Azərbaycan II Qarabağ müharibəsinə təhrik edilir – ŞƏRH

0
46
Müharibəİyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində baş verən qanlı döyüşlərdə Azərbaycan ordusunun 8 şəhid verməsi (bəzi mənbələrdə bu rəqəm 11 göstərilir-red.) ölkənin gündəmini dəyişdi. Bir müddətdir ki, cəbhənin xüsusilə Tovuz və Tərtər istiqamətində lokal döyüşlər gedir və demək olar ki, hər gün hər iki tərəfdən itkilərlə bağlı xəbərlər gəlir. Birmənalı olaraq “atəşkəs rejiminin davam etməsi” yalnız ATƏT həmsədrlərinin özləri ilə daşıdıqları qovluqlarında və kağız üzərində qalıb…
Rusiyanın Qərblə münasibətlərinin pisləşməsi ilə Ermənistanın cəbhə bölgəsində azğınlaşmasının eyni vaxta təsadüf etməsi haqlı suallar doğurur. Bu zamanlamanın təsadüfi olmadığını iddia edənlərin arqumenti də olduqca məntiqlidir: Rusiya dünya meydanında təkləndikcə Qərbin siyasi və iqtisadi maraqlarının olduğu ölkələrdə vəziyyəti gərginləşdirməyə çalışır. Bu siyahıda Azərbaycan ilk yerdə gəlir. Azərbaycanın içərisinə od salmaq isə yalnız bir yerdən daha təhlükəlidir: Qarabağ cəbhəsindən.
Müharibə1
Kremlin müharibə generaliteti yaxşı başa düşür ki, Azərbaycanı indilikdə ikinci Qarabağ savaşına sürükləməklə həm Avrasiya İttifaqına qoşulmayacağını bəyan edən rəsmi Bakının gözünü qıra və Qərbin ölkəmizdəki xüsusilə iqtisadi maraqlarına ciddi zərbə vura bilər. Keçmiş dövlət müşaviri politoloq Vəfa Quluzadə də cəbhənin təmas xəttində baş verənləri Rusiya amili ilə izah edib. Politoloq deyib ki, Moskva bununla Azərbaycana sərt mesaj göndərib: “Buna heç bir şübhəniz olmasın ki, cəbhədə atılan hər bir güllənin əmri Rusiyadan gəlir. Moskva desə ki, dayan, ermənilər sakitləşəcəklər. Bir dəfə Moskvasız 1999-cu ildə böyük hay-küy qalxmışdı ki, Ermənistanla Azərbaycan artıq Qarabağı həll ediblər. Onda atəşkəs xəttində atışmanın dayandırılması, snayperlərin fəaliyyətsizliyi haqqında qərar qəbul etmişdik. Ermənilər də buna razılıq vermişdilər.
Bir adamın başından tük əskik olmurdu. Rusiya Ermənistan parlamentini gülləbaran edib İrəvanı cəzalandırdı və yenidən bu hadisələr başladı. Jirinovskinin və digərlərinin Azərbaycanı tərifləmələri məsələsi də açıq-aydındır. Onlar bir tərəfdən mesaj göndərirlər ki, bizimlə razılaşsanız, sizinlə dostluq edəcəyik. Əgər bizim tabeliyimizə girsəniz, Gömrük İttifaqının üzvü olsanız, münasibətlərimiz yaxşılaşacaq. Əks təqdirdə isə vəziyyət gərginləşəcək”.MüharibəAzərbaycan hakimiyyəti də indiki həssas məqamı yaxşı analiz edərək müharibə ritorikasını son vaxtlar xeyli azaldıb və Ermənistana əlavə bəhanələr verməməyə çalışır. Bu səbəbdən də son vaxtlar Ermənistanın guya Azərbaycan tərəfinin cəbhə bölgəsində diversiya əməliyyatları keçirməsi barədə iddiaları həqiqəti əks etdirmir. Hərbi mənbələrdən aldığımız məlumatlarda ordumuzun yalnız düşmən hücuma keçərsə cavab zərbəsi vurması barədə əmr verildiyini təsdiqləyir. Yəni Ermənistanın arxasında dayanıb, onu Azərbaycanın üstünə qısqırdan Rusiyaya əlavə bəhanələr verməmək üçün ordumuz faktiki müdafiə taktikasına üstünlük verir. Avqustun 1-nə keçən gecə cəbhə bölgəsində baş verənlərin məhz Ermənistanın təxribatı olduğu şübhəsizdir. Müdafiə Nazirliyinin rəsmi məlumatında da ermənilərin qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyi təsdiqlənib.
Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Şəhid olan əsgərlərimizin orduya yeni çağırılması faktı da təsdiq edir ki, bu xain pusqunun günahkarı Ermənistandır. Əgər Azərbaycan tərəfi ciddi hərbi əməliyyat planlaşdırsaydı, heç vaxt orduya yeni çağırılmış əsgərlərlə hücuma keçməz və belə ağır itkilər verməzdi. Yeri gəlmişkən, son günlər cəbhə xəttində xeyli itkilər verən Ermənistanda da daxili vəziyyət gərginləşib, Sərkisyan hakimiyyətindən narazılıq daha da artıb. 1 avqust hücumu zamanı xeyli sayda erməni əsgərinin öldüyü barədə də məlumatlar var. Sosial-iqtisadi problemlərdən cana yığılan, üstəlik də bu cür hadisələrdən daha da qəzəblənən Ermənistan cəmiyyəti Sərkisyan hakimiyyətini parçalamağa hazırdır. Məlumatlara görə, yerli ermənistanlıların Qarabağda ölməsi hər dəfə lokal etirazlar doğurur, xüsusilə sosial şəbəkələrdə rəsmi İrəvan sərt tənqid edilir.
Son hücum zamanı itkilərin olması da erməniləri ayağa qaldırıb.
Ermənilər hazırkı iqtidarın apardığı siyasəti nəticəsində ölkələrinin blokada şəraitində qaldığını və Azərbaycanla müharibənin erməni xalqına böyük ziyan vurduğunu bildiriblər.
“Biz 20 ildən çoxdur ki, blokada şəraitindəyik, bu vaxt ərzində Ermənistan yalnız geriyə addımlayır. Qarabağı tutduq, əvəzində nə oldu? Hanı verilən o vədlər? Qarabağ Azərbaycanın ərazisi olaraq qalsaydı, Ermənistan əhalisi bu gün belə acınacaqlı durumda yaşamazdı” deyə, ermənilər məyusluqlarını gizlətmirlər. Müharibə
Bəs Ermənistan hakimiyyəti indilikdə Rusiyanın bu oyununda iştirak edərək əsgərlərini niyə güdaza verir? Bu sualın da cavabını hətta Ermənistanı da işğal edən “Qarabağ klanı”nın hakimiyyət hərisliyində axtarmaq lazım gəlir. Məlumatlara görə, kəlbəcərlilərin işğal olunmuş ata-baba yurdlarına tez-tez baş çəkmələri faktı üzə çıxdıqdan sonra Ermənistanda hakimiyyətə münasibət daha da sərtləşib. Erməni mediasına nəzər saldıqda da görünür ki, Sərkisyan hakimiyyəti işğal olunmuş ərazilərə faktiki nəzarət etmək gücündə deyil. Ermənistanın nə buna ordu gücü, nə də marağı var. Kəlbəcərlilərin öz doğma torpaqlarına rahat gəlib-getmələri barədə məlumatlardan sonra işğal zonasında zorla məskunlaşdırılanlar sanki yenidən ayılıblar: “Ermənistan hakimiyyətindəkilər yalnız öz villalarını qoruyurlar və bizim həyatımız təhlükədədir”, – deyib dad edirlər. Sərkisyan isə bu biabırçılıqları ört-basdır etmək üçün indi Rusiyanın çaldığı hər bir  havaya oynamağa daha həvəslidir. İkinci bir tərəfdən, Ermənistan rəhbərliyi də Kremlin aqressiyasından istifadə edərək Azərbaycana mümkün qədər daha çox ziyan vurmağa çalışır…
Qərb-Rusiya qarşıdurması başlayandan sonra dünya qaynar qazan kimi qaynayır. Ukrayna və Yaxın Şərq od içərisindədir. İndi Rusiya da Ermənistanın əli ilə Qarabağda müharibə başlatmaq niyyətində olduğunu göstərir. Azərbaycan ikinci Qarabağ savaşını mütləq başlayacaq və onu qazanacaqdır.  Amma indi dünyanın Ukrayna bataqlığında ilişib qaldığı bir vaxtda Azərbaycanın müharibəyə cəlb edilməsi ölkəmiz üçün ağır nəticələr verə bilər. Unutmayaq ki, Azərbaycan torpaqlarının işğalı da məhz dünyanın başı Balkan müharibəsinə qarışdığı vaxta təsadüf edirdi…
“Yeni Müsavat”