Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olan Həsən bəy Zərdabinin fəaliyyəti çoxşaxəli olmuş, həyatın müxtəlif sahələrini əhatə etmişdir. “Əkinçi” qəzetinin nəşrə başlaması isə H.Zərdabinin xidmətləri sırasında birinci yerdə durur, çünki “Əkinçi” qəzetinin nəşri Azərbaycanın həyatında baş vermiş tarixi hadisələrdən biridir. “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın əsası qoyulmuşdur. XIX yüzilliyin ikinci yarısında Çar Rusiyasının ucqarlarda yeritdiyi müstəmləkəçilik siyasətinin ən güclü vaxtında Azərbaycanda türk dilində belə bir qəzetin nəşrə başlaması H.Zərdabinin kimliyi haqqında çox aydın təsəvvür yaradır.
Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı ayrı-ayrı aspektlərdən geniş tədqiq edilmiş, kitab və kitabçalar, yüzlərlə məqalə yazılmışdır. Lakin H.Zərdabi elə zəngin bir həyat yolu keçmişdir ki, onun haqqında hələ çox yazılacaqdır.
Son zamanlar Həsən bəy Zərdabinin irsinin tədqiqi ilə yorulmadan məşğul olan, bu böyük insanın həyatının və yaradıçılığının az öyrənilmiş və ya unudulmuş sahələrinə üz tutan, yeni-yeni faktları aşkara çıxaran alimlərdən biri də kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Eldəniz Əli oğlu Həsənovdur. Onun “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” kitabı elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış, sözün həqiqi mənasında, zərdabişünaslıqda bir hadisəyə çevrilmişdir.
Müəllif bu monoqrafiyasında Zərdabinin fəhlə və kəndli ideoloqu olaraq xalqına misilsiz xidmətlərindən söhbət açmışdır. Eldəniz Həsənov Həsən bəyin torpaq məsələləri ilə mütəmadi məşğul olduğunu, ilk torpaq islahatçısı, yerquruluşçusu olmaqla onun elmi, metodiki, hüquqi əsaslarını qoyduğunu oxucu kütləsinə, alim və mütəxəssislərin diqqətinə çatdırmışdır. O, H.Zərdabi dövründən indiyədək aqrar-torpaq islahatlarını tarixi ardıçıllıqla ətraflı şərh etmişdir.
E.Həsənov bu monoqrafiyasında yazır: “Həsən bəy Zərdabi torpağın onun əsl sahibinin ixtiyarına veriləcəyi günü görə bilməsə də, ölkə daxilində uzun sürən ikinci bir ictimai-siyasi proseslərdən, müstəqilliyimiz uğrunda aparılan gərgin mübarizədən sonra, nəhayət ki, vətəninə, torpağına bağlı olan bu milli təəssübkeşimizin arzu etdiyi gün gəlib çatdı.
1996-cı il iyulun 16-dan etibarən Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyev tərəfindən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi”.
Müəllif bununla da müstəqil Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyev tərəfindən MDB məkanında analoqu olmayan, həyata keçirilən torpaq islahatının Həsən bəy Zərdabinin arzularının reallaşması yolunda atılan cəsarətli və qəti addım olduğunu diqqətə çatdırır. Eyni zamanda, müəllif bu elmi-tədqiqat əsərində Zərdabi ənənələrinin, arzu və amallarının həyata keçirilməsində müstəsna, tarixi xidmətləri olan ulu öndər Heydər Əliyevin 1993-cü ildə Fransada səfərdə olarkən Həsən bəy Zərdabinin kürəkəni, Azərbaycanın ilk parlamentinin sədri, ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun və belə bir dahi şəxsiyyətin ömür-gün yoldaşı olan, onunla birlikdə Azərbaycanın müstəqilliyi, xoşbəxt gələcəyi yolunda əzablı yollar keçən böyük qızı Pəri xanım Topçubaşovanın və onların ailə üzvlərinin dəfn olunduqları xiyabana gedərək bu ailənin məzarı üstünə şəxsən öz adından əklil qoymasını və bunun tarixi bir əhəmiyyət kəsb etməsini, şəxsiyyətlərə verilən dərin hörmətin təcəssümü olduğunu dəyərləndirir. Həmçinin bildirir ki, Zərdabi şəxsiyyətinin yetirmələrinə, onun övladlarına verilən bu qiymət dünya azərbaycanlıları uyuyan, yaşayan yerləri gəzən Zərdabi ruhunun şad olması deməkdir.
Eldəniz Həsənovun “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı monoqrafiyası haqqında bir sıra alim və ziyalılar, zərdabisevərlər ölkənin mətbuat orqanlarında dəyərli yazılar dərc etdirmiş və onlar müəllifin bu yolda millət fədaisi, əsl torpaq-yerquruluşu işçisi olaraq çarizmin hökm sürdüyü bir dövrdə qorxmazlığı və cəsurluğu ilə cəsarətlə torpaq-hüquq münasibətlərini tənzimləyən Həsən bəy Zərdabinin tarixi xidmətlərini real faktlarla qələmə almasından söhbət açmışlar.
Fəlsəfə elmləri doktoru, professor, zərdabişünas İzzət Rüstəmov 2012-ci ildə çap olunan “Həsən bəy Zərdabi” kitabına “Ön söz əvəzi” yazısında Zərdabinin elmi irsinin tədqiqində və təbliğində müəyyən xidmətləri olan alimlər, tədqiqatçılar sırasında E.Həsənovun bu monoqrafiyasına böyük qiymət verərək yazır: “Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru, əslən zərdablı, S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinin Yerquruluşu şöbəsinin məzunu və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Moskva Yerquruluşu Mühəndisləri İnstitutunun nəzdində yüksəkixtisaslı rəhbər kadrlar hazırlayan fakültəni bitirən Həsənov Eldəniz Əli oğlunun “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı çox sanballı kitabını (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 2006, 370 s.) zərdabişünas oxuculara, Zərdabi tədqiqatçılarına ciddi elmi maraq doğuran monoqrafik bir əsər kimi təqdim edirəm. Əsər, hiss olunduğu kimi, Həsən bəy Zərdabinin həyat və yaradıcılığına, həmçinin kənd təsərrüfatına aid onun baxışları barədə faktların, xatirələrin, rəsmi arxiv sənədlərinin çox diqqətlə öyrənilməsi əsasında yazılmışdır. Əsərdə verilmiş bir sıra fotoşəkillər, yerquruluşu barədə xəritə surətləri oxucuda ciddi maraq doğurur”.
Qeyd edək ki, müəllifin bu monoqrafiyası müxtəlif sahələr üzrə ixtisas sahibləri, yerquruluşçuları, torpaqşünaslar, eroziyaşünaslar, coğrafiyaşünaslar, meşəçilər, melioratorlar, geobotaniklər üçün dəyərli vəsait olmaqla yanaşı, kənd təsərrüfatı profilli ali təhsil ocaqlarında tələbələr üçün proqram-dərslik olaraq geniş surətdə tədris olunur.
Diqqətə çatdırmaq istərdik ki, dahi mütəfəkkir Həsən bəy Zərdabinin yorulmaz tədqiqatçısı E.Həsənov bu elmi-tədqiqat əsərindən sonra “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı ikinci bir sanballı elmi-tədqiqat əsəri ortaya qoymuş və həmin əsər bu yaxınlarda işıq üzü görmüşdür. Müəllifin bu monoqrafiyası da onun uzun illər boyu arxivlərdə, kitabxanalarda apardığı gərgin və ağır zəhmətin bəhrəsi olub, zərdabişünaslığa dəyərli bir töhfədir.
Eldəniz Həsənov bu kitabında Həsən bəy Zərdabini xalqa daha yaxından tanıtmağı, onun indiyə qədər görünməyən, bilinməyən, qaranlıq qalmış səhifələrinə işıq tutmağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. Bu kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin ailə şəcərəsi geniş aspektdə araşdırılmış, soy-kökü öyrənilmiş və indiyə qədər bəlli olmayan bir çox faktlar üzə çıxarılmışdır. Tədqiqatçı bu işə H.Zərdabinin babası Məlik Rəhim bəyin nəsil şəcərəsini öyrənməklə başlamış, onun cədvəlini tərtib etmişdir. Bu cədvəldən görünür ki, Məlik Rəhim bəyin 4 oğlu və 2 qızı olmuşdur. Onun oğlanlarından biri Səlim bəy Məlikovdur, Həsən bəy Zərdabi də onun oğludur.
Çox maraqlıdır ki, indiyə qədər əksər tədqiqatlarda Həsən bəy Zərdabinin anası haqqında məlumata rast gəlinmirdi. Eldəniz Həsənovun kitabından aydın olur ki, Səlim bəyin arvadı Mərziyə xanımdır, yəni Mərziyə xanım Həsən bəy Zərdabinin anasıdır. E.Həsənov təkcə H.Zərdabinin anasının adını göstərməklə yetərlənməmiş, onun əsli-nəsli haqqında da zəngin məlumatlar toplamışdır. Əsərdə bu barədə verilmiş bir bilgi xüsusilə böyük maraq doğurur. Eldəniz Həsənov yazır: “Həsən bəy Zərdabinin anası Mərziyə xanım və atasının dayıları Fərəc bəy Ağayev, Aslan bəy Ağayev şuşalıdırlar. Deməli, Həsən bəy Zərdabinin ata nənəsi şuşalı qızıdır. Belə ki, Aslan bəy Ağayevin qızı Həsən bəy Zərdabinin babası Rəhim bəy Məlikovun zövcəsi olmuşdur”. E.Həsənov nəsil şəcərəsinin tərtibi zamanı H.Zərdabinin anasının kimliyini araşdırarkən arxiv sənədləri, yazılı qaynaqlarla yanaşı, canlı insanların söhbətlərinə də istinad edərək öz fikirlərini daha inandırıcı şəkildə əsaslandırmışdır.
E.Həsənovun kitabında H.Zərdabinin nəsil şəcərəsi və həyatı ilə bağlı yeni faktlar kifayət qədər çoxdur. Onlardan biri də Məlik Rəhim bəyin övladlarının sayıdır. Müəllif yazır ki, “mənbələrdə Məlik Rəhim bəyin yanız Səlim bəy adlı oğlu olduğu bildirilsə də, apardığımız araşdırmalar deməyə əsas verir ki, Məlik Rəhim bəyin Səlim bəydən başqa Hidayət bəy, Əsəd bəy, Qasım bəy adlı oğulları, Tubu və Ayna adlı qızları olmuşdur”. Deməli, H.Zərdabinin 3 əmisi və 2 bibisi varmış.
Həsən bəy Zərdabinin həm özündən əvvəlki, həm də sonrakı nəsil şəcərəsi çox aydın şəkildə, belə ki, şəcərəyə daxil olan insanların qohumluq əlaqələri şərh olunmaqla ardıcıllıqla verilmişdir. Burada ilk dəfə olaraq Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin də H.Zərdabinin nəsil şəcərəsi ilə bağlılığı üzə çıxarılmışdır ki, bunlar böyük maraq doğurur.
Həsən bəy Zərdabinin bibisi Tubu xanımın oğlu, yəni bibisi oğlu Zülfü Adıgözəlovun, bibisi nəvələri Vasif, Rauf Adıgözəlovların, eyni zamanda bacısı Şirinxanım Məlikovanın qızı İmarət xanımın Qarabağ baharlıları qoluna mənsub Nəcəfqulu bəy Vəlili-Baharlı ilə nikahından olan Məhəmmədhəsən bəy Vəlilinin, Səltənət xanım Vəliyevanın, babası Məlik Rəhim bəyin qardaşı Qədir bəy Məlikovun oğlu Böyük bəy Məlikovun nəvəsi akademik Böyükkişi Ağayevin adlarını çəkmək kifayətdir. Eldəniz Həsənovun bu kitabı nəsil şəcərəsi yazmaq sahəsində gözəl bir örnəkdir. Azərbaycanın görkəmli insanlarının nəsil şəcərəsini yazanlar ondan bəhrələnə bilərlər.
Eyni zamanda, zəngin dünyagörüşə, ensiklopedik biliyə malik, millət fədaisi, dahi mütəfəkkir Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, elmi irsi, həmçinin onun övladlarının Azərbaycanın işıqlı gələcəyi yolunda qurban getmiş, bütövlukdə bu nəslin xeyirxah insanlarının misilsiz xidmətləri qarşısında başlarına gətirilən faciəli, keşməkeşli həyat yolları ilə bağlı E.Həsənovun qələmə aldığı, mətbuat orqanlarında dərc etdirdiyi, internet saytı vasitəsilə yayımlanan və sözügedən elmi-tədqiqat əsərinin mövzusuna uyğun olan bəzi məqalələrinin bu monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Jalə xanım Əliyevanın, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmovun tövsiyələri, təklifləri nəzərə alınmaqla kitabda işıqlandırılması böyük məna, xüsusi əhəmiyyət və aktuallıq kəsb edir.
Müəllifin hüquqi-arxiv sənədləri əsasında, eləcə də Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan yaşlı insanları ilə son 30 ildən bəri olan görüşləri, söhbətləri, apardığı çoxillik tədqiqatlar nəticəsində Zərdabinin, onun övladlarının, habelə bu nəslin xeyirxah nümayəndələrinin keşməkeşli, faciəli həyat yollarını, bu tarixi hadisələri dərindən şərh etməsi E.Həsənovun Zərdabi irsinin yorulmaz, cəfakeş tədqiqatçısı, böyük zərdabişünas alim olmasından xəbər verir.
H.Zərdabi irsi ilə bağlı, eyni zamanda, məşhur Məlikovlar nəslinin tarixi şəxsiyyətləri haqqında müxtəlif elmi mövzular üzərində işləmək istəyində, arzusunda olan hər bir zərdabisevər, zərdabişünas professor Eldəniz Həsənovun Həsən bəy Zərdabi irsi ilə əlaqədar əldə etmiş olduğu materiallardan, yazmış olduğu elmi-tədqiqat əsərlərindən, çoxsaylı məqalələrindən, müəllifin tərtib etmiş olduğu H.Zərdabinin Tiflis-Bakı dəmir yolunun çəkilişi ilə bağlı verdiyi variantları, Mingəçevir su anbarının tikintisini, xeyriyyəçilik fəaliyyətini, Zərdabiyə məxsus olmuş torpaq sahələrinin yerini əks etdirən, Zərdabinin ev- muzeyində, müəllifin kitablarında əks olunan xəritə materiallarından zəngin bir mənbə kimi bəhrələnə bilərlər.
Sonda onu bildirmək istərdik ki, Eldəniz Həsənov “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı ikinci sanballı elmi-tədqiqat əsəri ilə Həsən bəy Zərdabiyə yeni abidə qoymuşdur.
Nizami Cəfərov,
professor, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi