Zərdabda möhtəşəm tədbir keçirildi – FOTOLAR

0
47

ZərdabMüdafiə Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

Bu günlərdə respublikanın bütün şəhər və rayonlarında, Silahlı Qüvvələrin Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə və hərbi hissələrində böyük qələbəlik vardır. Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələr uğurla həyata keçirilir.

Müdafiə Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənə xidmətə görə sağ ol!” devizi altında təşkil olunan təntənəli mərasim yeni ənənə olmaqla yanaşı, həm də ordu ilə xalqın monolit birliyinin təntənəsinə çevrilmişdir.

Tədbir iştirakçıları, qonaqlar, ordudan ehtiyata buraxılan hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin nümayəndələri əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad etdilər. Heydər Əliyev Mərkəzinin geniş ekspozisiyası ilə tanışlıq oldu. 1941-1945-ci illər Böyük Vətən müharibəsində, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirə kompleksləri, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidəsi ziyarət edildi.

Bayramsayağı bəzədilmiş Heydər Əliyev parkının konsert-tamaşa meydanında təntənəli mərasim açıq elan edildi. Bütün iştirakçılar Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev qonaqları və tədbir iştirakçılarını zərdablılar adından salamlayaraq qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü rəhbərliyi altında günü-gündən tərəqqi və inkişaf edən doğma Azərbaycanımızın bir parçası olan Zərdabi yurdu da bu günlər şadlıq və sevinc içərisindədir.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Fransada Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı beynəlxalq aləmdə müsbət mənada böyük rezonans yaradan, xarici ölkələrin mətbuat səhifələrində geniş yer alan son dərəcə cəsarətli, kəsərli və müdrik çıxışı bütün xalqımız kimi zərdablıların da ürəyincə olmuşdur. Cənab Prezidentin real həqiqəti əks etdirən çıxışı riyakar, böhtançı və məkrli erməni siyasətinin, xalqımıza və dövlətimizə düşmən mövqedə dayanan bir qrup qüvvələrin bel sütununu sındırmışdır.

Ölkə rəhbərinin bu qətiyyətli çıxışı bir daha sübut etdi ki, məhz onun rəhbərliyi, Ali Baş Komandanlığı ilə tezliklə ədalət zəfər çalacaq, işğalda olan torpaqlarımız azad ediləcək və bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır.

Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal edilən ölkəmizin hər yerində olduğu kimi Zərdabda da vətəndaşların, xüsusilə də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə ciddi fikir verildiyini vurğulayan icra başçısı daha sonra bildirdi ki, zərdablı gənclər də Azərbaycan Silahlı Qüvvələrində öz əsgəri borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. İndi Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində onlarla zərdablı gənc təhsil alır. Son vaxtlarda 100-ə yaxın həqiqi hərbi xidmət keçmiş gəncimiz müddətdən artıq hərbi xidmət etmək üçün yenidən orduya qayıtmışdır.

Təkcə Zərdab rayonundan torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə 130-dan çox gənc şəhid, 104 nəfər isə əlil olmuşdur.

Ölümündən sonra rayonun Gödəkqobu kənd sakini Zeyqəm Aslanov “Azərbaycan bayrağı ordeni” və “Hərbi xidmətlərə görə medalı” ilə, Bıçaqçı kənd sakini, Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi qəhrəman  Məlik Məhərrəmovun həmkəndlisi Müşfiq Hacıyev və Hüseynxanlı kənd sakini Nurəmir Əliyev “Hərbi Xidmətlərə görə” medalı ilə təltif olunmuşlar.

Rayon rəhbərliyi tərəfindən həm onlara, həm də Böyük Vətən müharibəsi veteranlarına daim diqqət və qayğı göstərilir. Son illərdə 60-dan çox şəhid ailəsi və Qarabağ əlili evlə təmin olunmuşdur. Ölkə başçısı tərəfindən 34 nəfərə minik avtomobili verilmişdir ki, onlardan da 13 nəfəri Böyük Vətən müharibəsi, qalanları isə Qarabağ döyüşlərinin qaziləridir.

Gəlmə kənd tam orta məktəbinin “Cəsurlar” komandası 2-ci dəfədir ki, hərbi idman və turizm yarışlarının respublika final mərhələsində birincilik qazanır.

Daha sonra İcra başçısı qeyd etdi ki, Böyük Vətən Müharibəsi illərində də zərdablılar həm ön, həm də arxa cəbhədə fəallıq göstərmişlər. Cəbhəyə gedən 3000 nəfər zərdablının yarıdan çoxu həlak olmuş, itkin düşmüşdür. Yüzlərlə zərdablı keçmiş Sovetlər İttifaqının orden-medalları ilə təltif olunmuş, Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı, Muradalı Heydərov isə “Şöhrət” ordeninin hər 3 dərəcəsinə layiq görülmüşdür.

Zərdab əməkçiləri qazandıqları əmək nailiyyətlərinə görə dəfələrlə Ali Baş Komandan, Sovet İttifaqı marşalı İosif Stalinin təşəkkürünə layiq görülmüşdür.

Bu gün də zərdablılar öz övladlarını vətənin müdafiəsinə böyük həvəslə yola salır, arxa cəbhədə fədakarlıqlar göstərirlər. Zərdablılar yaxşı bilirlər ki, ön cəbhədə qələbənin əldə olunmasının əsas şərtlərindən biri də arxa cəbhənin fəallığı, daim ön cəbhədəki əsgərin qayğıları ilə yaşamasındadır.

Şair çox gözəl deyib: “Çörək bol olarsa, basılmaz Vətən!”. Bu il də zərdablılar bir çox sahələrdə olduğu kimi taxılçılıq sahəsində də rekord nəticələr qazanmış, hər hektardan 27 sentnerdən çox məhsul toplamışlar. Ən fərəhli hal isə odur ki, zərdablılar bu ilin taxılından hazırlanmış ilk çörəklə müddətli həqiqi hərbi xidmətini başa vurmuş övladlarını qarşılayırlar. Bu rəmzi mənadır. Ön səngərdəki övladlarımız Vətən keşiyində ayıq-sayıq dayanaraq torpaqlarımızı yağılardan qoruyur, arxa cəbhənin əməkçiləri isə əkib-becərir, bolluq yaradırlar.

Tədbirin ideya müəllifi, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani isə öz çıxışında son vaxtlarda Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlardan, ordu quruculuğu sahəsindəki yeniliklərdən, Milli Ordumuzun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsi, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi, şəhid və əsgər ailələrinə diqqət və qayğıdan danışdı. Polkovnik qeyd etdi ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusudur və Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır. Ordu quruculuğu məsələləri Ali Baş Komandanımızın Prezident kimi fəaliyyətinin əsas prioritetidir. Azərbaycan ordusu cənab İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunmuşdur. Zərdab rayonunda keçirilən bu möhtəşəm tədbirə gəldikdə isə, bunun çox böyük əhəmiyyəti vardır. İlk dəfədir ki, xidmətini başa vurmuş hərbi qulluqçular bir yerə toplaşır, ictimaiyyətlə görüşür, işlə təmin edilir, onların şərəfinə təntənə qurulur və mükafatlandırılaraq onlara şərəfli xidmətlərinə görə çox sağ ol deyirlər. Bu, həm xidmətdə olan, həm də xidmətə hazırlaşan gənclərimiz, eləcə də əsgər valideynləri üçün gözəl bir minnətdarlıq nümunəsidir.

A.Qurbaninin şeirləri əsasında hazırlanmış “Vətən, sənin əsgərinəm” ədəbi-etnoqrafik kompozisiyadan sonra ehtiyata buraxılmış hərbi qulluqçular meydana dəvət olundular. Onlar builki taxılın unundan bişirilmiş çörəklə qarşılandı. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və İcra başçısı Lütvəli Babayevin adından onlara hədiyyə və təşəkkür məktubları təqdim edildi.

Tədbirə Böyük Vətən müharibəsi əsgərinin qiyafəsində gəlmiş kavaler ordenli Muradalı baba cavanlığını, müharibədən qayıtdığı günləri xatırlayaraq kövrəldi və əsgər nəvələri təbrik etdi.

Hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər bir-birini əvəz etdi.

Cəbhə bölgələrindəki hərbi hissələrdə xidmət etmiş Natiq Alcanov, Firudin Abdullayev, Pərviz Qəhrəmanlı və başqaları fəxrlə danışaraq qeyd etdilər ki, biz həqiqi hərbi xidmət müddətimizi başa vurmuşuq. Ancaq həmişə Vətənin əsgəriyik və hər zaman Ali Baş Komandanın əmrlərinə hazırıq. Qarabağ uğrunda müharibənin ikinci mərhələsində biz yenə də ön səngərdə olacaq, şəhidlərimizin intiqamını alacağıq.

Əsgər valideynləri çıxış edərək Azərbaycan ordusunda övladlarının xidmət keçməsi üçün hər cür şərait yaratdıqlarına görə ölkə rəhbərinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, komandir və rəislərə minnətdarlıqlarını bildirdilər.

Şəhid Müşfiqin atası Zabit Hacıyev öz çıxışında Vətən uğrunda şəhid olanların ailələrinə daim diqqət və qayğı göstərildiyini vurğulayaraq “Təki Vətən sağ olsun!”, – dedi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zərdab rayon bölməsinin rəisi, polkovnik-leytenant Elşən Həsənov çıxışında bildirdi ki, Prezident sərəncamı ilə artıq 55 nəfər zərdablı ordudan ehtiyata buraxılmış, 50 nəfərə yaxın gənc müddətli həqiqi hərbi xidmətə yola salınmış və çağırış bu gün də uğurla davam etdirilməkdədir.

“Vağzalı” sədaları altında tamaşa meydanına dəvət olunan həqiqi hərbi xidmətini yenicə başa vurmuş Bıçaqçı kənd sakini Şıxməmmədov Qüdrətlə həmkəndlisi Cəmilə xanımın nikahlarının təntənəli qeydiyyatı bütün tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Rayon ağsaqqalları onlara xeyir-dua verərək, xoşbəxtlik arzuladılar.

Hərbi marşın sədaları altında meydana daxil olan müddətli həqiqi hərbi xidmətə yollanacaq bir qrup gənc rayon rəhbərliyi tərəfindən mükafatlandırılaraq onlara gələcək əsgər həyatlarında uğurlar arzulandı. Orxan Həsənzadə, Camal Əlizadə söz verdilər ki, onlar həmyerlilərinin etimadını doğruldaraq Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanacaqlar. Onlar hərbi orkestrin ifa etdiyi marş və tədbir iştirakçılarının alqışları altında həqiqi hərbi xidmətə yola düşdülər.

“Vətənə xidmətə görə sağ ol!” devizi altında keçirilən tədbir Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının rəngarəng konsert proqramı ilə davam etdirildi.

Mərasimin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tədbirin təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və təşkilatçılara rayon ictimaiyyəti adından minnətdarlığını bildirdi.

 Zərdab Rayon İcra HakimiyyətiZərdab Zərdab Zərdab Zərdab Zərdab Zərdab Zərdab Zərdab Zərdab Zərdab