İnsan səadətini başqa yerdə yox, öz evində axtarmalıdır

1
59
Kənd

AiləBu bir reallıqdır ki, evimizin çağırılmamış qonağına çevrilən seriallar artıq ailə mədəniyyətimizə öz təsirini göstərir. Səhərdən axşamadək seriala baxan, serialla yatıb-duran, serialda gördüklərini öz həyatına tətbiq edən bir insan üçün orada gördüyü “dəyərlər” aktual məsələyə çevrilir. Zənnimcə, ailə dəyərlərimizin sarsılmasında seriallarda bizə aşılanan yad düşüncələrin də təsiri az deyil. Seriallar ölkəmizə 15 ildən çoxdur ki, ayaq açıb. Həmin ərəfədə azyaşlı olan qız uşaqları artıq böyüyüb boya-başa çatıblar, ailə həyatı qurublar. Elə bu yaşda olanlar arasında boşanmaların sayının artması da “serial bəlası”nın aktuallığından xəbər verir. Amma boşanmaların sayının artması, təbii ki, təkcə bu deyil, səbəblər çoxdur.

Çox təəssüf ki, günümüzdə bir çox insanlar öz xoşbəxtliklərini ailələrindən kənarda axtarırlar. Halbuki hər birimiz öz səadətimizi, öz xoşbəxtliyimizi öz ailəmizdə, evimizdə axtarmalıyıq. Amma səadəti təkcə axtarmaqla deyil, həm də onu özümüz çağırmalıyıq, onun mövcudluğuna şərait yaratmalıyıq. Bu yazımızda giley-güzardan çox, məhz ailə səadətini kəşf etmə yollarından bəhs etməyə çalışacağıq…

“Səhvsiz insan olmaz, bağışlamağı bacarın”

Bunun üçün hər birimizin üzərinə böyük yük düşür, əvvəlcə, ona əməl etməyə çalışmalıyıq. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, ailə məsələlərində idealist olmağa yox, güzəştə getməyə çalışmaq lazımdır. Onun sözlərinə görə, çətinliklərə təslim olmamaq, həyata ümidlə baxmaq lazımdır. Bundan başqa, kiçik və ya böyük qüsurlarınıza görə bir-birinizi çox tənqid etməyin: “Səhvsiz insan olmaz, bağışlamağı bacarın”.

Psixoloq deyir ki, ailədə əsas şərtlərdən biri də odur ki, yersiz və əsassız qısqanclıqlara və şübhələrə yol vermək olmaz: “Həyat yoldaşınızda həm sizə, həm də özünə qarşı inam təlqin edin. Ona inandığınızı hiss etdirin”.

Hətta ailədə problem olduğu zaman belə, keçmişdə baş verənləri gündəmə gətirib, vəziyyəti qəlizləşdirməyə çalışmayın. Unutmayın, insan bəlkə də səadətini ailəsindən başqa bir yerdə tapa bilər, ancaq bu, uzunömürlü olmayacaq. Uzunömürlü səadət məhz ailə ilə birgə olanda olur.

Mövzu ilə bağlı “Ailəm” jurnalının redaktoru Aydın Ucalın da fikirlərini öyrəndik. Onun sözlərinə görə, milli ənənələrimizin qızıl qanunlarından biri də ailənin möhkəmliyi, davamlılığıdır: “Vaxt var idi bəlkə də heç sevmirdilər. Ancaq evlənirdilər, bir-birilərinə isinişirdilər, ömrü boyu rahat yaşayırdılar. Arvad kişinin xasiyyətinə, kişi də arvadın xörəyinin duzuna, təbəssümünə, nəvazişinə uyğunlaşırdı. Hər biri öz vəzifəsini bilirdi və onları yerinə yetirməyə çalışırdılar. Heç kim haqqını gözə soxmurdu. Çünki ailələr fədakarlıq üzərində qurulurdu, arada pərdə olurdu. Ən qalın pərdə ən yaxın adamlar arasında olub qədimdən bəri. Xanım ərini adı ilə çağırmaz, “uşaqların atası” deyərdi. Kişi də xanımını “uşaqların anası” və ya “filankəsin qızı” çağırardı.

İnsan səadətini başqa yerdə  yox, öz evində axtarmalıdır

“Böyüklər ər-arvad münasibətlərində hörmətin birinci yerdə durmasını tövsiyə ediblər”

Həmsöhbətimiz deyir ki, keçmişdə boşanma sözü indiki qədər adiləşməmişdi: “Boşanmaq sözünü dilə gətirməkdən çəkinərdilər. Deyiblər ki, bu sözü zarafatla da işlətmək olmaz. Çünki ailədəki xoş atmosferi zədələyər, səmimiyyəti pozar. Ər-arvad üz-üzə oturub saatlarla söhbət ediblər, onun-bunun qeybətini qırmayıblar. Abır-həya olub ortada, yalan danışmaqdan utanıblar, quru təkəbbürdən çəkiniblər. Min illərdən gələn ailə həyatımızın bir-birindən gözəl, bir-birindən möhkəm qızıl qanunları olub və o qanunlar qorunduqca, bir ailəyə hakim olduqca orda xeyir-bərəkət, xətir-hörmət hökm sürüb. Ailə hər birimiz üçün kiçik vətən, kiçik cəmiyyətdir. Bu vətən-cəmiyyətdə hər kəsin öz yeri, öz vəzifəsi olmalıdır. Vəzifələr elə bölüşdürülməlidir ki, heç kim heç kimə yük olmasın. Əksər ailələrin ilk illəri sevgi atmosferində keçir. Adama elə gəlir ki, bu sevginin, bu məhəbbətin sonu olmayacaq. Yəni ailədə hər kəs öz yerini bilməli, qarşı tərəfdən hörmətini əsirgəməməlidir. Sevgi bəzən ötəri də ola bilər. Ancaq tərəflərin bir-birinə hörmətlə yanaşması, hər birinin öz vəzifəsini qüsursuz yerinə yetirməyə çalışması ailəni təhlükələrdən qoruyar. Sevgi gözəllikdir, ancaq hər şeyi bu müstəvidə həll etmək mümkün deyil. Ona görə də min illərin sınağından çıxmış mənəvi dəyərlərimiz unudulmamalıdır. Ailədə üz çevirib getmək, küsmək o qədər də asan iş deyil. Ona görə də böyüklər ər-arvad münasibətlərində abır-həyanın, qarşılıqlı hörmətin birinci yerdə durmasını tövsiyə ediblər. Çünki yaxın bir adamdan qopmaq, ayrılmaq, heç şübhəsiz, çox ağırdır. Və bu ağrı-acını yaşamamaq üçün münasibətləri gərək sevgi şıltaqlığı üzərində yox, qəbul edilmiş əxlaq normaları üzərində qurasan. Bir ərin öz xanımına xoş söz deməsi, könlünü alması təbiidir, ancaq bir ərin öz xanımından həya etməsi daha gözəldir. Bu münasibətlər şit, bayağı hallardan qorunmalıdır. Kişi arvadı ilə diz-dizə oturub qonşusunun qeybətini qırmamalıdır. Xanımı ilə hər sözü, hər söhbəti danışmamamalıdır, münasibətlərini təravətli saxlamalıdır. Bu münasibətlərin təzə-tər qalmasında, heç şübhəsiz, qadının da rolu böyükdür. Əgər qadın küçə-bazara çıxmazdan əvvəl özünə saatlarla bəzək-düzək verirsə, evdə isə ərini rəngi bozarmış, xörək iyi gələn xalatda qarşılayıb yola salırsa, təbii ki, gec-tez kişi öz evindən soyuyur. Sonra da isterik fəryadlar başlayır: “Daha məni bəyənmir”, “Evdə-eşikdə tapılmır” və s. Yəni özünə və ailəsinə hörmət edən qadın hər şeyin gözəlini, təravətlisini öz ailəsinə həsr etməlidir. Xülasə, həya, qarşılıqlı ehtiram ailənin xoşbəxtliyi və möhkəmliyi üçün əsasdır. Ailə həyatını həya iqlimində yaşayan ər-arvad yaşları 70-ə çatsa da, yeni nişanlanmış kimi bir-birilərini sevər və bir-biriləri üçün darıxarlar”.

Nicat İntiqam

1 comment

Comments are closed.