MƏN KİMƏM?…

1
128

Ədəbiyyatİlhamla çırpınır hey könül quşum,

Fikirdən, xəyaldan ayılmır başım,

Mənə şair deyən dostum, yoldaşım,

Nizami, Füzuli varsa, mən kiməm?

***

Nifrətim var dərdə gendən baxana,

Dəhşətlər törədib ürək yaxana.

Necə deyim, sığışmıram cahana,

Cahan Nəsimiyə darsa, mən kiməm?

***

Mən ki, ayrılmadım imandan, dindən,

Heç vaxt incimədi bir kimsə məndən.

Taleyim üzünü döndərib birdən,

Oxunu sinəmə vursa, mən kiməm?

***

Saatın əqrəbin çəksən də dala,

Zaman  qatarıyla çıxıbdı yola.

Göylərdən yerlərə tuşlanan bəla

Ömrümün ipini qırsa, mən kiməm?

***

Qəlbindən uzaq et hirsi-hikkəni,

Dostunla yarı böl bircə tikəni,

Zaman qanadına alaraq məni,

Fırlada-fırlada yorsa, mən kiməm?

***

Necə vəsf etməyim ərəni-əri,

Zər bilər alnından tökülən təri.

Ulu Yaradanın möcüzələri,

De, külli-aləmə carsa, mən kiməm?

***

Səadət eşqiylə vursun ürəklər,

Sevgi qoxuludur əlvan çiçəklər.

Bir anlıq göylərdən enib mələklər,

Üstümə qanadın gərsə, mən kiməm?

***

Haqqa-ədalətə asi düşənlər,

Kinli baxışıyla ürək deşənlər,

Peyğəmbərlik iddiasına düşənlər,

Dərk etsin, Məhəmməd birsə, mən kiməm?

***

Yaşı bilinməyən qoca dünyanın,

Sehrinə düşərsən, gəzsən, hər yanın.

Tuba ağacıyla gəzən Musanın,

Əməli möcüzə, sirsə, mən kiməm?

***

İsa deyiləm ki, edib möcüzə,

Yenidən nur verəm tutulan gözə.

Doğulduğu gündən kimsə şikəstsə,

Əzəldən gözləri korsa, mən kiməm?

***

Mübariz, fikirdən, xəyaldan ayıl,

Tanrıya səcdə et, əhdə vəfa qıl,

Canımı almağa gələn Əzrayıl,

Başımın üstündə dursa, mən kiməm?

Mübariz SƏFİYAROĞLU

1 comment

Comments are closed.