Allah qonşularımıza kömək etməyi əmr edir

7
80

kənd evi“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, yolçuya, əlinizin altında olana yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!   (ən-Nisa, 4/36)

İnsan yaradılışına və ehtiyaclarına görə cəmiyyət içərisində yaşamağa məcbur olan bir varlıqdır. Heç bir şeyə ehtiyacı olmayan yeganə varlıq Allahdır. İnsanlar bir-birinə möhtac yaradılmışdır. İnsanlar müxtəlif baxımlardan fərqli səviyyə və mövqelərdə olurlar. Maddi cəhətdən imkanı olanlara zəkat, fitrə, sədəqə və s. ibadətlərin əmr edilməsi, cəmiyyətdə kasıblarla varlılar arasında sevginin təmin edilməsi nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Çünki imtahan yeri olan bu dünyada demək olar ki, hər an çətinlik və porblemlərlə üzləşirik və heç kim bunların öhdəsindən təkbaşına gələ bilmir.

Ailəmiz və qohum-əqrəbamızdan sonra problemlərimizin həll edilməsində kömək istəyəcəyimiz ən yaxın adamlarımız qonşularımızdır. Buna görə də yuxarıda verilən ayədə hər bir insanın yaxın və uzaq qonşularına yaxşılıq etməsi əmr edilmişdir. Dinimiz İslam beləliklə, həyatımızın qaçılmaz bir parçası olan qonşuluğun əhəmiyyətinə xüsusi diqqət çəkmiş və qonşuluq münasibətlərinə dair mühüm qaydalar qoymuşdur. Qurani-Kərim uca Yaradana ibadət etməklə bərabər, başda ata-anamız olmaqla cəmiyyətin digər üzvləri ilə yanaşı qonşularımızla da yaxşı dolanmağı bir vəzifə olaraq vurğulamışdır. Bu baxımdan qonşularımıza yaxşılıq etmək, sevinc və kədərini bölüşmək, onun törətdiyi bəzi problemlərə səbir etmək, bunlara alicənablıqla yanaşmaq dinimizin əmridir. İşin bir tərəfi belə ikən, digər tərəfdən qonşuluq münasibətlərində daha diqqətli olmaq, bir-birimizin haqq və hüquqlarına hörmət etmək əhəmiyyət kəsb edir. Xususən də böyük şəhərlərdə bu daha da vacibdir. Belə ki, binalarda yaşayan qonşuların bir-birini tanımadığı, salamlaşmaların keçmiş dövrlərə nisbətən azaldığı, kədərli və xoşbəxt günlərdəki hisslərin qonşularla bölüşülmədiyi müşahidə edilir. Halbuki, üst mərtəbədə yaşayan bir qonşunun cənazəsindən alt mərtəbədə yaşayan qonşunun xəbəri yoxdursa, biz oturub bu barədə ciddi düşünməliyik. Bir-birinə kömək etmək işini yalnız maddiyyat və pul ilə məhdudlaşdırmaq da doğru deyil. İnsanlara mənəvi cəhətdən komək etmək mümkündür. Ailələr arasındakı ünsiyyəti, onların bir-birini təbrik və ziyarət etməsini bu cür dəyərləndirmək lazımdır. İctimai həyatın qayda-qanunlarına riayət etmək, ictimai yerlərin təmiz saxlanılması kimi məsələlər də qonşuluq münasibətlərində diqqət çəkilən mühüm mövzulardandır. Sözləri və nümunəvi həyatı ilə bizə həyat verən, insanlıq və ibadət şüurumuzu gücləndirən sevimli Peyğəmbərimizin (s.ə.s.) qonşuluqla əlaqəli hədisləri mıhüm işarələr ehtiva edir. Nəticə olaraq son dövrlərdə insanı insan edən dəyərlərdən uzaqlaşmağımız nəticəsində bir-birimizlə olan münasibətlərimiz zəifləməkdə, hətta yoxolma dərəcəsinə çatmaqdadır. Sanki insan cəmiyyət içərisində yalqızlaşır. Hazırda bütün Avropa bunun əziyyətini çəkir və buna görə də qonşuluq münasibətlərinin yenidən qurulması üçün bəzi fəaliyyətlərə başlamışdır. Orada ata övladından, övlad ailəsindən, qonşu qonşusundan qaçıb uzaqlaşmağa başlamışdır. Eqoistlik, fərdi və şəxsi mənfəətlər cəmiyyətə hakim olmuşdur. Bizim dinimizdə, mədəniyyətimizdə, adət- ənənəmizdə belə bir şey yoxdur, olmamalıdır. İş və dünyəviləşmənin gətirdiyi çətinlik və əziyyətləri hamımız bilirik. Lakin yenə də valideynlərə, dostlara, qonşulara vaxt ayırmağın zəruri olduğunu da unutmayaq və bu şüurla yaşayaq. Başqalarının dərdini özümüzün dərdi bilək. Bir-birimizə kömək edək və unutmayaq ki, axirət həyatında bizi yediklərimiz deyil, yedirdiklərimiz xilas edəcək, tərəzinin gözünə bunlar qoyulacaq.

www.zaman.az

7 ŞƏRH

  1. Qiyamet gunu seni qonsundan sorusacaqlar Qurani-Kerimde de yazilib.Qonsunun senin haqqinda dediyleri cox onemlidir.Bu isde senin bextin getirib rengsaz o ki var terifleyecek.Allah elesin ele olsun.Sevinerik

  2. Həqqiqətəndə Allah özünü bəyənənləri, loğalıq edənləri sevmir.Həyatda hər bir insanın dərdi-qəmi var Allah yaratdığı bəndəsinə kömək olsun. İnsanlığı – dinimizi unudmayaq.bir-birimizə kömək edək.

Comments are closed.