Həzrəti Əlinin altı dirhəmi – İBRƏT

0
71

Həyatİlk dəfə deyildi ki… Bu ailə çox belə günlər yaşamışdı.

Evin xanımı Peyğəmbər qızı, kişisi Peyğəmbərin əmisi oğlu olsa da,  bəzən yeməyə bir şey tapmadıqları üçün ac yatmalı olurdular.

Fatimeyi-Zəhra anamız evdə olan-qalan altı dirhəmi Həzrəti Əliyə verdi və bazardan yemək üçün bir şeylər almasını istədi. Bir kilo ət alacaqdımı, meyvəmi, xurmamı… 6 dirhəmə nə ala bilirdisə, alacaqdı. Alıb gətirəcək və balaları Həsəni, Hüseyni sevindirəcəkdi.

Həzrəti Əli balalarının necə sevindirəcəyini düşünə-düşünə bazara tərəf addımlayırdı ki, səs-küyə başını qaldırdı. Bir nəfəro birisinin yaxasından yapışıb borcunu tələb edirdi. O birisi də “yoxumdur, neyləyim, olsun ki, verim” deyib yalvarırdı. Həzrəti Əli ola, bu mənzərənin yanından laqeyd keçə, heç mümkündürmü?- Əsla! Yaxınlaşıb:

– Qardaşım, bunun yaxasından niyə yapışmısan? – soruşdu.

Borc sahibi dedi:

– Ya Əli, bunun mənə borcu var, geri ala bilmirəm.

O birisi də belə dedi:

– Ya Əli, kaş ki olaydı, mən də borcumu qaytarıb yaxamı bu adamın əlindən qurtara biləydim.

Həzrəti Əli borcun nə qədər olduğunu soruşur: Düz altı dirhəm, yəni Həzrəti Əlinin cibindəki pul qədər.

Pulu çıxarıb borc sahibinə verir və məsələ bununla da tamamlanır.

Saatlarla bazarda dolaşır, düşünür ki, yaxın tanış-bilişdən kiməsə rast gələr, bir az borc istəyər, amma olmur, nəhayət, əliboş evinə qayıdır.

Artıq gün əyilmək üzrəydi, uşaqlar qarşısına yüyürürlər. Fatimeyi-Zəhra anamız ərinin əliboş gəldiyini görüb niyə boş döndüyünü soruşur. Həzrəti Əli belə deyir:

– Ey Peyğəmbər qızı, bazara gedərkən bir nəfərin borc üstündə bir müsəlmanın yaxasından yapışıb ona əziyyət verdiyini  gördüm. Mən də o altı dirhəmi verib həmin adamı azad elədim. Ona görə də əliboş dönməli oldum, – deyir.

Fatimeyi-Zəhra anamız:

– Sən sənə yaraşanı eləmisən, Allah səndən razı olsun. Mən də çalışaram uşaqları birtəhər ovudub yatırım.

Həzrəti Əli bir qədər oturur, amma körpələrin küskünlüyünə dayana bilmir və durub evdən çıxır ki, məscidə getsin, Rəsulullahın o mübarək çöhrəsinə baxıb bütün sıxıntılarını unutsun. Evindən bir qədər aralanmışdı ki, əlində gözəl bir dəvənin ovsarını çəkə-çəkə  gələn birisi ona yaxınlaşır və deyir:

– Ya Əli! Mən bu dəvəmi satıram, bunu məndən al, yüz dirhəmə verirəm, baha deyil.

Həzrəti Əli tərəddüd edir:

– Mənim pulum yoxdur ki, dəvəni alım.

Həmin şəxs deyir:

– Eybi yoxdur, sən dəvəni al, satıb mənim pulumu sonra qaytararsan.

Həzrəti Əli bir qərar verməmiş həmin şəxs dəvənin ovsarını onun əlinə verib gözdən itir. Həzrəti Əli sanki yuxudan ayılır, bir özünə, bir də yanındakı dəvəyə baxır. Əslində heç dəvəni ona satan adamı da tanımırdı. Tərəddüd içində yoluna davam edərkən o biri küçədə bir başqası qarşısına çıxır:

– Ya Əli, nə gözəl dəvən var, bunu mənə satarsanmı? – deyir.

Həzrəti Əli bir dillənməyə macal tapmamış həmin şəxs sözünə davam edir:

– Üç yüz dirhəm verirəm, istəyirəm ki, bu dəvəni mənə satasan.

Həzrəti Əli razılaşır, üç yüz dirhəmi alıb dəvənin ovsarını ona verir və yolunu dəyişib bazara gedir. Ailəsi üçün ərzaq alıb evinə dönür. O gecə Həsən də, Hüseyn də bayram edirlər. Dəvə sahibinin də yüz dirhəmini ayırıb bir tərəfə qoyur.

Həzrəti Əli xanımına deyir:

– Ey Fatimə, gördünmü, Allah-Təala nə qədər mərhəmətlidir, öz bəndəsinin əməlini necə yüksək mükafatlandırır. Altı dirhəm verib bir müsəlmanın dərdinə əncam elədik, Allah-Təala onun qarşılığında bizə iki yüz dirhəm yetirdi.

Çox məmnun olurlar. Sübh namazında Həzrəti Əli Rəsulullaha yaxınlaşıb başına gələnləri ona danışmaq istəyir. Allahın sevimli Peyğəmbəri çevrilərək Həzrəti Əlinin üzünə baxır və təbəssümlə soruşur:

– Ya Əli, dəvə gözəl idimi?

Həzrəti Əli təəccüblə soruşur:

– Siz hardan bildiniz, ey Allahın Rəsulu?

Allah Rəsulu sualı sualla qarşılayır:

– Dəvə satanı və dəvə alanı tanıdınmı?

– Xeyr, heç birini tanımadım.

– Ey Əli, bil ki, Allah-Təala sənin əməlinə mükafat olaraq o dəvəni Həzrəti Cəbrayılla sənə göndərdi və Həzrəti İsrafillə də səndən satın aldı.