Ölüm mövzusu dilxorçuluq yaratsa da bu barədə hərdən xatırlatma etmək gərəkdir. Ona görə ki, yolunu azan, harınlayan, quduran bəlkə bir az çalxalana. Qan, can, cib soran fasilə verə, ölüm deyilən bir finalın olduğunu başa düşə. Deyirlər ki, sonunu fikirləşən qəhrəman ola bilməz. Amma bu zamanda qəhrəman olmaq üçün “içi gedən” də yoxdur, amma pul üçün nəslini, ailəsini satan çoxdur.
Hansısa filosof belə bir fikir söyləyib. İnsanlar üçün iki şey maraqlıdır, biri pul, biri də ölüm. İnandırıram ki sizi, camaatın ikinci məsələ üçün hər hansı variantı belə yoxdur. Pul üçün pullusu da vuruşur, pulsuzu da. Yəni, harda, nə vaxt, necə “öldürən”ə meydan oxuyurlar.
Sadə adamın ölümü yalnız yaxınları, doğmaları üçün ağır itkidir. Lap 80-90 yaşlı yaxınını itirən üçün də bu belədir. Tanınmış insanın bu dünyadan getməsi isə hamı üçün maraqlıdı, ya goruna söyürlər, ya da təəssüf edirlər. Baxır həmin adamın sağlığındakı insanlığına. Bir də var, məmur, istər yüksək, istərsə də “alçaq” rütbəlisinin bu dünyadan getməsinə. Kiminsə ölümünü arzulamaq kimi başa düşülməsin, əstəğfürullah, amma hamımız ölümə sarı gedirik. Ölümün də yaxşısı, qiymətlisi, şərəflisi var. Öz doğmaca döşəyində can vermək də xoşbəxtlikdir. Xəstəlikdənmi, qəflətənmi, vaxtındamı, nakammı. Həmin döşək xalis yundan ola bilər, ya sintepondan, üzü, astarı bahalı da olar, ya sadəsindən, dəxli yoxdur. Təki döşəyində Allah qarşısında imtahana çəkiləsən. Zamanında yetim başı sığallayıb, çörək verib, ev quran olmusanmı? Əlindən pislikdən başqa heç nə gəlməyənin vay halına. Bu imtahan üçün neçə adamın cəsarəti var görəsən? Neçə məmur öz “pullu” ölümünü qabaqcadan təşkil edə bilər ki? Bu pulu pul üstünə, maşını maşın üstünə yığmaq sənəti deyil. Olmağın, bir gün ölməyi də var. Və deyəsən çoxuna elə gəlir ki, onlar əbədidi.
Deyirlər, dünyanın ən kasıb prezidenti Uruqvayınkıdır. 78 yaşlı Xose Alberto Muxika bu yaşında aldığı 12500 dollarlıq məvacibinin yalnız 1250 dollarını özünə saxlayır. Qalanını kasıb, imkansıza dağıdır. Kişidə sadəliyə bax ki, öz iqamətgahını qoyub, kənddə yaşayır. Nə bank hesabları var, nə də saysız bahalı maşını. Başqa sözlə, kişi gecələr rahat yatır, nə vicdanından qorxur, nə də oğurlanası var-dövlətindən. “Belə prezident olar” deyənlərə bir cavabım var. Axı niyə olmaz? Heç prezident də yox, nazir olsun sadə olmağın nəyi pisdir ki? Hamı səndən razı, haqqında xoş danışırlar. Yetərincə pulun, imkanın var, “gözün kəsilsin” deyə qarğış yiyəsi deyilsən. Yoxsa ki, on illə nazir ol, səni heç tanımasınlar da. Bu artıq rüsvayçılıqdır. Beləsi öz döşəyində ölsə belə, ona hamı rəhmət deyərmi, çətin məsələdir.
Vəzifə elə bir azardır ki, bir gecədə adamı insanlıqdan çıxara bilər, ölümünü unutdurar. Axı bundan ötrü özündən “böyük” qarşısında ikiqat əyilməyə, alçalmağa gərək yoxdur. Yaşlı-başlı adamsan, özünə gəl, vaxtın olsa bir öləcəyin barədə də fikirləş.
Raminə Eyvazqızı, qafqazinfo.az