“Zərdabda təhsilin yüksəldilməsi üçün işlər görülür”

0
48
Jalə Əliyeva
Jalə Əliyeva. Milli Məclisin deputatı,
Filiologiya elimləri doktoru, BDU-nun professoru.

“Əvvəla, Zərdabda 10 il bundan əvvəllə müqayisədə qəbulda xeyli yüksəliş olub. Ötən il, ondan əvvəlki il 600-dən çox bal toplayan abituriyentlərimiz olub. Amma builki nəticə əlbəttə ki, Məleykə Abbaszadənin də qeyd etdiyi kimi həyəcanvericidir”. Bunu Modern.az-a açıqlamasında Zərdab rayonunun deputatı Jalə Əliyeva deyib.
“Şəxsi qənaətimə görə, aşağı nəticənin səbəbləri bunlardır: rayonlarda, xüsusilə, ucqar rayonlarda, kəndlərdə bəzən mütəxəssis çatışmazlığı, müəllimlərin yeni sistemə tam uyğunlaşa bilməmələri, müəllimlərin təkmilləşmə kurslarına mütləq ehtiyaclarının olması, ixtisas seçimindən asılı olmadan mütləq hər bir şagirdin riyaziyyat və ana dilindən imtahan verməsi. Çünki bu qayda (ixtisas seçimindən asılı olmadan mütləq hər bir şagirdin riyaziyyat və ana dilindən imtahan verməsi) son illərdə tətbiq edilir. Təzə olduğuna görə uşaqlarda bir az çaşbaşlıq yaratdı. Ona görə ki, uzun illər müəyyən bir ixtisasa məsələn, tibb elmlərinə hazırlaşan uşaq birdən-birə ana-dili, riyaziyyatdan da imtahan verməlidir. Bu uşağa əlavə yük olur. Təbii ki, gəncdirsə, ölkənin gələcəyidirsə, mütləq bu sahələri bilməlidir. Amma bu yeni qaydalarda keçid dövründə olduğumuz üçün mütləq uşaqların nəticələrinə indi göstərdiyi kimi öz təsirini göstərir”.
J. Əliyevanın sözlərinə görə, Zərdabda təhsilin yüksəldilməsi üçün işlər görülür: “Hər halda araşdırılacaq və müəyyən bir nəticələrə gəlinəcək. Amma ümumilikdə rayonda təhsilin yüksəldilməsi üçün rayon rəhbərliyi səviyyəsində də davamlı olaraq tədbirlər görülür, davamlı tapşırıqlar verilir, müəllimlər, məktəb direktorları qarşısına çox böyük tələblər qoyulur”.

modern.az