Neçə gündür o uşaq ağlımdan çıxmır. Şəkilləri qabağıma töküb baxdım… Lap diqqətlə baxdım. Üzundən məsumluq yağır. Saf, olduqca saf və hayatın ona hazırladığı faciədən xəbərsiz…
Atası bilmirəm hansı səbəbdən bacısını, qardaşını, anasını və onu qoyub getmişdi. Hərdən eşidirdim ki, çox ehtiyacları var. Anası rayonun 3 saylı məktəbində müəllimə idi. Hamı yaxşı insan deyirdi o xanıma. Özü isə bizim məktəbdə oxuyurdu. Zərdab rayon bir saylı orta məktəbində. Bacımın sinif yoldaşı idi. Dəqiq yadımda deyil, deyəsən, bacım beşinci sinfdə oxuyanda gəlmişdi bizim məktəbə. Mən onda ail məktəbin qəbul imtahamlarına hazırlaşırdım. Bacımgilin sinfində yeni olduğu üçün evimizdə o uşaqdan tez-tez danışırdılar. Həyatlarını biləndən sonra ürəyim ağrıyırdı ona…
Sonra hamının başı öz işinə qarışdı. Bir də eşitdim ki, o, Rusiyaya gedib. Uzun müddət işləyib orda ailəsini dolandırmaq üçün. Sonra yenə rayona dönüb, dedilər. Və bu dönüşündən sonra çıxıb gedib evdən. Suriyaya yollanıb, vəhabilərə qoşulubmuş. Bu günlərdə isə ölüm xəbəri gəldi…. Bilirsiz kimi deyirəm? Ramizi…
O Ramizi ki, bir neçə gün öncə İŞİD qruplaşmasının üzvü kimi döyüşlərdə öldürüldüyü bildirildi. Və bir də onu dedilər ki, Ramiz qərib ellərdə, yad, qanlı torpaqlarda, Suriyada dəfn olunub. Anasına, ailəsinə və bir körpəsinə də öldüyünü təsdiq edən şəkillər göndəriblər. Ondan qalan bu şəkillər oldu. Bir də ailəsinə vurduğu damğa qaldı Ramizin özündən sonra…
İndi soruşanda ki, Ramizgilin evi hansıdır? Rayon adamlarının çoxu deyir ki, hansı Ramizi deyirsən, vəhabi Ramizi?.. Adam bilmir neynəsin. Bir az fikirləşib ifadə formasını dəyişirsən. “Suriyada öldürülən oğlanı deyirəm, o Ramizi”. Ağır yükdü, ağır damğadı. Allah ailəsinə səbr versin o uşağın. O mənim yadımda elə o uşaqdı, məsum, saf və korlanmamış…
Amma…əmması budur ki, ölən artıq ölüb. Qalanlara əlac qılmaq lazım…
Qalanlardan söz düşmüşkən gözümlə gördüyüm daha bir olay. Yaxın bir adamın qonağı idim. Qonşuda yas düşmüşdü. Öləni lap uşaqlıqdan tanıyırdım. Açığı, o qədər ağır həyatları var idi ki, adam “Allah rəhmət eləsin” demək üçün getməyə də utanırdı. Həmin o adamın gözümüzün önündə böyüyən bacısı oğlu da vardı. Amma çoxdandı kənddə yaşamır deyirlər. Səbəbini bir dəfə soruşmuşdum cəmi. Mənə üz cizgisi işarəsi ilə susmağı tövsiyə eləmişdi qohumum. Mən də susmuşdum…
…Axşam idi. Məhlədə səs-küy düşdü. Dedilər Elşad gəlib( ad şərtidir-J.M). Bu həmin o oğlan idi. Qonşum mənə onun haqqında soruşmamağı tövsiyə eləmişdi.
Küçəyə çıxdı hamı. Gördüklərinmi yəqin heç vaxt unudan deyiləm…
Oğlan qəribə geyinmişdi. Ətəyi uzun və gen şalvar, qolu enli kətan köynək, üzü saqqallı və başında araxçın. Hə, o idi, bizim balaca Elşad. Artıq böyümüşdü. Çox yaxşı uşaq idi. Hamı ondan yaxşı işlər gözləyirdi. O da ümidləri yaman “doğrultdu”. Gedib vəhabilərə qoşulub, dedilər. Və sonra eşitdiyimdən artıq qəhərləndim. Atası buna görə onu evdən qovub ki, o biri övladlarına ziyan gəlməsin. Deyilənə görə, indi Bakıda yaşayır. Konkret harada, bilinmir.(Amma o gün evlərinə gecə gəlməsi nədənsə, kimdənsə gizləndiyindən xəbər verirdi. Təkcə atasından qorxmurdu o- J.M). Anası isə laməkan oğluna görə bütün gün ağlamır… Yəqin “ağlayır” deyəcəyimi gözləyirdiniz. Yox, o qadın ağlamır, eləcə susur…
Bir sözlə, faciə yaşanır o evdə. Və az əvvəl dediyim ölən Elşadın dayısı idi. Dayısının ölümünü eşidib gəlmişdi. Həm də qaranlıqda ki, kimsə onu görməsin. Dayıqızından xahiş eləyirdi ki, anasını çağırsın: “Mamadan ötrü ölləm, qapıya girsəm, papa hirslənər, çağır görüm, noolar, həə”deyirdi. Və qız tərəddüd eləyirdi, bibisinin ərindən, Elşadın atasından qorxurdu. Adamları görüb bir az ürəkləndi amma. Ağlaya-ağlaya qonşuluqda yaşayan bibisini çağırmağa getdi…
Bir azdan döndülər. O səhnəni görmək lazımdı, sadəcə görmək. Ana ayaq üstə dayanıb, gözləri gördüyünə inanmır. Uşaq ananı duz kimi yaladı desəm, inanarsınızmı?! Əyilib ayağından da öpdü. Bircə kəlmə söz dedi qadın: “Başına dönüm, dön gəl da noolar?!!”
Oğlan dayandı. Elə başıaşağı qaldı. Qadın yenə susdu. Bircə sual verdi: “Elşaddı da, heləmi?”. Məhlənin ağsaqqallarından biri başı ilə təsdiq işarəsi edəndən sonra çevrilib getdi. Hamı susdu. O həyətlərinə girdi. Məhlə adamları evə sarı baxırdılar. Az keçmədi içəridə işıq yandı. Birdən Elşadın anasının səsin gəldi bərkdən. “Helə layla oxuma ona” dedi. Sonra lap bərkdən hönkürən kişi səsi eşidildi…. Sizi bilmirəm, mən üşəndim. Elə bildim havam çatmır. Kişi hirsindən, hikkəsindən oğlana layla çalırdı: “Laay, laay, layyy, mənim vəhabi balam”…
Oğlunun gəldiyini bilmişdi, amma bayıra çıxmamışdı. Yana-yana ağlayırdı evində.
Bir də hələ yerə çöküb qalan oğlana çevrildi hamı. Amma heç nə demədilər. Hərə öz evinə dağılışdı. Amma o uşaq elə orda dizi üstə qaldı. Heç kim onu evinə dəvət eləmədi. Qaranlıqda sezdiyim bircə bu oldu, əlini dişləyib hıçqırırdı… Anası qışqırır, atası isə layla deyirdi ona…
Çox ağır gecə oldu. Səhəri o qədər səbirsizliklə gözlədiyim olmamışdı. Deyirdim bəlkə o boyda fəryad bizim Elşada çatar, bəlkə də qaçıb evlərinə ata-anasına sığınıb ki, onu getməyə qoymasınlar. Amma yox, o gəldiyi kimi də getmişdi. Sakit, səssiz və xəbərsiz….
Sonra yaxınlarından eşitdim ki, atası deyib nə zaman o paltarı çıxarsan, adam kimi geyinib, o murdar saqqalı qırxsan, bax onda dur gəl evimizə. O isə hələ gəlmir. Bəlkə də qorxur. Ailəsinə, özünə vurula biləcək ziyanlardan, ya da hədələrdən qorxur, kim bilir. Amma o qadın artıq ağlaya bilmir, eləcə susur… O kişi isə oğluna layla deyib ağlayır yenə də…
Buna mentalitet zad demirəm mən. Sadəcə kişilər ağlayanda mən elə bilirəm ki, dünyanın sonudur. Göy yerə gəlir. Bu kişinin layla çalması, dil deyib ağlaması isə mənə dəqiq nəsə yaşatdı. Amma o yaşadığımın adı dəhşət deyildi. Ondan ağır bir şey idi. İfadə eləməyə söz və hərf tapsam, o hissin adını mütləq yazacam…
Bu adsız olayların qarşılığında hələ də onların qurduğu təbliğat maşını öz işindədir bizim əyalətlərdə. Qapı-qapı düşüb “Allah rizası üçün” pul, ərzaq paylayırlar evlərdə, məhlələrdə, kəndlərdə. Elə evlər var ki, hamı bilir o bölgədə, o evlər o adamlarındır. Nə qədər “qayit, dön, olmaz, etmə” deyirlər, alınmır. İnsanların avamlığından, cahilliyindən istifadə edib istəklərinə nail olurlar.
Bir də bilirsinizmi, necə nail olurlar istəklərinə? Sevgi bəxş eləməklə. Gülməyin, heç təəcüblənməyin də. Bu gün bizim cəmiyyətdə başımıza gələn bütün fəlakətlərin arxasında ehtinasızlıq, soyuqqanlılıq, sevgisizlik və “məndən keçdi, nə vecimə” deyib şükür eləmək durur. Amma onlar…Onlar “qardaş, səni anlayıram”, “qardaş, al bu pulu, get filan işini gör”, “qardaş, qorxma, arxandayam”, “qardaş, mən varam, ürəkli ol”, “qardaş, ölməmişəm ki” deyə-deyə qardaşı yaman günə qoyurlar. Və sonra lap elə Allahın da adından danışır. Bir gün gəlib deyir ki, “qardaş, bəs indi də Allah səni çağırır. Get onun uğrunda vuruş. Bəs bilmirdin? Bizi o göndərmişdi axı”. Qardaş da gedir. Gedir və ölür… İnsanlara verdikləri təmənnalı sevginin qarşılığını bizim gözümüz baxa-baxa canları ilə ödədirlər onlara. Bizimkilərə, bizim balalarımıza. Şəxsən mən qorxuram. Çünki bu gün az qala əlimizdə böyüyən, tanıdığımiz adamlar gedir əlimizdən. Bu o deməkdir ki, sabah lap elə evimizin içindəkilər gedə bilər.
İndi sadəcə oturub qınadığımız o uşaqları, o adamları bəlkə də biz elə evimizdəkilərə xatir xilas eləyə bilərik. Onlara gerçək sevgi verib, onlarla maraqlanıb, həyatlarını xilas eləyə bilərik bəlkə də. Özü də bu məsələdə rəsmi qurumların gördüyü iş, ictimaiyyətin görə biləcəyi işin yanında heç nədir.
Bizsə, özümüzü həmişə olduğu kimi kiçildirik. “Bü, böyüklərin işidir” deyib, vicdanımızın başını qatırıq. Bu yazının sonunda çox məhşur bir filmdən bir epizod düşdü yadıma. Komandir soyuqdan, yorğunluqdan kələyi kəsilən əsgərlərə deyir ki, “ölməyin ulan, ölməyin, ölürsəniz, olsa-olsa, süslü-püslü bir karının okuduğu bir dakkalıq televizyon haberlərine ad olursunuz, o kadar, anladınızmı, ölməyin!!!…” İndi ay tanıdığım və tanımadığım uşaqlar, insanlar, noolar, getməyin və ölməyin. Qoy biz xəbərsiz qalaq. Amma siz o xəbərlərə ad olmayın. Və heç bir evdən o cür laylalar eşidilməsin Analar bir yana, heç bir ataya, heç bir kişiyə “mənim vəhabi balam” laylasını oxudub, kişiliyi və sizə dünyanı bəxş eləyən kişiləri gözdən salmayın…
Hər vaxtınız xeyir, Jalə xanım.Sizin hazırladığınız bu
ya zını bir nəfəsə oxudum.Cox təsirləndim. Günümüzün ən v acib məsələsini bütün çılpaqlığı ilə ortaya qoya bilmisiniz. Çoxları sussa da bu mühüm məsələ hər kəsi xüsusilə ailəsində yeniyetmə oğlanları olan ata anaları çox narahat edir.Dəhşətdid, İŞİD qruplaşmasının üzvü kimi döyüşlərər kənardan bu çirkinliyi görmürlər.Çünki bizim yeniyetmələr sizin qeyd etdiyiniz kimi məsum və safdırlar. Qapı-qapı düşüb “Allah rizası üçün pul ,ərzaq paylayanların ” toruna tez düşürlər. Haqqında söhbət gedən Ramizi və onun ailəsini mən də tanıyıram. Çox ağlı başında oğlan idi.Adam inana bilmir ki,bu cür cavanlarımız hansı təbliğat maşınının gücü ilə bu “Çirkaba bulaşırlar.Allah özü saxlasın.
Hörmətli Jalə xanım, bu mövzuda sizin başqa yazılarınızı da gözləyirik. —–SƏADƏT SEYİDOVA
1-dərəcəli hüquqşünas.SƏADƏT
Comments are closed.