İsaməddin Əhmədov yazır: “Yaxşılar yaşamır, ölməli ölmür”…

1
96

ibrətMƏNİM ÇƏKDİYİMİ KİMSƏ ÇƏKMƏSİN…

Mən nələr çəkirəm zalım əlindən,

Tanrım heç bir evi belə tikməsin.

Olsun Əjdaha, ya Siçan ilindən,

Mənim çəkdiyimi kimsə çəkməsin.

***

Mənim çəkdiklərim çəkilən deyil,

Dünyanın ən ağır qatarı kimi,

Mənim çəkdiklərim artır ilbəil,

Dərdli ürəyimin qabarı kimi.

 ***

Mən çəkən sarıdı, bozdu, qaradı,

Rənglər hamısı gözümdə birdi,

Ürəyim xəstədi, canım yaradı,

Daş da, ürəyim də dözümdə birdi.

 ***

Mən elə çəkirəm, gündüz, ya gecə,

Gözlərim yol çəkir, ürəyim fikir,

Mənim çəkdiklərim məndən gizlicə,

Ağlayır, sızlayır, göz yaşı tökür.

 ***

Mən elə çəkirəm, yalan, ya doğru,

Bəndələr dərdimdən xəbərsizdilər,

Hamı da yol gedir ölümə doğru,

İnsanlar nə qədər səbirsizdilər.

 ***

Çəkirəm, bilmirəm heç adı nədi,

Bəlkə də balıqdı, bəlkə də ətdi,

Mənim gözlərimdə dünya səhnədi,

Doğum da, ölüm də bir fəlakətdi.

 ***

Görməsin daşlarda qardaşın əksin,

Tale bağçasında dərd-qəm əkməsin,

İnsan yol, siqaret, nə çəkir-çəksin,

Amma mən çəkəni kimsə çəkməsin.

 ***

Kim aça bilərsə kod-şifrəsini,

Mənim çəkdiklərim hazır filmdi,

Mən yemiş bilirəm Yer kürəsini,

Ölkələr, qurşaqlar dilim-dilimdi.

 ***

Çoxdu İsaməddin eyib, sözümdə,

Daha gülməli də gülməli olmur,

Dünya viranəyə dönür gözümdə,

Yaxşılar yaşamır, ölməli ölmür.

 

İSAMƏDDİN ƏHMƏDOV

1 comment

  1. Redaktorumuzun gozel sheirlerinden biri…Mena tutumu cox agir olan sheirdir!

Comments are closed.