Azərbaycan mətbuat tarixinin gizli qalan müəllifləri
Sabah Azərbaycan jurnalistika tarixinin ilk qaranquşu olan “Əkinçi “ qəzetinin ilk sayının çapından 139 il ötür. Bu tarix həm də Azərbaycan maarifçilik hərəkatının da başlanğıcı olub. Azərbaycan Milli Azadlıq Hərəkatı 1918-ci ildə qədər davam edib. O ilin mayın 28-də isə Xalq Cümhuriyyətinin yaranması ilə özünün məntiqi həllini tapdı. O ildən indiyədək xeyli sayda maarifçilər bu “beyin və ruh” hərəkatının önündə gediblər. Onların bir qismi bu gün çox tanınır. Təbii ki, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Mirzə Cəlil, Üzeyir Hacıbəylini çoxları tanıyır. Amma elə şəxsiyyətlər var ki, onlar az qala adları çəkilənlər qədər iş görmələrinə baxmayaraq, onları bu günün heç ziyalıları da tanınmır. Modern.az saytı mətbuat tarixinin araşdırıcıları arasında bu istiqamətdə sorğu keçirib. Mətbuat tariximizin geniş araşdırılmasına baxmayaraq, bu gün üçün naməlum qalan imzalar kimlərdir:
Akif Aşırlı, araşdırmaçı-jurnalist: “İlk növbədə Fərhad Ağazadəni qeyd etməliyik. O, Azərbaycan mətbuat tarixində məhsuldar və vacib fəaliyyətinə baxmayaraq, araşdırmaçılar tərəfindən mənbə olaraq tədqiq edilməyib. Onun bir çox mövzularda yazdığı yazılar bu gün üçün də öz əhəmiyyətini qoruyub saxlayır. Onun soyad məsələsi ilə əlaqəli yazdığı yazılarda dünyada özümüzü hansı mənsubiyyətlə, hansı soyadla tanıtmaq faktı dururdu. Eyni zamanda, F. Ağazadə mətbuatın tarixinə aid beş-altı məqalə də yazıb. Mən onları ərəb qrafikasından çevirmişəm. Fərhad Ağazadənin seçilmiş əsərlərindən ibarət kitabı yoxdur. Ola bilər, kimlərsə onun maarifçilik fəaliyyətinə qısaca olaraq nəzər salıb, amma bütün bunlara baxmayaraq, o haqqını almamış insandır. Azərbaycanda əlifba islahatının, ərəbdən latına keçməyin ilk tərəfdarlarından biri olan F. Ağazadə ən mübariz ziyalılarımızdan biridir. Xəlil İbrahimin də adını çəkməliyik. Onun da çox geniş fəaliyyəti var. O həm “Açıq söz”, həm də “Azərbaycan” qəzetlərində çalışıb. Onun haqqında Azərbaycan publisistikasında demək olar heç nə yazılmayıb. Halbuki onun hələ o zaman yazdığı və bu gün üçün də əvəzsiz sayılacaq Qarabağla bağlı yazılarının tayı-bərabəri yoxdur. Bu insan mütləq araşdırılmalıdır. Daha sonra Şəfi bəy Rüstəmbəylini qeyd etməliyik. “Azərbaycan” qəzetinin rus nəşrinin baş redaktoru olub. “Mətbuat Nizamnaməsinin ” hazırlanması və qəbul olunmasında onun böyük zəhməti olub. Bu insan da öyrənilməmiş qalıb. Həsən bəy Zərdabinin oğlu Səttar Zərdabi də bu qəbildəndir. Onun mühacirətdə yazdığı xeyli sayda yazıları var. Mən onların bir hissəsini əldə etmişəm. Bu imza da Azərbaycan mətbuat tarixində naməlum qalıb. Türkiyədə mühacirətdə olarkən həm “Türk eli “ jurnalında, həm də başqa mətbu orqanlarda xeyli sayda məqalələri çap olunub. Bolşevizmə qarşı mübarizə, mühacirlərin ümumi birliyi, birgə milli mübarizə bu yazıların əsas mövzusudur. Onun eyni zamanda islamiyyətlə bağlı çox saylı yazılar var. Çox təəssüf olsun ki, Həsən bəy Zərdabini araşdırarkən məlumatsızlıqdan oğlunun yalnız adı çəkilirdi. Təvazökarlıqdan uzaq olsa da onun haqqında məlumat boşluğunu mən doldurdum. Bu gün də o publisist bizim üçün naməlumdur. Ölümü ilə bağlı deyirdilər ki, 1936-cı ildə vəfat edib, amma araşdırdım, məlum oldu ki, S. Zərdabi 1965-ci ilə qədər yaşayıb”.
Qərənfil Dünyaminqızı, araşdırmaçı, BDU-nun jurnalistika fakültəsinin dosenti: “Bu cür naməlum qalan imzalara ən çox cümhuriyyət dövrü mətbuatında rast gəlinir. Doğrudur, onların arasında elələri var ki, mətbuat tarixinin üzdə olan simaları ilə müqayisədə çox az fəaliyyətdə olublar. Amma elə xadimlər də var ki, onlar az qala klassiklər qədər iş görüblər. Çox təəssüflər olsun ki, onların adı bu gün o qədər də çox hallanmır. Fərhad Ağazadə, Məmmədtağı Sidqi, elə Ömər Faiqin özünü bu sıraya daxil edə bilərik”.
Tahir Aydınoğlu, araşdırmaçı-jurnalist: “Təəssüf ki, mətbuat tariximizə nəzər salanda bir çox unudulmuş, kölgədə qalmış, xidmətləri hələ də üzə çıxarılmamış adlara rast gəlirik. Elə ilk qəzetimiz “Əkiniçi”ni götürürüksə, Həsən bəy Zərdabiyə bu qəzetin çapında, yayılmasında kömək edən insanlar olub. Onlardan ikisinin adı mətbuat tariximizə bir cümlə ilə düşür: Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani. Onlar hər ikisi Bakı realnı gimnaziyasında Zərdabinin sevimli tələbələri idi. Hər ikisi “Əkinçi” qəzetində bir sıra maraqlı yazılarla çıxış edib, Həsən bəy Zərdabinin amalını, məsləkini dərindən anlayıblar. Qəzetinin poçtla yola salınmasına qədər öz müəllimlərinə kömək ediblər. Həsən bəy Zərdabinin xanımı, bizim milli ziyalı xanımlarımızın anası adlandırdığımız Hənifə xanım da qəzetin hazırlanmasında Həsən bəyə köməklik edib. “Əkinçi” bağlandıqdan sonra ərsəyə gələn “Ziyayi Qafqaziyə”, “Kəşkül”, Ünsizadə qardaşları, Kamal, Cəlal, Səid qardaşlarının xidmətləri bir cümlə ilə mətbuat tarixinə yazılıb. Onların fəaliyyəti, qəzetləri ortaya çıxarmaq prosesi kifayət qədər öyrənilməyib”.
Aygün Əzimova, araşdırmaçı, BDU-nun jurnalistika fakültəsinin baş müəllimi: “İlk növbədə cümhuriyyət dövrünün böyük şairi və publisisti Əli Yusifi göstərə bilərik. Mirzəbala Məmmədzadə araşdırılsa da, onun publisistik fəaliyyəti o qədər də qabardılmayıb. M. Məmmədzadənin məqalələrinin cəmi bir neçəsi bizlərə tanışdır. Onun haqqında bildiklərimiz əsasən mühacirət zamanı milli-maarifləndirici mübarizə və ictimai təşkilati işlərdir. Ən az öyrənilən vacib şəxsiyyətlərdən biri də Xəlil İbrahimdir. Onun haqqında demək olar heç nə yazılmayıb”.
Elmin Nuri , modern.az
Akif Aşırlı Səffət Zərdabi haqqında genish araşdırmalar aparıb. Səffət Zərdabi Turkiyədə muhacir həyatı yaşayıb. Amma Səttar Zərdabi haqqında birinci dəfədirki eşidirəm. Zərdabinin Səttar adlı oğlu olubmu?
Comments are closed.