərə gəlməyim böyük movzudur. O mövzuda danışmaq istəmirəm. Yanlış da bir naxışdır. Kənddə məni müəllim kimi, şəhərdə isə tərcüməçi kimi tanıyırlar.
Şəhər mənə nə verdi? Bilmirəm necə deyim, şəhər içimdəki yazmaq bacarığımı bir az da alovlandırdı. Şəhər həm də insanlara inamımı oğurladı. Kənddə imzasını tanıdıqlarımı şəxsən tanıdım, çoxlarının şəxsiyyət olmadğını gördüm.
– Şəhər həm də səni kirayə mənzillə qarşıladı. Məncə, bu mövzu sənin yaradıcılığında da özünəməxsus yer tutur. Yaşam üçün xoşagələn olmasa da, yaradıcılıq üçün “pis” deyil, məncə…
– Kirayədə yaşamaq- özgənin evində gecələməkdir, səhəri öz evində qarşılamamaqdır. Kirayədə yaşamaq- başqasının aldığı stol arxasında nahar etməkdir. Daimi qonşunun olmamasıdır kirayədə yaşamaq. Ev telefonunun nömrəsini unutmaq, işıq pulunu, qaz pulunu poçtda ödəyəndə yaşadığın ünvanı güclə yada salmaqdır…Kirayədə yaşamaq kirayə pulunu verəndən sonra övladlarına yol pulu üçün verdiyin qəpikləri geri alıb çörək almaqdır… Kirayədə yaşamaq qazandığını ev sahibinə verib aylarla diş ağrısına dözməkdir…Kirayədə yaşamaq avtobusla yol gedəndə yolda satılan tikinti materiallarına baxıb göyün yeddinci qatında o materallardan özünə ev tikməkdir…
Kirayədə yaşamaq- yaşayıram deyib Allahı aldatmaqdır…
Əlbəttə, kirayədə yaşamasaydım bu misraları yaza bilməzdım…Yuxarıda da qeyd etmişdim ki “Kirayədə yaşamaq” adlı bie esse yazmaq istəyirdim. Sağ ol ki, o esseni başlamaq üçün mənə təkan verdin…
Düşmənimə də kirayədə yaşamağı arzu etmərəm.
-Özünü peşəkar hesab edən tərcüməçi nədən özünə iş tapa bilmir? Ola bilərmi insanlarla dil tapa bilmirsən?
– Əslində iş yerim var. Xalça muzeyində işləyirəm. Amma tərcüməylə əlaqəsi olmayan bir işdir. Bəlkə də normal iş tapa bilməməyimin səbəbi “reklamımın “ olmamasıdır. Adam var ki, on səhifəlik hekayə tərcümə edir, səhərisi gün televiziya kanallarına çıxıb müsahibə verir, ya da qəzet-jurnal səhifələrində tərcümə etdiyinin müzakirəsini aparır. Mənsə qalın bir kitabı tərcümə edirəm, heç facebookda bu haqda yazmıram.
O ki qaldı insanlarla dil tapmağıma…Mən insanlarla dil tapıram. Xaraktercə də ünsiyyətciləm. Sovetlər dövründə “demaqoq” sözü vardı. Halal haqqını tələb edənə bu damğanı yapışdırdılar. İndi bu sözü bir az mədəniləşdirib “problemli adam” ediblər. Bəzən sənə problem yaradanın biri səni “problemi adam “ adlandırır. Əgər haqqını tələb etmək, sözü üzə demək, haqsızın haqsız olduğunu sübut etməyə çalışmaq problemli adam olmaqdırsa, qoy mən problemli adam olub. Məncə, bu mənada “problemli” adam olmağımdır iş tapmamağıma səbəb.
-Tərcümə etdiyin əsərlər səni qane edirmi? Oxuduqca zövq alaraq çevirdiyin əsər hansıdır?
– Son vaxtlar Azərbaycan dilindən ingilis dilinə tərcümə etmişəm. Olub ki, hansısa qəzet-jurnal səhifələrində oxuduğum bir şeir məni təsirləndirib, müəllifin xəbəri olmadan o şeiri tərcümə edib özünə göndərmişəm.Bilmirəm, onu hardasa çap etmək imkanı olacaq ya yox, əlimdən gələn budur. Bəzən ingilis dilinə elə əsər tərcümə etmişəm ki, özümə də nifrət etmişəm. Söz yığını desəm daha yaxşı olar. Ümid edirəm k, Tərcümə Mərkəzi bu sahadəki problemləri həll edəcək, yəni başqa dillərə normal əsərlər tərcümə ediləcək.
İngilis dilindən Somerset Moemin hekayələrini sevərək tərcümə etmişəm. Eləcə də son bir ayda Kanada yazıçısı Robin Şarmanın “Ferrarisini satan rahib” kitabını tərcümə etmişəm. Bu kitabı tərcümə edəndə həqiqətən də zövq aldım.
– Bir peşəkar kimi son vaxtlar səni qane edən tərcümə kitablarından hansının adını çəkə bilərsən? Eləcə də bərbad hesab etdiyin tərcümə kitabı hansıdır?
-Doğrusu, bu suala cavab vermək mənimçün çətindir. Çünki tərcümə edilmiş kitabın orijinalında necə olduğunu bilmirəm. Paulo Koelhonun “ Əlkimyagər” kitabının tərcüməsi haqda bir tənqidi məqalə də yazmışdım: “Misə çevrilmiş qızıl, yaxud Əlkimyagər Azərbaycan dilində” . Məqaləni yazarkən orjinalı tapıb müqayisə etmişdim. O kitabın tərcüməsi çox aşağı səviyyədə idi. Azərbaycan dilindən inglis dilinə tərcümə edilmiş kitablar da əlimə keçən kimi tərcümənin keyfiyyətinə nəzər salıram. Bu yaxınlarda Vaqif Səmədoğlunun ingilis dilinə tərcümə edilmiş kitabının təqdimatında oldum. Kitabın adı müəllifin bir şeirinin adıdır. O şeirin adı düz tərcümə edilməmişdi. Orijinaldan kənara çıxıb tərcüməçi. Mən bunu qəbul etmirəm.
– Bədii yaradıcılığında nə kimi yeniliklər var?
– Mən tərcüməçi olmazdan əvvəl şeir yazmışam. “Kaspi” qəzetində esselərim çap olunur. Son vaxtlar öz yaradıclığıma vaxt tapa bilmirəm. Təzə bir fayl açmışam, ürəyimə gələn misraları ora qeyd edirəm. Yəqin ki, vaxt tapıb o misralara qayıdacam. Bir neçə esse mövzum var.
“Qaranquş yuvası” , “Anamın çemodanı” , “Kirayədə yaşamaq” və sair… Gec-tez yazacağam…
Söhbətləşdi: Narıngül
Poliqon.az
Salam,Sevil xanım! Həyat insanları həmişə sınağa cəkir.Xüsusən də istedadlı insanları. Əsas odur ki, ruhdan düşməyəsən.Tərcüməçilik fəaliyyətinizi deyə bilmərəm, sizi gözəl,səviyyəli, düşündürən şerlər müəllifi kimi xatırlayıram. Həyat yollarınız hamar olsaydı belə istedadlı şairə ola bilməzdiniz .Nikbin olun,yazın, yaradın.Unutmayın ki, itirdiklərimizin əvəzini özümüz də hiss etmədən iki qat verən uca varlıq var. Hörmətlə: SƏADƏT SEYİDOVA
Çox sağ olun, Səadət xanım!
Şərhinizi oxuyub sevindim.
Sağ olun ki, unutmamısınız məni!
Comments are closed.