Şuşa sakini Zerdab.com-a məktub yazdı

4
43

 

Sitarə ana
Sitarə ana nəvəsi Hicranla

Zərdabda məskunlaşan Şuşa sakini yazır:

Zerdab.com-un yaradıcısı Nicat İntiqama məktub!

Əziz Nicat İntiqam! Sizi çox istedadlı bir jurnalist, Zərdabi yurdunun təəssübkeş övladı, gözəl qələm sahibi kimi Zərdabda məskunlaşan Şuşa sakinləri adından salamlayıram və bu Ramazan günlərində Sizə duaçıyam. Əvvəlcə onu demək istəyirəm ki, 22 il əvvəl erməni təcavüzünə məruz qalmış doğma Şuşamız uğrunda döyüşlərdə 195 nəfər Azərbaycan övladı şəhid oldu. 165 nəfər yaralandı. Həmin yaralılardan biri də mənim həyat yoldaşım Misir Əliyev idi. O vaxt yaralı həyat yoldaşımı Zərdabdakı mərkəzi xəstəxanaya göndərdilər.

Ağır döyüşlərdə böyük itkilər verdik, düşmənə zərbələr vurduq. Amma son nəticədə Şuşa rusların köməyi ilə Ermənistan tərəfindən işğal olundu. Biz ailəliklə Zərdabda məcburi köçkün kimi yerləşdik. Şuşa döyüşlərində ağır yaralanan həyat yoldaşım az sonra Zərdabda vəfat etdi və biz onu burada – Gəlmə qəbirstanlığında dəfn etdik. Artıq 22 ildir ki, Zərdabdayıq. Burada oğlum, gəlinim, qızlarım və nəvələrimlə birgə məcburi köçkün həyatı yaşayırıq. Özüm və oğlum II qrup əlilik. Şuşa həsrətini qəlbimizdə yaşada-yaşada Zərdabı ikinci ana vətən bilirik. Burada çox doğmalıq görmüşük və hətta bəzən bu doğmalıq münasibətindən kövrəlmişik də… Həmin anları yaşamağımıza səbəb olan əziz insanlardan biri də sizsiniz. Yadımdadır, 2013-cü ilin may ayında-Şuşanın işğalı günləri ərəfəsində mənə ünvanlanan belə bir məqalə yayımlamışdınız – “Gözəl söz ehsandır və yaxud şuşalı anaya məktub”. Həmin şuşalı ana mənəm. Ancaq öz kompyuterimiz olmadığına görə Tərlan Abdullayevanın hazırladığı o məktubu bir qədər gec oxudum. Yazı mənə çox güclü təsir etdi, gözlərim yaşardı, Şuşa həsrətim dilə gəldi –Vətən deyə kədərli bayatılar söyləyib ürəyimi sakitləşdirdim. Məndə təskinlik duyğusu yarandı. Tərlan xanımla görüşdüm. Ona bu yazıya görə minnətdarlıq etmək istəyirdim. Amma “Əkinçi” qəzetinin müxbiri Tərlan Abdullayeva mənə bildirdi ki, hazırladığım bu yazımın Zerdab.com-da yayımlanmasına görə o özü də sizə minnətdardır. Üstündən bir qədər keçdi. Bu dəfə 2014-cü ilin martında mənim 75 yaşım tamam olanda yenə haqqımda çox gözəl, çox da ürəyimə yatan bir məqalə yayımladınız. Həmin yazının da müəllifi əziz Tərlan xanım idi. Qərara gəldim ki, mənim haqqımda hazırlanan belə dəyərli yazıları saytınızda yayımladığınız üçün Zerdab.com-un kollektivinə minnətdarlıq etmək vacibdir. Əziz Nicat balam, biz şuşalılar həm də gözəl söz aşiqiyik. Ona görə də qızım Nüşabədən xahiş etdim ki, bu məktubumu yazmaqda mənə kömək etsin. Və birləşib ana-qız Sizə minnətdarlıq etmək üçün bu məktubu yazdıq. Məktubumuzu ona görə bu ərəfəyə saldıq ki, qarşıdan 22 iyul Milli Mətbuat Günü gəlir. Sizi peşə bayramınız münasibəti ilə ailəmiz adından ürəkdən təbrik edərək bu çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Sizlərə böyük hörmətlə: Zərdabda məskunlaşan Şuşa sakini SİTARƏ ƏLİYEVA.

P.S. Zerdab.com saytının kollektivi olaraq biz də Sitarə anamıza təşəkkür edirik. Bizim üçün ən dəyərli olan səmimi edilən dualardır. Dualarınıza ehtiyacımız var, Sitarə ana. Allahdan sizlərə və əzizlərinizə uzun ömür, cansağlığı, könül xoşluğu və Şuşanın azad olduğu günü görməyi arzulayırıq. Allah qismət eləsin ki, bir gün Tərlan xanımla birgə Şuşada sizlərin qonağınız olaq. Amin.

4 ŞƏRH

  1. Zərdabda məskunlaşan Şuşa sakini Nüşabə Əliyeva:
    Salam çox hörmətli əziz Nicat İntiqam, mən bu məktubun sahibi Sitarə Əliyevanın qızıyam.Anamın salam-dualarını Sizə yetirməklə O böyük Allahdan Sizə xeyirli və bərəkətli ömür arzulayıram.İlahinin qismətinə bax ki, bu gün yayımlanan yazının sorağını mənə bir tanışım xəbər verdi. Üstəlik də dedi ki, Sitarə ana haqqında məqalə hazırlayan Tərlan Abdullayeva üçün Nicat İntiqam yazaraq təklif edib ki ,Tərlan xanıma “Əməkdar jurnalist” adı verilsin.Bu xəbəri anama dedim. İnanın o qədər sevindi ki , qorxdum şəkəri qalxa. Allaha şükür ki , sevincdən səhhətində problem yaranmadı. Sizin Tərlan xanım haqqında olan bu təklifinizi çox dəstəklədi və Sizə dualar etdi. Buna görə də ailəmiz adından Sizə təkrar minnətdarıq.Allah ürəyinizə görə versin!

  2. Nüşabə xanım, Sizi de salamlayıram. Dualarımız qarşılıqlıdır. Allah Sizleri hemişe sevindirsin. Terlan xanımla bağlı teklife gelince, rayonlardan “Emekdar jurnalist” adı alan jurnalistlerin sayı kifayet qederdir. Zerdabımızdan da olar inşallah. Terlan xanımı şexsen men bu ada layiq deyerli jurnalistlerimizden biri hesab edirem. Uğurlar, hamınıza.

  3. Hörmətli Nicat bəy !Bu bayram ərəfəsində Sizi təkrar təbrik edirəm. Sitarə ananın Sizə ünvanlanmış bu məktubu çox təsirlidir.Oxuyub kövrəldim.Onu da xüsusi qeyd edim ki , Tərlan xanımla bağlı təklifinizi mən də dəstəkləyirəm.”Əkinçi”qəzetinin müxbiri Tərlan Abdullayeva həqiqətən də “Əməkdar jurnalist” adına layiq bir xanımdır.Allah qismət eləsin , inşəllah.

  4. Çox-çox sağ olun , hörmətli Nicat İntiqam ! Bilmirəm , öz minnətdarlıq duyğularımı necə ifadə edim ki , Sizin mənimlə bağlı bu dəyərli təklifinizə cavab ola bilsin.Allah Sizdən razı olsun !

Comments are closed.