Gədəbəy rayonunda “Eldorado” İstirahət Mərkəzində Gədəbəy gəncləri üçün təlim keçirilib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən “Sosial məsələlərin həllində region gənclərinin rolunun artırılması məqsədilə könüllülük fəaliyyətinin təbliği” adlı layihə çərçivəsində təşkil olunub. Bu barədə Zerdab.com saytına “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov məlumat verib. Onun sözlərinə görə, Gədəbəy rayon Gənclər və İdman İdarəsinin rəis müavini Samir Vəliyev, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, təlimçilər Babək Mikayılov, Pərviz Bəşirov, Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları və 25 gəncin iştirak etdiyi tədbir çox faydalı alınıb: “Belə ki, Gədəbəy gəncləri könüllülük fəaliyyətinin nədən ibarət olması, bu fəaliyyətin onlara hansı üstünlüklər qazandırması və ümumilikdə könüllülük fəaliyyəti nəticəsində cəmiyyətə, ictimaiyyətə necə faydalı ola biləcəkləri haqda geniş məlumat əldə etdilər”.
Sonda “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən Gədəbəy gənclərinə təbliğat materialları və köynəklər paylanılıb. Qeyd edək ki, layihənin məqsədi könüllü fəaliyyəti təbliğ etməklə, gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla sosial məsələlərin həllində region gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir.
Zerdab.com