Zərdabda əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə xəstəxana və tibb məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqla təminatı istiqamətində tədbirlər davam etdirilir.
Zerdab.com saytı xəbər verir ki, Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda rayon mərkəzi xəstəxanasında əsaslı təmir işləri aparılır. Bütün işlər dövlət vəsaiti hesabına görülür. Əsas binada, eləcə də poliklinika şöbəsində istilik sistemi yenidən qurulub, su və kanalizasiya xətləri təzələnib. Əsas binanın dam örtüyü dəyişdirilir.
Əsaslı təmir və yenidənqurma işlərindən sonra xəstəxana müasir inventar və tibbi avadanlıqla tam təchiz ediləcək.
Xəstəxananın gələn ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulub.
Artıq daxili imkanlar hesabına rayonun Qoruqbağı kənd həkim məntəqəsində, Sarıqaya və Pərvanlı kənd tibb məntəqələrində də əsaslı təmir işləri aparılıb, bu səhiyyə ocaqlarına lazımi inventar və avadanlıq alınıb.