Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə başa çatıb. “İsveçin Stokholm və Türkiyə Respublikasının Ankara şəhərlərindəki universitetlərdə Qarabağ informasiya guşəsinin yaradılması” adlı layhə çərçivəsində bir sıra görüşlər, tədbirlər təşkil olunub, konfranslar keçirilib. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasın Zerdab.com-a verdiyi məlumata görə, layihənin həyata keçirilməsində məqsəd xarici ölkələrin gəncləri ilə canlı təmas quraraq Azərbaycan və Türk dünyasının uzun illərdir başına gətirilən müsibətlərin onlara çatdırılması və hər bir ölkədə Qarabağın azadlığı üçün sadə vətəndaşlardan ibarət dayaq nöqtəsi yaratmaqdır: “Bu məqsədlə Türkiyədə və digər xarici ölkələrdə Azərbaycan həqiqətlərinin Qarabağın tarixini əks etdirən konfranslar və tarixi sərgilər keçirilməsi əsas məqsədimizdir. Qarabağın qədim Azərbaycan torpağı olduğunu sübut edəcək minlərlə faktların hər yerdə nümayiş etdirilməsi çox vacibdir. Bu məqsədlə biz Kayseri şəhərində Erciyes Universitetində görüş keçirdik, Qarabağla, Azərbaycan tarixi ilə bağlı guşənin açılışı oldu”.
R. Abbasın sözlərinə görə, bu mövzu ilə bağlı Türkiyə telekanallarında yayımlanan verilişlərin də qonağı olublar. Bundan başqa, Türkiyə Böyük Millət Məclisinin üzvləri – millət vəkilləri Koray Aydın, Sinan Oğan, Ruhsar Dəmirəl və Yusuf Halacoğlu ilə də görüş olub: “Görüşdə Azərbaycan və Qarabağ həqiqətləri ilə bağlı beynəlxalq konfrasın, tarixi sərgilərin Avropada keçirilməsi və digər layihələrin həyata keçirilməsi haqda danışıqlar aparıldı”.
Layihə çərçivəsində həmçinin Türkiyənin Ankara şəhərində Türkiyə Orta Şərq İdarəçilik İnstitutunda Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş “Azərbaycanın işğal altında saxlanan torpaqları” adlı elmi konfrans və tarixi materiallardan ibarət sərgi təşkil edilib.
Zerdab.com