Jalə Əliyeva: “Prezidentin sərəncamı Zərdabiyə layiq olduğu dəyəri vermək idi”

1
44
ZerdabiDünən Beynəlxalq Mətbuat Mərkəzində aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas alim Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib: “Çox az insanlar var ki, onlar xalqın xalq kimi inkişafında mühüm rol oynasın. Zərdabi də məhz belə insanlardan idi. Bu kitab da Zərdabiyə həsr olub. Onun ailəsinə və şəcərəsinə həsr olunub. Onun kimi şəxsiyyətlər hər bir xalqa hörmət və şöhrət gətirir, mənsub olduğu milləti dünyada tanıdır. Bu kitabda da müəllifin illərlə apardığı tədqiqatlar nəticəsində ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib olunub”.

Kitabın müəllifi Eldəniz Həsənov bu monoqrafiyanın hazırlanmasında ona yaxından kömək edən hər kəsə minnətdarlığını bildirərək vurğulayıb ki, Həsən bəy Zərdabinin nəslindən olan Böyükkişi bəy də ilk dəfə olaraq hazırlanan nəsil şəcərəsində ona yaxından kömək edib: “İki il bundan əvvəl “Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist Sona Vəliyeva mənə dedi ki, siz Həsən bəy Zərdabi irsinin tədqiqatçılarındansınız, amma indiyədək mən bu böyük şəxsiyyətin anası haqqında geniş bir araşdırmaya rast gəlməmişəm. Bu məsələ məni daha geniş formada araşdırmalar aparmağa sövq etdi. Axtarışlarımı nəinki Azərbaycanda, hətta bir sıra ölkələrdə, arxivlərdə davam etdirdim. Nəticədə belə bir əsərin oxuculara təqdim edilməsinə müvəffəq oldum. Bu kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə təşəkkür etmək lazımdır ki, onların sayəsində bu gün belə bir kitabı Zərdabi sevərlərə təqdim edə bilirik”.

“Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist, kitabın rəyçilərindən olan Sona Vəliyeva bildirib ki, zaman keçir, dövr dəyişir, amma Həsən bəy Zərdabi irsinə münasibət dəyişmir. Ona görə ki, onun Azərbaycan xalqının rifahı, tərəqqisi naminə gördüyü işlər danılmazdır: “İnsanlar bu kitabla tanış olduqca çox bilmədiklərini öyrənəcəklər. Zərdabi böyük şəxsiyyətdir. O hər zaman deyib ki, çəkicinizi, zindanınızı saxlayın və övladlarınızı oxudun. O, ilk xeyriyyə cəmiyyəti yaradan, məktəb açan, qəzet yaradan insan olub. Maariflənməyə böyük önəm verən insan haqqında bu kitab azdır. Həsən bəy Zərdabi irsi növbəti illərdə daha da geniş şəkildə oxuculara təqdim olunacaq”.

Deputat eyni zamanda kitabın redaktorlarından olan Jalə Əliyevanın sözlərinə görə, kitab ərsəyə gələnə kimi müəlliflə müzakirələr daimi olaraq davam edib və bu kitab çox böyük əziyyətin bəhrəsidir: “Bundan 2 il əvvəl Zərdabinin 170 illiyinin keçirilməsi, onun adını daşıyan küçənin, muzeyin bərpa edilməsi haqqında ölkə prezidentinin sərəncamı Zərdabiyə layiq olduğu dəyəri vermək idi. Biz ümid edirik ki, bu kitab sonuncu olmasın və ömrünü xalqına həsr eləmiş insanlar haqqında da bu cür kitablar yazılsın. Bu kitab sadə kitab deyil. Zərdabinin şəcərəsini və ətrafını izah edən və çox böyük əziyyət sərf edilən kitabdır və bu cür kitabların ardının gəlməsini də ümid edirik”.

Tədbirin sonunda kitabın müəllifi Eldəniz Həsənova “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplom təqdim edilib.

Qeyd edək ki, tədbirdə “Kaspi” qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ölkənin tanınmış alim və ziyalıları, kütləvi informasiya vasitələrinin rəhbərləri, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələri iştirak ediblər.

Günay RAMİZQIZI, “Ekspress” qəzeti

1 comment

  1. H.B.Zərdabinin 170 illiyinin keçirilməsi ilə bağlı ölkə prezidentimizin sərəncamı xanım deputatımız Jalə Əliyevanın ifadəsi ilə desək həqiqətən də ” Zərdabiyə layiq olduğu dəyəri vermək idi . ” Üstündən 2 il ötməsinə baxmayaraq həmin sərəncama görə yaşadığım sevinc duyğuları məni hələ də tərk etməyib.

Comments are closed.